Köhnə münasibətlərə YENİ BAXIŞ: “İran bu mərhələdə daha obyektiv və adekvat olmalıdır” – ŞƏRH

Siyasət

24.01.2025 17:52

“Hazırda İran-Azərbaycan münasibətləri müəyyən istiləşmə mərhələsindədir”. 

Politoloq Aydın Quliyev bunu İran və Azərbaycan arasındakı son gəlişmələri TodayPress-ə şərh edərkən bildirib.

O, hesab edir ki, Azərbaycanın bu istiqamətdə cəhdləri xüsusilə qeyd olunmalıdır:

“Çünki rəsmi Bakı heç vaxt İranla münasibətlərin gərgin olmasını istəməyib və onun mənafeləri əleyhinə addım atmayıb. Lakin təəssüf ki, İranın Azərbaycanın əleyhinə hərəkətləri qarşılıqlı əlaqələrin pozulmasına gətirib çıxarıb. Azərbaycan həmişə məsələyə təmkinlə yanaşıb. Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktından sonra münasibətlərdə uzunmüddətli fasilə və soyuqluq yaransa da, Azərbaycanın iradəsi və xoşniyyətli addımları nəhayət bu mərhələni arxada qoymağa əsas verib”. 

Analitikin fikrincə, İranda saxlanılan Fərid Səfərlinin beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində ölkəmizə qaytarılması; İran Ali Məhkəməsinin səfirliyimizə hücum edən Yasin Hüseynzadə ilə bağlı edam hökmünü təsdiqləməsi, həmçinin Dövlətlərarası Komissiyanın 16-cı iclasının keçirilməsi ölkələr arasında olduqca əhəmiyyətli və müsbət addımlardır: 

“Eyni zamanda Azərbaycan İranla ticari və iqtisadi münasibətlərin inkişaf etdirilməsi sahəsində yeni bir “Yol xəritəsi”nin hazırlanmaq üzrə olduğunu bəyan edib. Bu, Azərbaycan tərəfdən çox böyük bir jestdir. Düşünürəm ki, yeni “Yol xəritəsi” münasibətlərin daha da yaxşılaşmasına xidmət edə bilər. Lakin Yasin Hüseynzadə ilə bağlı məhkəmə qərarının məsuliyyətinin Azərbaycan tərəfinin üzərinə qoyulması müəyyən narahatlıq yarada bilər. Belə ki, İran qanunlarına görə, hökm yalnız zərərçəkənin ailəsinin, yəni Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin qətlə yetirilən rəisi Orxan Əsgərovun ailəsinin müraciəti əsasında icra oluna bilər. Yəni, zərərçəkənin ailəsi qatili əfv edərsə, hökm icra olunmayacaq. Fikrimcə, İran hökumətinin özü hüquq və qanunlar çərçivəsində tələb olunan addımları atsa, daha münasib olar. Bu, iki ölkə arasındakı münasibətlərin inkişafına və normallaşmasına təkan verər”. 

Aydın Quliyev sonda vurğulayıb ki, artıq iki qonşu arasındakı əlaqələrin  yeni mərhələyə keçməsini təmin etməyə ehtiyac var. Xüsusilə də İran bu mərhələdə Ermənistanla münasibətlərə daha obyektiv və adekvat yanaşmalıdır. Çünki İkinci Qarabağ müharibəsindən əvvəlki dövrlə indiki münasibətlər arasında fərq olmalıdır. Bu, Azərbaycan üçün çox vacibdir.

Töhfə Səməd

tag: İran,Azərbaycan,Rəsmi Bakı,Siyasət,Aydın Quliyev,Todaypress.az,

photo