Komitə sədri: "Bələdiyyələr lazımi təşəbbüs göstərmirlər"

Siyasət

21.02.2025 11:01

2378

"Yeni reallıqlar, dövrün, zamanın tələbi bələdiyyələrin üzərinə yeni vəzifələr qoyur və onlardan məsuliyyət tələb edir".

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, bəzi bələdiyyələr maliyyə imkanlarının zəifliyini səbəb göstərsə də, kifayət qədər vəsaitəyə malik olan bələdiyyələr də lazımi təşəbbüslər göstərmirlər. 

"İclaslarda da deputatlar bunu dəfələrlə səsləndiriblər. Bu tək bizim yox, eləcə də ictimaiyyətin bir tələbidir. Çünki bələdiyyə institutunun təkmilləşdirilməsinə göstərilən qayğı və diqqət bundan daha yaxşı işləməyi, vətəndaşların arzu və istəklərini yerinə yetirməklə bərabər, təşəbbüskar olmağı da qarşıya əsas vəzifə kimi qoyur. Bu da bir çox mühüm layihələrin, xüsusilə dəyərli pilot layihələrinin hazırlanmasını və həyata keçirilməsini gündəmə gətirir.

Qanunvericilik bələdiyyələrə özlərinin istehsal sahəsini yaratmağa, məktəbdənkənar iaşə xidməti göstərməyə, müəyyən xidmət sahələri açmağa, maliyyə bazasını möhkəmləndirmək üçün əldə olan imkanlardan istifadə etməyə şərait yaradır. Bələdiyyələr də bundan bəhrələnməlidirlər.

Təcrübələr göstərir ki, bu sahədə əksər bələdiyyələrin fəaliyyəti günün tələblərinə cavab vermir. Çünki maliyyə bazası zəif olan bələdiyyələrlə bərabər bu gün hesabında külli miqdarda vəsait olan yerli özünüidarəetmə orqanları da var. Bunlar hansısa bir uşaq bağçasının tikilməsinə, istifadəyə verilməsinə təşəbbüs göstərməyiblər. Əslində, burada bir pilot layihəsinin hazırlanması, nümunə kimi həyata keçirilməsi və bunun da digər bələdiyyələrə sirayət edilməsi əhəmiyyətli olardı".

T.Rzayev sonda yeni seçilən bələdiyyə sədrlərinin də inkişaf üçün çalışdıqlarını bildirib. 

Türkan İsgəndərli

tag: Tahir Rzayev,Bələdiyyə,Seçki,Layihə,İclas,Todaypress.az,