KTBB ilə AŞBMA arasında protokol imzalandı - FOTO

Siyasət

27.09.2024 17:04

Kipr Türk Bələdiyyələri Birliyi (KTBB) ilə Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyası (AŞBMA) arasında yerli idarəetmədə və müxtəlif sahələrdə əməkdaşlığı nəzərdə tutan protokol imzalanıb.  

TodayPress xəbər verir ki, Girnədəki “The Arkın Colony Hotel”də keçirilən imzalanma mərasimində Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) bələdiyyə sədrləri iştirak ediblər.   

Kipr Türk Bələdiyyələri Birliyi ilə Güzelyurt Bələdiyyə Başçısı Mahmut Özçınar və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev arasında imzalanmış protokola uyğun olaraq, iki ölkə arasında səmərəli, sistemli məsləhətləşmələr və məlumat mübadiləsinin yaradılması nəzərdə tutulub. 

Əməkdaşlıq protokoluna uyğun olaraq, KKTC və Azərbaycanın yerli hökumətləri təhsil, səhiyyə, gənclər və idman, turizm, tarixi və mədəni irsin qorunması, ətraf mühit, enerji, mədəniyyət və incəsənət, infrastruktur, texniki və humanitar sahələrdə əməkdaşlıq edəcəklər. 

Yardım, informasiya texnologiyaları və nəqliyyat kimi mövzularda əməkdaşlıq etmək məqsədilə təcrübə mübadiləsi və ekspert mübadiləsi proqramları hər iki tərəfin razılaşdırdığı layihələr çərçivəsində birlikdə həyata keçiriləcək.   

Protokola uyğun olaraq, tərəflər yerli diplomatiya yolu ilə iqtisadi, sosial və mədəni əlaqələrin həyata keçirilməsi üçün KKTC ilə Azərbaycan şəhərləri arasında qardaş şəhər əlaqələrinin qurulmasını dəstəkləyəcək və təşviq edəcəklər.  

Tərəflər yerli inkişafı təmin etmək üçün iş adamları arasında əməkdaşlığı inkişaf etdirmək məqsədilə investorlara və sahibkarlara lazımi stimul və yardımlar göstərəcəklər.

Qeyd edək ki, protokolun imzalanma mərasimində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədri və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyevlə yanaşı, Azərbaycan nümayəndə heyətindən Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Yerli inkişaf layihələri ilə iş və beynəlxalq əlaqələr şöbəsinin müdiri Əmrah İmanov, Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov, Gəncə şəhər Kəpəz bələdiyyəsinin sədri Yaşar Abdullayev və Sumqayıt bələdiyyəsinin sədri Orxan Adıgözəlov da iştirak ediblər. Sonda xatirə şəkli çəkdirilib.

tag: Kuzey Kıbrıs ,Azərbaycan ,Türkiyə ,KTBB, AŞBMA ,Protokol, todaypress.az,

photo
photo
photo
photo