“İsrailin Qəzzada öz hədəfləri var” - Təl-Əviv Mahmud Abbasın uzatdığı əli geri qaytaracaq? - ŞƏRH
Siyasət
07.08.2024 16:45
“Fələstinin Qəzzada atəşkəsin dayandırılması ilə bağlı irəli sürdüyü tələbin İsrail tərəfindən qəbul olunması mümkün deyil”.
Bunu politoloq Oqtay Qasımov Mahmud Abbasın İsraillə status məsələsi üzrə danışıqlara hazır olması ilə bağlı bəyanatını TodayPress-ə şərh edərkən bildirib.
Onun sözlərinə görə, ABŞ başda olmaqla, bir çox Qərb ölkələri, bir neçə aydır buna cəhd etsələr də, uğur qazana bilməyiblər:
“Hazırda regionda olduqca ciddi hadisələr baş verir. HƏMAS lideri İsmayıl Haniyənin qətlindən sonra Yaxın Şərqdə gərginlik daha da artıb. İran və ona yaxın olan proksi qüvvələrin İsraillə savaşa başlama ehtimalı yüksəkdir. Təbii ki, bu durumda Qəzzada atəşkəsin dayanması ilə bağlı Fələstinin şərtlərinin İsrail tərəfindən qəbul olunması gözlənilmir”.
Politoloq qeyd edib ki, İsrailin Qəzza zolağında öz hədəfləri var. O, bu hədəflərə çatmayana qədər savaşın dayanması real görünmür:
“Bu baxımdan yaxın zamanlarda belə bir görüşün keçirilməsi mümkün görünmür. Danışıqlar baş tutarsa, İsrail öz tələblərini irəli sürəcək. Təl-Əviv Fələstin ərazilərindən İsrailə qarşı hücumların dayandırılması və bu ərazilərdə tam nəzarətin təmin edilməsi, bölgənin silahsızlaşdırılması kimi məsələləri gündəmə gətirəcək”.
Xatırladaq ki, Mahmud Abbas Fələstinin sülh konfransı çərçivəsində İsrail tərəfi ilə status məsələsi üzrə danışıqlara hazır olduğunu bildirib. Onun sözlərinə görə, Fələstin altı ərəb dövləti qrupu tərəfindən təsdiqlənən “yol xəritəsi” hazırlayıb və baxılmaq üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edib.
Günəş Mərd
tag: HƏMAS, Qəzza, İsrail, ABŞ, Avropa, BMT, Oqtay Qasımov, todaypress.az,