İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu ünvanladı
Siyasət
23.12.2024 20:40
İsrail Prezidenti İsxak Hersoq Azərbaycan Prezidenti
İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
TodayPress xəbər verir ki, təbrikdə deyilir:
"Zati-aliləri, əziz dostum.
Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi
çatdırmaqdan məmnunluq hissi duyuram. İsrail Dövləti bu əlamətdar günü Sizinlə
birgə qeyd edir.
Azərbaycan Sizin rəhbərliyinizlə iqtisadi inkişafın,
firavanlığın, sülhün və sabitliyin hökm sürdüyü dinamik inkişaf edən dövlətə
çevrilib. Bunun, əlbəttə ki, ən gözəl təcəssümü ölkənizin nümunəvi dini
tolerantlıq və anlayış modelidir. Xüsusilə antisemitizmin bütün dünyaya
yayıldığı bu dövrdə Azərbaycan birlikdə harmoniyada yaşamaq üçün kollektiv
potensialın parlaq nümunəsidir. Bununla da Siz atanız, möhtərəm Heydər Əliyevin
əziz xatirəsini uca tutaraq bütün sahələrdə olduğu kimi, onun sülh yolunu da
davam etdirirsiniz.
Sizin gözəl qeyd etdiyiniz kimi, multikulturalizm qəbul
edilməli olan bir nemətdir. Sizdən bu səmimi münasibəti birbaşa hiss edən
Azərbaycanın yəhudi icması xalqlarımızı daha möhkəm birləşdirən canlı körpü
rolunu oynayır. Sizin ölkənizlə strateji tərəfdaşlığımız həm İsrail, həm də
daha geniş regionumuz üçün sabitliyi təmin edir. Biz bir çox sahələrdə
əməkdaşlığımızı inkişaf etdirmək və möhkəmləndirmək üçün Sizinlə işləməyə davam
etmək fürsətinə görə dərin minnətdarlığımızı bildiririk.
Gözəl ölkənizə səfərimiz zamanı sizin və birinci xanım
Mehriban Əliyevanın məni və xanım Mixalı səmimi və xoş qarşılamağınızı həmişə
xatırlayır və bunu yüksək qiymətləndiririk. Ümid edirəm ki, yaxın gələcəkdə həm
Sizi, həm də birinci xanım Mehriban Əliyevanı İsraildə qarşılamaq şərəfinə nail
olacağam. Əlbəttə, mən də Sizi növbəti dəfə Davosda keçiriləcək Dünya İqtisadi
Forumunda görməyi səbirsizliklə gözləyirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizi keçən ay COP29-a
uğurla ev sahibliyi etməyiniz münasibətilə təbrik etmək istərdim. Azərbaycan
millətlər birliyində liderdir və bu, gələcək nəsillərin sağlamlığının, təhlükəsizliyinin
təmin edilməsinə sadiq olduğunuzun növbəti təzahürü idi.
2024-cü ili yola salıb 2025-ci ili qarşıladığımız vaxtda
mən də səmimi-qəlbdən arzu edirəm ki, yeni il Sizin üçün, ailəniz və bütün
Azərbaycan xalqı üçün uğur və firavanlıq ili olsun".
tag: Azərbaycan, İsrail, İlham Əliyev, İsxak Hersoq, Təbrik, todaypress.az,