Lukaşenko orduya tapşırıq verdi: Belarus müharibəyə qoşulur? - Politoloqdan açıqlama
Siyasət
10.08.2024 16:29
Belarus Ukrayna hava hədəflərini məhv etdiyini açıqlayıb. Bu barədə ölkə prezidenti Aleksandr Lukaşenko məlumat yayıb. O, bildirib ki, Ukrayna qüvvələri dünən gecə Belarusun hava məkanını pozub və buna cavab olaraq bu ölkənin havadan müdafiə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.
Məsələni TodayPress-ə şərh edən politoloq Tofiq Abbasov qeyd edib ki, Belarusun bu addımı müharibəyə qoşulması anlamına gəlmir. Belarus öz hava hüdudlarını və yerdəki quru sərhədlərininin hamısını etibarlı şəkildə qoruyub, saxlayır. Faktiki olaraq Belarus hələ ki, "qarışmama" siyasətini həyata keçirir:
“İndi Belarus özü də çaşqın vəziyyətdədir. Çünki hazırda iki slavyan xalqı bir-birini qırır. Və üçüncü slavyan xalqı da məhz Belarus özüdür. Anqlosaksların da siyasəti ondan ibarətdir ki, eyni dində, məzhəbdə və soy-kökdə olan xalqları bir-birinə vuruşdursunlar. Biz buna Gürcüstanla-Rusiya arasında gedən qarşıdurmalarda da şahidi olduq. Onların hər ikisi də pravoslav dininə mənsub xalqlar idilər. İndiki situasiyada da biz bunu müşahidə edirik. İki slavyan xalqının müharibəsinə Belarus da əlavə olunarsa, bu onu deməyə əsas verəcək ki, post-sovet məkanında vəziyyət ciddi şəkildə pozulub. Lakin unutmamalıyıq ki, Rusiya ilə Belarus güclü müttəfiqdirlər”.
Politoloqun sözlərinə görə, Qərblə Belarus arasında antaqonist münasibətlər var. Yəni onlar barışmazdırlar.
“Biz dəfələrlə gördük ki, Qərb institutları Belarusda rəngli inqilab həyata keçirmək istəyib. Nəhayət bıçaq sümüyə dirənəndə Lukaşenko avtomatını əlinə alıb çıxdı kameraların qarşısına və dedi ki, sona qədər vuruşacam. Bir sözlə, diqqətə çatdırdı ki, Qərbin "demokratiya" oyunlarına Belarus etinasız yanaşır və onu dəstəkləmir” deyə, Tofiq Abbasov əlavə edib.
Politoloq Ukrayna-Rusiya müharibəsindən də söz açıb. O, bildirib ki, bu müharibə ölüm-qalım məsələsidir.
Qeyd edək ki, Aleksandr Lukaşenko Ukrayna ilə sərhəd bölgələrində döyüş qruplarını gücləndirməklə bağlı tapşırıq verib.
Töhfə Səməd
tag: Rusiya,Lukaşenko, Belarus, Müharibə, Tofiq Abbasov, todaypress.az,