İslamabadda Azərbaycan Prezidentinin və Pakistanın Baş nazirinin geniş tərkibdə görüşü keçirildi - YENİLƏNDİ
Siyasət
11.07.2024 23:36
İyulun
11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan
İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə
görüşü keçirilib.
TodayPress xəbər
verir ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif görüşdə çıxış
edərək dedi:
-Mənim
çox əziz qardaşım Prezident Əliyev və nümayəndə heyətinizin hörmətli üzvləri.
İcazə verin, Sizi və nümayəndə heyətinizi Pakistan hökuməti və xalqı adından
bir daha səmimi-qəlbdən salamlayım. Astanadakı görüşümüzdən sonra Sizinlə bir
daha görüşməkdən böyük şərəf və iftixar hissi duyuruq.
Telefon
söhbəti zamanı ölkəmizə səfərə dəvətimi qəbul etdiyinizə görə Sizə olduqca minnətdaram.
Siz dəvəti qəbul edərək, tez bir zamanda səfərin tarixini müəyyənləşdirdiniz.
Sizi əmin etmək istəyirəm ki, Pakistan xalqı Sizi televiziyada və sosial
mediada gördüyü üçün bu gün çox məmnundur. Onlar bilirlər ki, mənim əziz
qardaşım Prezident Əliyev Pakistanı və Pakistan xalqını güclü dəstəkləyən şəxsdir.
Azərbaycan xalqı Pakistan xalqını sevir. Qarşılıqlı olaraq Pakistan xalqı da Azərbaycan
xalqına çox minnətdardır və onu sevir. Bu, sanki bir qəlbdə döyünən iki ürəkdir.
Bu dostluq, qardaşlıq yeni deyil. O, onillikləri əhatə edir. Pakistan həmişə hər
məsələdə Azərbaycanın yanında olub və Azərbaycan da hər zaman bütün hallarda
Pakistanın yanında olub. İstər söhbət BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrində
təsbit edilmiş hüquqları ilə bağlı Kəşmir əhalisinə dəstəkdən və əlbəttə ki,
istərsə də bir çoxlarının dəstəklədiyi referendum keçirmək hüququndan getsin.
Pakistan Qarabağ məsələsində həmişə Azərbaycanın mövqeyini dəstəkləmişdir və
heç vaxt dəstəyini dayandırmamışdır. Hesab edirəm ki, bu, bizim dostluq və
qardaşlıq münasibətlərimizin gücüdür. Bu gün Sizin səfəriniz vəziyyəti dəyişdirəcək,
münasibətlərimizi transformasiya edəcək.
Bizdə
imzalanmalı müvafiq anlaşma memorandumları və sazişlər var. Elə indicə Siz mənə
İslamabadın gözəlləşdirilməsi ilə bağlı tövsiyənizi verdiniz. Bu, Sizin
Pakistana olan maraq və sadiqliyinizi nümayiş etdirir. Təşəkkür edirəm. Biz əlimizdən
gələni edəcəyik. Sizin mütəxəssisləriniz əllərindən gələni edəcəklər. Lakin
hesab etmirəm ki, biz şəhərimizi Sizin müdrik rəhbərliyinizlə olduğu kimi Bakı
qədər gözəl edə bilərik.
Zati-aliləri,
düşünürəm ki, mümkün və mənfəətli olan sahələrdə əməkdaşlıq və birgə
investisiyalar istiqamətində irəliləməyin vaxtı çatıb. Mənim komandam hazırdır.
Neft naziri doktor Müssədiq Malik haradadır? Mən təfərrüatı ilə hazırlaşmaq, həmkarlarına
ən mənfəətli və hər iki ölkəyə, xalqa dividendlər gətirən təkliflər irəli sürməsi
üçün onunla iki görüş keçirdim. Bu kontekstdə mən bir qədər əvvəl Azərbaycandan
bu sahələrə müəyyən investisiyalar yatırılmasını təklif etdim. Bir şərtlə ki,
Siz və komandanız onları ilkin olaraq 2 milyard dollardan başlayaraq təsdiqləyəsiniz
və sonra biz həqiqətən də irəli gedə bilək.
Bundan
əlavə, əlbəttə ki, Pakistanın xeyrinə böyük lütfünüzə - düyü ixracına görə mən
necə təşəkkür etməyə bilərəm. Heç bir gömrük rüsumu yoxdur, düyü ixracı
rüsumdan tamamilə azad olunub. Azərbaycandan başqa heç bir ölkə bunu etməyib. Məhz
buna görə biz bu unikal əlaqələrdən bu qədər məmnunuq.
Zati-aliləri,
mən daha bir neçə məqamı qeyd edərdim, lakin indi sözü Sizə verirəm.
x x
x
Azərbaycan
Prezidenti İlham Əliyev çıxış edərək dedi:
-Əziz
qardaşım Baş nazir. İlk növbədə, dəvətə görə təşəkkür edirəm. Yenidən qardaş
ölkə Pakistanda olmağa və Sizinlə fəal dialoqumuzu davam etdirməyə çox şadam.
Biz beynəlxalq tədbirlər çərçivəsində, həmçinin ötən ilin iyununda Sizin Azərbaycana
rəsmi səfəriniz zamanı dəfələrlə görüşmüşük. Sizin doğru olaraq qeyd etdiyiniz
kimi, biz bir aydan az vaxt bundan əvvəl bir-birimizi Qurban bayramı münasibətilə
təbrik edərkən bu səfərlə bağlı razılığa gəldik. Komandalarımız görüşə hazırlıq
üçün gərgin və fəal şəkildə çalışdılar. O, yaxşı təşkil olunub. Biz əməkdaşlığımızın
bir çox sahələrini əhatə edən 15 sənəd imzalayacağıq. Lakin Siz tamamilə
haqlısınız, tərəfdaşlığımızın təməlini bizim qardaşlığımız, Pakistan və Azərbaycan
xalqlarının bir-birinə münasibətdə qardaşlıq hissləri təşkil edir. Biz həmişə çətin
zamanlarda bir-birimizin yanında olmuşuq. Biz əlbəttə, xatırlayırıq ki, 2020-ci
ildə Vətən müharibəsi zamanı Pakistan öz bəyanatları ilə Azərbaycana açıq şəkildə
siyasi dəstək verən ölkələrdən biri idi və Azərbaycanın ərazi bütövlüyü ilə
bağlı mövqeyini birmənalı şəkildə ifadə edirdi. Bizim Cəmmu və Kəşmirlə bağlı
mövqeyimiz yaxşı məlumdur. Biz İslam Əməkdaşlıq Təşkilatının Təmas Qrupunun
üzvləriyik. Biz Cəmmu və Kəşmir əhalisinin hüquqlarını qətiyyətlə dəstəkləyirik
və əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini
dəstəkləyirik. Beləliklə, haqq Sizin tərəfinizdədir, ədalət, beynəlxalq hüquq
Sizin tərəfinizdədir. Azərbaycan öz mövqeyini birmənalı şəkildə ifadə edən və
öz mövqeyini müdafiə edən ölkələrdən biridir. Biz ikitərəfli formatın geniş
gündəliyini hazırladıq. Sahələrdən biri investisiya imkanlarıdır. Bu gün bir qədər
əvvəl görüşümüz zamanı müzakirə etdiyimiz kimi, biz Pakistanda investisiya
layihələri ilə bağlı praktiki təklif görmək istəyirik. Komandalarımız əlbəttə
ki, bu gün bununla məşğul olacaqlar.
***
19:18
İyulun 11-də İslamabadda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş
naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü keçirilib.
***
19:10
İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb.
tag: todaypress.az, Azərbaycan, Pakistan, Görüş, Prezident,