“Kurska hücum, Kiyevin süqutu ilə nəticələnəcək” - İddialı açıqlamaya POLİTOLOQ ŞƏRHİ

Siyasət

17.08.2024 10:24

Ukraynanın Rusiyanın Kursk vilayətində başlatdığı hərbi əməliyyatlarla bağlı müxtəlif fikirlər səsləndirilir. Onlardan biri də ABŞ-dən olan hərbi analitik Mark Sleboda məxsusdur. O, iddia edir ki, Kursk bölgəsinə edilən hücum, Kiyevin süqutu ilə nəticələnəcək. 

Bəs azərbaycanlı politoloqlar bu haqda nə düşünürlər? 

Mövzu ilə əlaqədar TodayPress-ə danışan hərbi ekspert Həşim Səhrablı hesab edir ki, Rusiyanın Ukraynada öz məqsədlərinə çatması Qərbə qarşı qalib gəlməsi deməkdir. Ona görə, Qərb dairələri bütün üsullardan istifadə edəcəklər ki, bu, baş verməsin:

“Ukrayna müharibəsinin başladığı ilk günlərdə Rusiya tərəfi və ona yaxın olan dairələr Rusiya ordusunun güclü olduğunu, uzağı üç həftəyə Kiyevi nəzarət altına alacağını deyirdilər. Hətta Ukraynadakı müharibənin ilk günlərində Rusiya ordusu böyük bir batalyon şəklində Kiyev sərhədlərinə yaxınlaşmışdı. Amma irəli gedə bilmədilər. Böyük itkilərlə üzləşib geri çəkildilər. O zaman Ukrayna ordusu zəif, təcrübəsiz idi. İndi isə Rusiya daha müasir silahlarla təchiz edilmiş, peşəkar ordu ilə üzbəüzdür. Bu da onu deməyə əsas verir ki, Qərb Kiyevin işğalına imkan verməyəcək. Rusiyanın təzyiqi artdıqca Qərb ən pis halda Ukraynaya dəstəyini artıracaq, qüvvələr nisbətini bərabərləşdirməyə çalışacaq”.

Ekspertin fikrincə, Rusiya bundan sonra hücumlarının kəsərini artırıb, Ukraynada daha böyük nailiyyətlər əldə edə bilər, amma bunun Kiyevin işğalı ilə nəticələnəcəyini gözləmək sadəlövhlükdür.

Politoloq Oqtay Qasımov isə TodayPress-ə açıqlamasında bidirib ki, Ukrayna Kursk əməliyyatını müttəfiqləri ilə birgə hazırlayıb və onun icrası plana uyğun reallaşdırılıb. Onun qənaətincə, bu addım Rusiyanı danışıqlar masasında oturmağa vadar etmək üçün atılıb. Oqtay Qasımovun proqnozlarına görə, Rusiyanın Kiyevi işğal etməsi real görünmür.

Qeyd edək ki, bir müddət öncə britaniyalı siyasətçi və İrs Partiyasının lideri Devid Kurten açıqlama vermişdi ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiya regionuna müdaxiləsi Şimali Atlantika Alyansı tərəfindən bəyənilib və dəstəklənib.  O, hesab edir ki, Kiyevin planı iflasa uğrayacaq, çünki hazırda əməliyyatda iştirak edən Ukrayna əsgərləri mühasirəyə alınıb və Rusiya tərəfi əraziləri uğurla təmizləyir.

Günəş Mərd

tag: Kursk, Ukrayna, Rusiya, Atlantika, ABŞ, todaypress.az,

photo
photo