İrəvan rəsmi Bakının şərtini qəbul etdi: ATƏT-in turistik missiyasının son günləri - ŞƏRH

Siyasət

11.01.2025 17:00

Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sülh müqaviləsi yolunda müsbət hesab ediləcək addımla bağlı yanvarın 11-də açıqlama verib. O, Ermənistanın Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirdiyini bildirib. N.Baqdasaryan ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və sülh sazişi imzalamaqla bunu təsdiqləməyə hazır olduğunu bildirib.

Məsələ ilə bağlı TodayPress-ə danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində zəfər çalmasına baxmayaraq, humanist addım ataraq, Ermənistana dost əlini uzatdı və sülh müqaviləsinin imzalanması üçün bütün mümkün alətləri səfərbər etdi:

“Ölkə başçısı açıq şəkildə şərtləri ortaya qoyub. Əgər Azərbaycan suverenliyini tam bərpa edibsə və Ermənistan da Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, ATƏT-in Minsk Qrupunun fəaliyyət göstərməsinə nə ehtiyac var? Əslində Minsk Qrupu mərhələli şəkildə Azərbaycana Qarabağı unutdurmaq və Ermənistanın xeyrinə problemi həll etməkdə maraqlı idi. Bu baxımdan da Azərbaycanın şərtlərindən biri odur ki, ATƏT-in Minsk Qrupu ləğv edilməli, Ermənistan da bu prosesə qoşulmalıdır. Görünür Prezident İlham Əliyevin sonuncu mesajı Paşinyan hakimiyyətini daha dəqiq düşünməyə vadar edib. Onlar artıq anlayırlar ki, bugünə qədər verilmiş şansı düzgün dəyərləndirməyiblər və bu artıq sonuncudur”. 

Parlamentarinin sözlərinə görə, rəsmi İrəvan artıq anlayırlar ki, onları dəstəkləyən qüvvələr əvvəlki gücündə deyillər və yeni dünya düzənində onlara yer yoxdur. Bu baxımdan da ATƏT-in Minsk Qrupunun ləğv ilə bağlı Ermənistan tərəfinin də ən qısa zamanda mövqe ortaya qoyması lazımdır:

“Bundan başqa Prezident İlham Əliyevin səsləndirdiyi digər məsələlər, xüsusilə də Zəngəzur dəhlizi öz həllini tapmalıdır. Həmçinin Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıtması məsələsi Ermənistan siyasi rəhbərliyi tərəfindən həll edilməlidir. Ən qısa zamanda referendum edərək, öz ali qanunvericiliyində və digər qanunlarına dəyişlik etməlidirlər. Səmimi olaraq anlamalı, qəbul etməlidirlər ki, Azərbaycana qarşı heç bir ərazi iddiaları yoxdur, həqiqətən də Cənubi Qafqazda uzunmüdətli və dayanıqlı sülhün baş tutmasını istəyirlər”. 

Siyasətçinin qənaətincə, bu günə qədər Azərbaycan mərhələli şəkildə sülhə məcbur etmək siyasətini uğurla həyata keçirib. Ermənistan cənab Prezidentin sonuncu mesajından və açıqlamalarından doğru-düzgün nəticə çıxarsa, ən qısa zamanda öhdəliklərini yerinə yetirsə, həm xalqının rifahı, həm də region üçün doğru addım atmış olacaq. Əks təqdirdə sonuncu şanslarını da itirəcəklər. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Minsk qrupunun və onun bütün institutlarının ləğv edilməli olduğunu bəyan edib. Ölkə başçısı ən son belə bir çağırışı yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində edib. O, sülh müqaviləsi ilə bağlı şərtləri yenidən dilə gətirib, Ermənistanı bütün bunları yerinə yetirməyə səsləyib. Həmin şərtlərdən biri də məhz ATƏT-in Minsk qrupunun ləğv edilməsi idi. Məhz bu müsahibədən 4 gün sonra Nazeli Baqdasaryanın məsələyə münasibət bildirməsi və rəsmi İrəvanın növbəti addımları ilə bağlı açıqlama verməsi isə olduqca maraq doğurur. 

Töhfə Səməd

tag: Ermənistan ,Azərbaycan ,Sülh, Minsk, Naqif Həmzəyev, todaypress.az,

photo