İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ - FOTO
Siyasət
31.10.2024 15:18
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının ölkəmizdə yeni təyin
olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın etimadnaməsini qəbul
edib.
TodayPress xəbər verir ki, səfir
etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə
söhbət etdi.
Dövlətimizin başçısı ölkələrimiz
arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin, ticarət,
investisiya, insanlar arasında əlaqələr və digər sahələrdə əməkdaşlıq isitiqamətlərinin
müəyyənləşdirilməsinin önəminə toxundu.
Prezident İlham Əliyev BMT,
Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da uğurla davam
etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
COP29-da Ruanda Prezidentinin
iştirak edəcəyindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı bu tədbirin önəminə
toxundu, onun iqlim dəyişmələri ilə bağlı qlobal səviyyədə müzakirələrin aparılması
baxımından əhəmiyyətini vurğuladı və Azərbaycanın bu sahədə fəal iştirak
etdiyini dedi.
Çarlz Kayonqa Ruanda
Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlətimizin başçısına
çatdırdı və qeyd etdi ki, ölkəsinin Prezidenti COP29-da iştirakını səbirsizliklə
gözləyir. Səfir vurğuladı ki, Ruanda Prezidenti ona
Azərbaycan ilə əlaqələrə böyük önəm verdiyini deyib və ölkələrimizin bir-birindən
uzaqda yerləşməsinə baxmayaraq, əməkdaşlıq üçün yaxşı imkanların olduğunu
vurğulayıb.
Prezident
İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da
salamlarını Ruanda dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Azərbaycan
Prezidentinin ikitərəfli münasibətlərə dair söylədiyi fikirlərə görə minnətdarlığını
bildirən səfir əlaqələrimizin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini
dedi.
Görüşdə ölkələrimiz
arasında iqtisadiyyat, ticarət, humanitar, elm və təhsil sahələrində əməkdaşlıq
məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.
***
11.40
TodayPress xəbər verir ki, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 31-də Ruanda Respublikasının
ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Çarlz Kayonqanın
etimadnaməsini qəbul edib.
tag: Prezident, İlham Əliyev, Ruanda, Etimadnamə, Çarlz Kayonqa, todaypress.az,