İran Aİİ-yə üzv olmaq istəyir: Ermənistan qapı arxasında qalacaq - POLİTOLOQ RƏYİ
Siyasət
21.08.2024 18:10
“Nəzərə almaq lazımdır ki, Avrasiya İqtisadi İttifaqında (Aİİ) kifayət qədər passiv və formal mövqeyi olan Ermənistan var. Hətta İttifaq daha radikal addım atıb, Ermənistanı Aİİ-dən kənarlaşdırıb, yerinə İranı gətirə bilər”.
Bu sözləri TodayPress-ə danışan politoloq Tural İsmayılov deyib. O, bildirib ki, İranla Rusiya daim yaxın təmasdadırlar. Buna görə də İranın Aİİ-yə üzv olmaq perspektivləri həmişə gündəmdə olub:
“Düşünürəm ki, Rusiya da İranın bu İttifaqa üzvlüyünə qarşı çıxmaz. Eyni zamanda Aİİ-yə üzv olan digər dövlətlər də İranın burada aktiv iştirakına razı olacaqlar. Hazırda rəsmi Tehran bir sıra sanksiyalarla üz-üzədir. Buna görə də iqtisadi baxımdan həm Aİİ-yə, həm də bütövlükdə İttifaqa üzv olan dövlətlərə hansı töhfələr verəcəyi sual altındadır. Digər tərəfdən isə Aİİ-nin özü də, xüsusilə Rusiya-Ukrayna müharibəsi başlayandan sonra dünyadakı iqtisadi proseslərə o qədər də yön verə bilməyib. Bu aspektdən yanaşsaq, iki tərəfin də bir-birinə ehtiyacı var”.
Analitikin sözlərinə görə, Azərbaycan hazırda Aİİ-yə üzvlük üçün müraciət etməyib. Çünki indi bizim hədəfimizdə BRİCS-ə üzv olmaq məsələsi dayanır. Buna baxmayaraq, Azərbaycan Aİİ-nin görüşlərində xüsusi mötəbər qonaq kimi dəvət alır və iştirak edir.
Qeyd edək ki, Avrasiya İqtisadi Şurasının mətbuat xidmətindən verilən məlumatlara əsasən, Avrasiya İqtisadi Komissiyasının mənzil-qərargahında İranın Aİİ-də müşahidəçi dövlət statusunun alınması ilə bağlı müraciətinə baxılıb.
Xatırladaq ki, xarici tərəfdaşa belə statusun verilməsi barədə qərarı Ali Avrasiya İqtisadi Şurasının iclasında İttifaqın üzvü olan dövlətlərin başçıları qəbul edir.
Töhfə Səməd
tag: Avrasiya, İran, BRİCS, Avrasiya İqtisadi İttifaqı ,Tural İsmayılov, todaypress.az,
![photo](/uploads/news/66c5f315325d0.jpg)