İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul etdi - YENİLƏNDİ
Siyasət
28.10.2024 13:05
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam
Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad
Mirzanı qəbul edib.
TodayPress xəbər verir ki, dövlətimizin başçısı general Sahir Şamşad
Mirzanın səfərinin ölkələrimiz arasında güclü tərəfdaşlıq, müdafiə və digər sahələrdə
əməkdaşlıq məsələlərinin bir daha nəzərdən keçirilməsi üçün yaxşı imkan
yaratdığını dedi.
Prezident
İlham Əliyev bu il qardaş Pakistana dövlət səfərinin çox uğurlu və məhsuldar
keçdiyini vurğulayaraq, bunun dostluq və qardaşlıq münasibətlərimizin daha yüksək
səviyyəyə qalxması işinə töhfə verdiyini bildirdi.
Dövlətimizin
başçısı ölkələrimizin ərazi bütövlüyü və suverenliyi məsələlərində bir-birini həmişə
dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini qeyd etdi.
Əməkdaşlığımızın,
o cümlədən ticarət sahəsində əlaqələrimizin əsas istiqamətlərinin artıq müəyyənləşdirildiyini
bildirən dövlətimizin başçısı dedi ki, özünün Pakistana dövlət səfəri zamanı Azərbaycanın
bu ölkəyə 2 milyard ABŞ dolları məbləğində investisiya qoyuluşu imkanları barədə
bəyanat verilib və bu sahədə sıx əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər.
Müdafiə sahəsində
əməkdaşlığa toxunan Prezident İlham Əliyev bir müddət əvvəl artıq Azərbaycan Hərbi
Hava Qüvvələrinin arsenalına daxil edilən JF-17C təyyarələrinə baxdığını məmnunluqla
xatırlayaraq, onların dünya səviyyəsində ən yaxşı təyyarərlərdən olduğunu dedi.
Dövlətimizin başçısı bu hadisənin müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığımızın
daha da gücləndirilməsi işinə xidmət etdiyini vurğuladı. Prezident İlham Əliyev
müdafiə sənayesi ilə bağlı genişhəcmli əməkdaşlıqda, o cümlədən istehsal,
investisiya, texnologiyalar sahələrində uğurlu nəticələrin əldə olunacağına əminliyini
bildirdi.
Dövlətimizin
başçısı Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin COP29
tədbirində iştirakının və gələn il öllkəmizə dövlət səfərinin Azərbaycanda səbirsizliklə
gözlənildiyini diqqətə çatdırdı.
Prezident
İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrinin Bakıda
keçirəcəyi görüşlərin uğurlu olacağına ümidvar olduğunu bildirdi.
Azərbaycan
dövlətinin başçısı ilə görüşündən şərəf duyduğunu vurğulayan Sahir Şamşad Mirza
Prezident İlham Əliyevin əfsanəvi şəxsiyyət olduğunu qeyd etdi. Qonaq Pakistan
Prezidenti Asif Əli Zərdari və Baş nazir Məhəmməd Şahbaz Şərifin salamlarını,
Pakistan xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.
Prezident
İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını
Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.
Sahir Şamşad
Mirza Azərbaycan Prezidentinin Pakistana dövlət səfərinin ikitərəfli münasibətlərimizin
inkişafında tarixi təməl daşı olduğunu dedi.
Qonaq ölkəmizdə
keçirilən prezident seçkilərində İlham Əliyevin, parlament seçkilərində isə
hakim Yeni Azərbaycan Partiyasının qələbəsinin önəmini qeyd edərək vurğuladı
ki, dövlətimizin başçısı Ümummilli Lider Heydər Əliyevin müdrik siyasətinin
davamçısıdır. Sahir Şamşad Mirza qeyd etdi ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan dövlətinin inkişafı fenomenal hadisə olmuşdur. Qonaq bu cür
inkişafa, o cümlədən ümumi daxili məhsulun və əhalinin rifah halının artma
templərinə heç bir ölkədə rast gəlinmədiyini dedi.
Pakistanın
Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Vətən müharibəsində Azərbaycanın
Qələbəsinin önəmini vurğulayaraq qeyd etdi ki, ölkəmizin əsgər və zabitlər ilə
bağlı baxışı, yerli istehsalın təşviqi, müharibədə müdafiə sənayesi kompleksi və
güclü hərbi imkanlarla bərabər, müdafiənin bir növü olan qabaqlayıcı
strategiyanın tətbiqi dünyaya çox aydın bir siqnal oldu ki, Azərbaycan hədəfə
köklənib və irəliləyir.
Ölkəmizdə gedən
inkişaf proseslərinin nümunə olduğunu qeyd edən qonaq Pakistanın Azərbaycan ilə
qardaşlıq əlaqələrinin qarşılıqlı inama, səmimiliyə, əməkdaşlığa, mədəni əsaslara
söykəndiyini dedi. O, qarşıdan gələn Zəfər Günü münasibətilə təbriklərini
çatdırdı və bu bayramın Pakistanda da qeyd edildiyini məmnunluqla vurğuladı.
Sahir Şamşad
Mirza qeyd etdi ki, Kəşmir məsələsində Azərbaycan Pakistanın yanında olduğu
kimi, Ermənistan məsələsində də Pakistan Azərbaycanın yanındadır.
***
10.10
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 28-də Pakistan İslam Respublikası Birləşmiş Qərargah
Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirzanı qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə
Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
tag: Prezident, İlham Əliyev,Sahir Şamşad Mirzanı, Pakistan, General, todaypress.az,