İlham Əliyev: "Türk Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik"
Siyasət
21.07.2024 15:01
İyulun 20-də
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci
Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak
edib və sualları cavablandırıb.
Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür
edirəm, cənab Prezident. Növbəti sual Mirşahin Ağayevindir.
“Real” televiziyası, Azərbaycan,
Mirşahin: Nə qədər çətindir Sizə belə qeyri-səmimi tərəfdaşlarla iş aparmaq və
COP29-dan Siz nə gözləyirsiniz? Doğrudanmı, onlar öz sözlərinin sahibi
olacaqlar? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Biz bu qeyri-səmimi
münasibətlərə bir növ öyrəşmişik, əfsuslar olsun. Bəzi hallarda ikili
standartları görməyəndə özümüz-özümüzə sual veririk, görəsən, nələr baş verir?
Biz buna o qədər öyrəşmişik ki, yəni, ağa qara, qaraya ağ demək adi hala
çevrilib. Burada bunun yeganə yolu buna məhəl qoymamaq, fikir verməmək, öz
yolundan dönməmək və ölkə üçün, xalq üçün lazım olan bütün addımları vaxtında
atmaqdır. O ki qaldı iradlara, bilirsiniz, o vaxt da bizə başqa iradlar
tuturdular. Deyirdilər ki, Azərbaycanda neft yoxdur, neft kəmərləri tikilməməlidir,
Azərbaycan blef edir, nefti yoxdur, nə bilim yalan məlumatlar ötürür. Bu günə qədər
“Azəri-Çıraq”dan hasilatımız davam edir. “Şahdəniz” müqaviləsi bağlananda sonra
da ortalığa bir uydurma atmışdılar ki, Azərbaycanda qaz yoxdur. Azərbaycan özü
filan yerdən qaz alır və heç vaxt, heç bir ölkəyə qaz nəql edə bilməz. Artıq səkkiz
ölkəyə qaz nəql edirik, bu il bizdə 50 milyard kubmetr hasilat gözlənilir. COP29
bu istiqamətdə çox önəmli bir addım olacaq. Biz bu istəkdə olanda bəziləri bəlkə
də bunu anlamırdı. Bu gün də buna ağızlarını büzənlər var ki, nəyə lazımdı,
qoyun rahat yaşayaq. Yenə tədbir olacaq, yenə qonaq gələcək. Biz artıq bunun bəhrəsini
görürük. Azərbaycanın geosiyasi önəmi əhəmiyyətli dərəcədə artıb. Mən artıq
qeyd etdim, inkişafda olan 50-dən çox kiçik ada dövlətləri var. Onlar üçün biz
xüsusi fond təsis edirik və o fonda əhəmiyyətli dərəcədə vəsait də qoyacağıq.
Onlara kömək göstərəcəyik. Əlbəttə, onlar bizim təbii müttəfiqlərimizə çevriləcək
və mən digər ölkələri sadalamıram.
Rebekka Maklaflin-İstham: Gəlin
razılaşaq ki, əlavə dörd sual veriləcək. Bizim Nigeriyadan olan iştirakçımız
var, müstəqil jurnalistdir.
Müstəqil jurnalist Con Ayomide: Cənab
Prezident, təşəkkür edirəm. Sizə Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı
arasında əlaqələr haqqında sual vermək istərdim. Sizin fikrinizcə, hansı təşəbbüslər
irəli sürülə bilər ki, belə bir əməkdaşlıq gücləndirilsin?
Prezident İlham Əliyev: Biz beynəlxalq təşkilatlarla
praktiki və möhkəm əlaqələr qurmaq istəyirik, o cümlədən Afrika İttifaqı ilə.
Bildiyimə görə, bizim təşkilatımızın Afrika İttifaqı ilə rəsmi təmasları
olmamışdır. Ancaq biz bunu ciddi şəkildə nəzərdən keçirməliyik. Mən COP29-la
bağlı dəvətlər göndərmişəm. Bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını
təsdiq ediblər. Bu da yaxşı fürsət olacaq ki, təmaslar qurulsun. Yəni, hazırda
deyə biləcəyim odur ki, Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi
əməkdaşlıq kanalları yoxdur. Mən şübhə etmirəm, bu, olacaqdır. Biz Afrika
İttifaqı ölkələrindən olan tələbələr üçün hazırda təqaüd mexanizmi üzərində işləyirik.
Moderator Rebekka Maklaflin-İstham: Növbəti
sual İsraildən gələn müstəqil jurnalistdəndir.
Müstəqil jurnalist Roman Qureviç: Azərbaycan
insanların bir-biri ilə necə yaşamasının, qarşılıqlı hörmət, dözümlülük,
tolerantlıq nümunəsidir. Sualım belədir, Azərbaycan torpağında, Azərbaycan
xalqında hansı xüsusiyyət bunu mümkün edir, buna imkan yaradır? Təşəkkür edirəm.
Prezident İlham Əliyev: Əvvəlcə evinizə
xoş gəlmisiniz. Sizi yenidən görməyə çox şadam. İkincisi, azad olunmuş ərazilərin
bərpası ilə əlaqədar gördüyümüz işlərə dair xoş sözlərə görə təşəkkürümü
bildirirəm. Düşünürəm ki, sualınızın cavabı sizə də məlumdur. Lakin sual
verdiyinizə görə sizə təşəkkür edirəm. Ərazilərimiz işğaldan azad olunandan
sonra mən təklif etdim ki, ilk Xarıbülbül festivalını Azərbaycanda yaşayan
bütün xalqların mədəniyyətinə həsr edək. Bu, mənim ideyamdır və düşünürəm, çox
düzgün bir ideyadır ki, Azərbaycanda yaşayan bütün xalqlar, bilirsiniz ki,
azadlıq naminə mübarizədə iştirak ediblər. Hər şeyin təməlində cəmiyyətin öz məfkurəsi
dayanır, bu, çox böyük dəyərdir. Elə bir dəyərdir ki, onu qucaqlamaq istəyirsən,
öpmək istəyirsən və Tanrıya təşəkkürünü ifadə etmək istəyirsən ki, bunu sənə nəsib
edib və biz bunu qorumalıyıq.
Moderator Rebekka Maklaflin-İstham: İndi
isə Yaxın Şərq Xəbər Agentliyindən (MENA) Tarek Abdel Qaffar, buyurun,
sualınızı verə bilərsiniz.
Tarek Abdel Qaffar: Mən Misirin MENA
agentliyini təmsil edirəm. Cənab Prezident, Sizin inkişaf etməkdə olan və
inkişaf edən ölkələr arasında “uçurumu” aradan qaldırmaq baxımından, xüsusilə də
zəngin ölkələrin fəaliyyəti nəticəsində ətraf mühitə vurulan zərər, müəyyən
kompensasiyalar haqda nə düşünürsünüz, bu istiqamətdə hansı addımlar
atılmalıdır? Çünki bir çox ölkələr bu baxımdan heç bir təzminat almayıb.
COP29-un ev sahibi olaraq Sizin ölkənizlə Misir və Birləşmiş Ərəb Əmirlikləri
arasında məhz bu istiqamətdə əməkdaşlıq varmı?
Prezident İlham Əliyev: Biz “Troyka”nın
təsis edilməsinin təşəbbüskarı olduq. Bu, ötən, hazırkı və gələcək sədrlərin -
Birləşmiş Ərəb Əmirliklərinin, Azərbaycanın və Braziliyanın “Troykası”dır. Bu,
bir mexanizmdir. Buna qədər bu, mövcud deyildi. O ki qaldı, hansı ölkə planetin
məhv edilməsinə daha çox dırnaqarası “töhfə” verib, bu barədə danışmaq səmərəsiz
olar. Çünki biz çox gözəl bilirik ki, ən böyük karbon tullantılarını istehsal
edən və ətraf mühiti çirkləndirən böyük ölkələr hansılardır. Ancaq elə bir
platforma yaradılmalıdır ki, daha geniş maliyyə imkanlarına malik olan ölkələr
digərlərinə kömək etsin. Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 məhz
həmrəylik tədbiri olsun. Biz ona görə də bu ili “Yaşıl dünya naminə həmrəylik
ili” elan etmişik. Demirəm ki, biz bütün hədəflərimizə tam şəkildə nail
olacağıq, ancaq bu işə öz töhfəmizi verməyə hazırıq.
Moderator Rebekka Maklaflin-İstham: “The
Pakistan Daily” qəzetindən jurnalist buradadır, sual verəcək.
“The Pakistan Daily” qəzetinin redaktoru
Hamza Azhar Salam: İslamabada sonuncu səfəriniz zamanı Siz Pakistanın Baş
naziri Məhəmməd Şahbaz Şəriflə ticarət dövriyyəsinin artırılması haqqında
razılıq əldə etdiniz. İki qardaş ölkə arasında media sahəsində hansı şəkildə əməkdaşlıq
edilə bilər?
Prezident İlham Əliyev: Siz düzgün bir məsələyə
toxundunuz. Pakistan mediasında biz hər zaman qardaş dəstəyi görmüşük. Bu sahədə
səylərimizin birləşdirilməsi çox yaxşı fikirdir. Hesab edirəm, biz birgə media
işçi qrupu da yarada bilərik ki, bir-birimizi müxtəlif istiqamətlərdə dəstəkləyək.
Bəzi beynəlxalq media təşkilatlarına bizim çıxışımız var, bəzilərinə sizin
çıxışınız var və bunu təkcə Pakistan deyil, digər dost ölkələrlə də edə bilərik.
Siz tamamilə düzgün qeyd etdiniz ki, ölkələrimiz haqqında faktların təhrif
edilməsi onun nüfuzunu ciddi şəkildə zədələyə biləcək nəticə verir. Əminəm ki,
biz əməkdaşlığımızı gələcəkdə də gücləndirəcəyik.
Moderator Rebekka Maklaflin-İstham: Son
iki sual. Sizi əmin edirəm ki, suallar qısa olacaq. “Al Jazeera English”
kanalının nümayəndəsinə söz vermək istəyirəm.
“Al Jazeera English” kanalının nümayəndəsi:
Dəvətə görə çox sağ olun. Burada biz yalan məlumatların ifşası haqqında
danışırıq. Mən qorxuram ki, yalan məlumatlar bir ölkə üçün yalan, digəri üçün
isə doğru ola bilər. Ona görə də burada çox çətin bir seçim qarşısındayıq.
Prezident İlham Əliyev: Ən vacibi odur
ki, məlumat və narrativ həqiqi olsun, həqiqətə söykənsin. Bu, birtərəfli, qərəzli
olmasın. Çünki qərəzli olsa və koordinasiya şəklində aparılmış kampaniyanın
media hücumunun bir nəticəsidirsə, əlbəttə ki, bu, qəbuledilməzdir. Artıq üç
saatdır ki, biz bunu müzakirə edirik. Ümid edirəm, biz bu vasitə ilə öz
fikrimizi o ölkələrə və dairələrə çatdırırıq ki, mediadan silah kimi istifadə
edir. Əlbəttə, burada fikir müxtəlifliyi olmalıdır. Bu gün biz görürük ki, bir
çox ölkələrdə media yalnız bir dairənin müəyyən mövzu ilə bağlı rəyini əks
etdirir. Avropaya gedəndə bir narrativ görürük, Asiyaya getdikdə fərqli bir mənzərənin
şahidi oluruq. Rusiyaya gedəndə artıq digər bir mənzərədir, Azərbaycana gələndə
başqa bir mənzərənin şahidi olursunuz. Yəni, media sahəsi kəskin şəkildə
siyasiləşdirilib. Bir daha deyirəm ki, biz siyasətçilərə tövsiyələr vermək
sizin vəzifənizdir.
Moderator Rebekka Maklaflin-İstham:
Sonuncu sualımız. Cənab Yusuf Özkır, Anadolu Agentliyinin İdarə Heyətinin üzvü.
Yusuf Özkır: Sualım belədir: bundan
sonrakı dövrdə həm qlobal miqyasda hücumların çox artdığı, tez-tez III Dünya
müharibəsindən bəhs olunduğu bir dövrdə, bir sıra ittifaqların sarsıldığı bir şəraitdə
Türk Dövlətləri Təşkilatı müsbət mənada dəyişməkdədir. Bundan sonrakı dövrdə bu
təşkilatın siyasi, iqtisadi, ticari baxımdan, eyni zamanda, hərbi sahədə
uzunmüddətli perspektivdə necə bir gələcəyi var? Siz bunu necə dəyərləndirirsiniz?
Bu prosesdə Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq səviyyəyə çıxması və
tanınması istiqamətində də fikirlərinizi öyrənə bilsəm çox məmnun olaram. Təşəkkür
edirəm.
Prezident İlham Əliyev: Əminəm ki, bu təşkilatın
çox böyük gələcəyi var. Təşkilatı daha yüksək pilləyə qaldırmaq üçün ortaq səylər
lazımdır. Coğrafiyamız çox böyükdür, təbii sərvətlər, nəqliyyat yolları, gənc və
artan əhali - bütün bunları mən öz çıxışımda söylədim. Yəni, bütün bu amillər təşkilatımızın
potensialını əyani şəkildə göstərir. Biz birliyi daha da gücləndirməklə Türk
Dövlətləri Təşkilatını dünya miqyasında güc mərkəzinə çevirməliyik. Çünki bu
gün bir neçə beynəlxalq təşkilat var. Bəziləri böhran içində, bəziləri tənəzzüldədir,
Türk Dövlətləri Təşkilatı isə yüksəlişdədir. Bu yüksəliş rahat olmalıdır və
buna ortaq səylərlə nail olacağıq. O ki qaldı, hərbi sahədə işbirliyinə,
buradan bir neçə yüz metr məsafədə əziz qardaşım Tayyib bəylə biz 2021-ci il
iyunun 15-də Şuşa Bəyannaməsini imzaladıq. Türkiyə və Azərbaycan rəsmən müttəfiqlər
oldu, o cümlədən hərbi sahədə. Yəni, hesab edirəm ki, bu, bütün türk cümhuriyyətləri
üçün gözəl bir örnəkdir.
Moderator Rebekka Maklaflin-İstham:
Xanımlar və cənablar, bu çox gözəl məqamda cənab Prezident İlham Əliyevə təşəkkürümü
bildirmək istəyirəm.
***
19.40
İyulun 20-də “Yalan məlumatların ifşası:
Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun
açılış mərasimi keçirilib.
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları
cavablandırıb.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən
çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq
təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə
və hərəkət platforması rolunu oynayır.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi:
Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı
daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin
reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və
“İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq.
Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti,
dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media
ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.
Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar
həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin
təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma
prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.
Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib.
***
16:19
İyulun 20-də
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci
Şuşa Qlobal Media Forumu keçirilir.
TodayPress xəbər
verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış
edir.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.
tag: Prezident, İlham Əliyev , Şuşa, Qlobal Media Forum, todaypress.az,