Joqorku Keneşinin sədri İlham Əliyevin qəbulunda oldu - YENİLƏNİB
Siyasət
06.06.2024 11:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun
6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul
edib.
TodayPress xəbər verir ki, Nurlanbek Şakiyev
Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını
bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı ötən ilin oktyabrında
Qırğızıstana səfərini məmnunluqla xatırladı.
Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında
İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı
qeyd edildi.
Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri
və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti
vurğulandı. Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən
məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və
qardaşlığın nümunəsi kimi qiymətləndirildi.
Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad
olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin
dünyanın ən gözəl guşələrindən biri olduğunu dedi. O, Azərbaycan xalqının səbirlə
otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin
və buna nail olmasının önəmini vurğuladı. Qonaq torpaqlarımızın işğaldan azad
olunması və ölkəmizin inkişafında Prezident İlham Əliyevin liderliyinin yüksək
qiymətləndirildiyini qeyd etdi.
Söhbət zamanı Türk Dövlətləri Təşkilatının
inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının
və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulandı.
tag: Prezident, İlham Əliyev, Joqorku Keneşi, Qırğız, todaypress.az,