Küveytin yeni səfiri etimadnaməsini İlham Əliyevə təqdim etdi - YENİLƏNDİ - FOTO
Siyasət
10.01.2025 17:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
yanvarın 10-da Küveyt Dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Məhəmməd Feysal əl-Mutairinin etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, səfir etimadnaməsini
dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı ölkələrimiz arasında çox fəal siyasi
əlaqələrin genişləndiyini vurğulayaraq, Küveytə rəsmi səfərini məmnunluqla
xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Küveyt qardaşlıq münasibətlərinin
bundan sonra da uğurla inkişaf edəcəyəcinə əminliyini bildirdi və bunun üçün
yaxşı imkanların olduğunu dedi.
Prezident İlham Əliyev Küveytin yüksək səviyyədə
nümayəndə heyəti ilə COP29-da təmsil olunmasının və bu tədbir çərçivəsində
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah ilə görüşünü məmnunluqla
xatırladı.
Dövlət başçısı səfirə fəaliyyətində uğurlar
arzuladı.
Xoş sözlərə görə minnətdarlığını ifadə edən səfir
Azərbaycan Prezidentinin qəbulunda olmaqdan böyük fəxr hissi keçirdiyini bildirərək,
Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabahın və Küveyt Dövlətinin
Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabahın salamlarını dövlətimizin
başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Küveyt Dövlətinin Əmirinə və Vəliəhdinə
çatdırmağı xahiş etdi.
Səfir təyyarə qəzası nəticəsində həlak olanlarla
bağlı bir daha Küveyt Əmirinin başsağlığını çatdıraraq, yaralananların tezliklə
şəfa tapmasını arzuladı.
O, COP29-un yüksək səviyyədə təşkilinə
və əldə olunmuş nailiyyətlərə görə Azərbaycana və dövlətimizin başçısına təbriklərini
çatdırdı.
Söhbət zamanı siyasi münasibətlərimizin
çox yaxşı səviyyədə olması, iqtisadi, ticarət və sərmayə sahələrində əlaqələrin
inkişafı, hökumətlərarası komissiyanın iclasının keçirilməsi və iki ölkənin
Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması məmnunluqla
vurğulandı.
Azərbaycan ilə Küveytin beynəlxalq
təşkilatlar çərçivəsində yaxından əməkdaşlığına toxunuldu, ölkələrimizin daim
bir-birini dəstəklədiyi bildirilərək, bu xüsusda BMT, İslam Əməkdaşlıq Təşkilatı,
Qoşulmama Hərəkatı, OPEC+ formatında əməkdaşlıq qeyd olundu. Eyni zamanda, Azərbaycanın
Ərəb Dövlətləri Liqası və Körfəz Əməkdaşlıq Şurası ilə də əlaqələrin inkişafına
mühüm əhəmiyyət verdiyi bildirildi.
Görüşdə son dövrlərdə
qarşılıqlı turizmin və insanlararası təmasların daha da genişlənməsi məmnunluqla
qeyd olundu.
***
15.26
Prezident İlham Əliyev yanvarın 10-da Küveytin Azərbaycanda
yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Feysal əl-Mutairinin
etimadnaməsini qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə Prezidentin Mətbuat
Xidməti məlumat yayıb.
tag: İlham Əliyev, Prezident ,Küveyt, Səlahiyyət, todaypress.az,