İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür məktubu göndərdi
Siyasət
20.12.2024 21:02
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifə təşəkkür məktubu göndərib.
TodayPress-in məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Baş nazir,
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə
şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8
təşkilatının üzvü seçilməsinə görə qardaş Pakistan İslam Respublikasına və
şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.
Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində
fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar
qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi
qərar bizim üçün xüsusi qürur mənbəyidir.
Azərbaycanın namizədliyinə ifadə edilən birmənalı dəstək
təşkilata üzv olan hər bir ölkə ilə möhkəm dostluq və əməkdaşlıq
münasibətlərimizin, birliyimizin və həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in
təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi
və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük
gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini
verəcəkdir.
Qarşılıqlı inam, hörmət və dəstəyə əsaslanan, gündən-günə
yeni məzmunla zənginləşən Azərbaycan-Pakistan münasibətlərinin hazırkı
səviyyəsi məmnunluq doğurur. Biz qardaş Pakistanla siyasi, iqtisadi, ticari,
nəqliyyat, hərbi-texniki, humanitar və digər sahələrdə çoxşaxəli
əməkdaşlığımızı və strateji tərəfdaşlığımızı daim genişləndirməyə xüsusi
əhəmiyyət veririk. İyul ayında ölkənizə həyata keçirdiyim dövlət səfəri
əlaqələrimizin tarixində yeni səhifə açmışdır, bu səfəri ən xoş təəssüratlarla
xatırlayıram.
COP29-da iştirak etmək üçün Azərbaycana səfərinizi,
Sizinlə mehribanlıq, səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən
görüşümüzü, apardığımız fikir mübadilələrini yüksək qiymətləndirirəm. 2025-ci
ildə Sizin Azərbaycana dövlət səfərinizi səbirsizliklə gözləyir, bunun
qardaşlıq münasibətlərimizin möhkəmlənməsinə, səmərəli birgə fəaliyyətimizin
daha da dərinləşməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm.
Bir daha Sizə minnətdarlığımı bildirir, möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Pakistan xalqına
daim əmin-amanlıq və firavanlıq diləyirəm".
tag: Azərbaycan, Pakistan, İlham Əliyev, D-8,Prezident, todaypress.az,