İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü oldu - YENİLƏNDİ - FOTOLAR
Siyasət
08.10.2024 15:12
Oktyabrın 8-də Moskvada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinlə görüşü olub.
TodayPress xəbər verir ki, dövlətimizin
başçısını salamlayan Prezident Vladimir Putin dedi:
- Hörmətli İlham Heydər oğlu.
Hörmətli dostlar, həmkarlar.
Sizin hamınızı Moskvada
salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün
görüş keçiririk.
Biz indi Prezidentlə, necə deyərlər,
üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin
hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.
Dərhal qeyd etmək istərdim ki,
münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı
bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan
iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur.
Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı
layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də
çoxtərəfli layihələr aktualdır.
Çox şadıq ki, MDB ölkələri
başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya
mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə,- bu isə
açıq-aşkardır,- hər hansı düzəlişlər etmək imkanımız var.
Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.
Prezident İlham Əliyev dedi:
- Hörmətli Vladimir Vladimiroviç,
bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür
edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə
təbrik etmək istərdim.
Sizin dövlət səfərinizdən sonra
ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust
ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq
müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında
çoxlu təmaslar olub.
Siz qeyd etdiyiniz kimi, bu gün həmin
məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər
genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə
tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə,
bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin
razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün
yaxşı fürsətdir.
Görüşə görə bir daha sağ olun.
Prezident Vladimir Putin: Hörmətli
İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS
plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər
keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək
mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni
dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə
platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin
iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq
mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.
Prezident İlham Əliyev: Vladimir
Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz
iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə
qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.
***
13.36
Moskvada Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti
Vladimir Putinlə görüşü başlayıb.
tag: İlham Əliyev,Vladimir Putin,Görüş,Prezident,Rusiya ,todaypress.az,
![photo](/uploads/news/670504dc04e7b.jpg)
![photo](/uploads/news/670504f6c20b2.jpg)