İqbal Ağazadə: “2-3 ildən sonra Azərbaycanda seçicilərin siyasətə yanaşması fərqli olacaq” – MÜSAHİBƏ
“2020-ci il sentyabrın 27-sinə qədər siyasi partiyaların fəaliyyəti daha açıq və qabarıq görünürdü. Etirazlar, insanların narazılığı var idi. 44 günlük vətən müharibəsindən sonra isə insanlar bir qədər toxduyub, bir qədər rahatlaşıblar. Çünki Azərbaycan siyasətini və Azərbaycan siyasi partiyalarını uzun illər məşğul edən ən böyük məsələ, ən milli problem torpaqların işğaldan azad olunması, Qarabağın separatizmdən təmizlənməsi, dövlət sərhədinin bərpa olunması olub”.
Ümid Partiyasının sədri İqbal Ağazadə bunu TodayPress-ə müsahibəsində bildirib.
O, hesab edir ki, bu proseslərdən sonra siyasi partiyaların səsinin bir qədər zəif gəlməsini bu amilə bağlamaq lazımdır.
“Çünki əslində, ideoloji olaraq nə qədər fərqli yönümdə olduqlarını bəyan etmiş olsalar da, hamının siyasi təşkilat, siyasi institut olaraq məşğul olduğu ən böyük məsələ Ermənistan-Azərbaycan münaqişəsi və yaxud da Qarabağda baş verən hadisələr və işğal idi. İndi bu proses səngiyib, siyasi partiyaların da yeni dövrə adaptasiyası baş verəcək. Burada artıq daxili problemlərin həlli, demokratikləşmə, insan haqlarının qorunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması yeni bir dövrə, yeni bir müstəviyə daşınacaq. İndi bu müstəvidə seçici partiyalara sual verəcək ki, iqtisadi proqramınız nədir? Sosial vəziyyətin həllini necə görürsünüz? Uşaqpulu verəcəksinizmi? Təhsil konsepsiyanız nədən ibarətdir? Səhiyyə sizin üçün hansı yerdə dayanır? Ölkədə ekoloji vəziyyət necə olacaq? Neft siyasəti, büdcə siyasəti necə olacaq? Bütün bunlar hamısı artıq siyasi institutların verə biləcəyi mesajlardır. Kim bu mesajı verəcəksə, siyasi institut kimi perspektiv olacaq. Partiyalar iqtisadi proqramı təqdim edəcək. Seçicini düşündürən hər bir mesaja cavab verəcək”.
Partiya sədri diqqətə çatdırıb ki, artıq hətta ailə-nigah münasibətlərində problem varsa, siyasi institut o problemə cavab verməlidir.
“Gənclər siyasətində problem varsa, seçici bu sualın cavabını siyasi institutlardan istəyəcək. Siyasi institut korrupsiya və rüşvətxorluqlara qarşı mübarizdə problemləri necə həll edəcəksə, onu deyəcək. Seçicinin bu istiqamətdə sorğusu yavaş-yavaş yaranacaq. Hələlik Azərbaycan seçicisinin bu istiqamətdə sorğuları yaranmayıb. Seçici hələ buna hazır deyil”.
İqbal Ağazadə sonda vurğulayıb ki, yaxın 2-3 ildən sonra ölkəmizdə seçicinin Azərbaycan siyasətçisinə, Azərbaycan siyasi institutuna seçicinin yanaşması indikindən fərqli olacaq.
Günəş Mərd
tag: İqbal Ağazadə,Partiya Sədri,Müsahibə,Partiyalar,Todaypress.az,