İran Türk Dünyası ilə yaxınlaşacaq, Ermənistanla əlaqələrinə fasilə verəcək ?

Siyasət

09.07.2024 17:05

Ermənistanın müdafiə naziri Suren Papikyan və İranın İrəvandakı səfiri Mehdi Sobhani müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Tərəflər həmçinin regional təhlükəsizliklə bağlı fikir mübadiləsi aparıblar. 

Məsələ ilə bağlı TodayPress-ə açıqlama verən politoloq Zaur Məmmədov bildirir ki, Ermənistan hazırda müdafiə sahəsində kim ilə gəldi əməkdaşlıq etməyə, müxtəlif sazişlər imzalamağa can atır.

“Lakin unutmayaq ki, bütün bu cəhdlər daxili auditoriyanı aldatmaqdan başqa bir şey deyil. Azərbaycanın real hərbi imkanlarına heç kəs müdaxilə edə bilməyəcək. Xüsusilə də qonşu ölkələr çox yaxşı bilir ki, Ermənistana silah satmaq və ya hədiyə vermək hansı nəticələrə gətirib çıxara bilər”.  

Politoloq Züriyə Qarayevanın sözlərinə görə, həm ideoloji yanaşma baxımından, həm də milli kimlik etibarı ilə İranın yeni prezidentinin, bu günə qədər olan istər daxili, istərsə də xarici siyasətdə redaktələr edəcəyi labüddür. O, qeyd edib ki, Məsud Pezeşkian özündən əvvəlki siyasəti davam etdirməyəcək.

“Pezeşkian nəinki prezidentliyə namizəd olduğu dönəmdə, hətta millət vəkili kimi fəaliyyət göstərdiyi dönəmlərdə də Türk Dünyası ilə bağlı müsbət açıqlamalar verirdi. O, xüsusilə Bakı və Ankara ilə münasibətdə ciddi yanlışlıqların olduğunu dilə gətirirdi”. 

Politoloqun fikrincə, Pezeşkianın hakimiyyəti dönəmində İran Türk Dünyası ilə yaxınlaşacaq, Ermənistanla əlaqələrinə fasilə verəcək. 

Qeyd edək ki, Məsud Pezeşkianın seçkilərə namizəd olduğu dönəmdə Ermənistanda ciddi narahatlıq var idi.

Töhfə Səməd

tag: Ermənistan, Azərbaycan, İran,Pezeşkian, Züriyə Qarayeva, Zaur Məmmədov, todaypress.az,

photo
photo