İlham Əliyev: "Feyk-nyus artıq siyasi mübarizənin bir üsuluna çevrilib”

Siyasət

21.07.2024 14:39

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.

Moderator - “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham: Sizi görməyə çox şadam, cənab Prezident. Tədbirimizə qatıldığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Prezident İlham Əliyev: Əvvəlcə məni bu tədbirə dəvət etdiyinizə görə təşəkkür edirəm. Bu, böyük şərəfdir. Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir.

Moderator Rebekka Maklaflin-İstham: Cənab Prezident, daha bir sualım yalan məlumatların ifşası və dezinformasiyaya qarşı mübarizə mövzusundadır. Sizcə, biz nə dərəcədə çətin vəziyyətdəyik, böhran nə dərəcədə ağırdır?

Prezident İlham Əliyev: Biz uzun illər ərzində bunun qurbanı olmuşuq, əlbəttə ki, onlardan biri Ermənistan və Azərbaycan arasındakı münaqişə idi və bütün erməni diasporunun səfərbər olması idi. Ermənipərəst siyasətçilər, media nümayəndələri Azərbaycana qarşı hücum edirdilər, Azərbaycan haqqında yanlış narrativlər yayırdılar və Azərbaycanı reallıqdan çox uzaq olan bir şəkildə təqdim edirdilər. Biz etnik təmizləmənin qurbanı olmuşuq, işğalın qurbanı olmuşuq. Bu hal 30 il davam edib. Ancaq bizi dünyada təcavüzkar kimi təqdim edirdilər və medianın bu məsələni işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində biz beynəlxalq sanksiyalara məruz qaldıq. ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir. Biz işğalın və təcavüzün qurbanı olmuşuq və o zaman konqresin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində bizə qarşı sanksiyalar tətbiq edildi. Yəni, bu, absurd bir vəziyyətdir ki, humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkə sanksiyalara məruz qalmışdır. O zaman bizim beynəlxalq media şəbəkələrinə o qədər də çıxış imkanımız yox idi. Biz müstəqilliyini yeni bərpa etmiş ölkə idik və biz ciddi səylər göstərməli idik. Biz uzun illərdir üzləşdiyimizi bu gün görürük ki, Amerika Prezidenti də buna məruz qalıbdır. Prezident Tramp Vaşinqton Post-u və Nyu-York Tayms-ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Mən tamamilə onunla razıyam. Mən təkcə bu məsələdə deyil, onun bir çox bəyanatları ilə razıyam. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır.

Moderator Rebekka Maklaflin-İstham: Cənab Prezident, təşəkkür edirəm. Bu səmimiyyətə görə Sizə təşəkkürümü bildirirəm. İndi isə auditoriyaya müraciət edəcəyəm. Birinci, TASS xəbər agentliyindən Mixail Qusmana sözü vermək istəyirəm.

Mixail Qusman: Amerikada vəziyyət heç də birmənalı deyil. Bir ay əvvəl fərqli idi və Demokratlar Partiyasının vəziyyəti fərqli idi. Beləliklə, Siz Azərbaycan Prezidenti olaraq, - bildiyiniz kimi, Amerika konstitusiyasına əsasən seçkilər keçirilir, - kimin adının yanvarın 20-si səsləndirilməsini istərdiniz. Noyabrın 6-sı bu, yuxarı-aşağı bəlli olacaq. Düzdür, biri ilə əlaqədar məsələ aydındır, ikinci ilə əlaqədar şayiələr var, Prezident Baydenin qalıb-qalmaması.

Prezident İlham Əliyev: Qərarı Amerika xalqı verəcək. Bu, onların prezidentidir. Lakin, eyni zamanda, bu, bütün dünya üçün xüsusi əhəmiyyətə malikdir. Çünki bir çox xalqların və ölkələrin taleyi böyük dərəcədə Birləşmiş Ştatların birinci şəxsinin verəcəyi qərarlardan asılı olacaq. Mənim fikrimcə, Prezident Trampın hələ də davam edən kampaniya zamanı səsləndirdiyi mühüm tezislərdən biri də odur ki, onun vaxtında heç bir müharibə olmayacaq. Onun hakimiyyəti dövründə Amerika müharibələrə başlamadı, Vyetnam, Koreya, Yuqoslaviya, Əfqanıstan, Liviya, İraq, Suriya və necə deyərlər, onların davamı olmadı. Bax, bu müddət ərzində onların heç biri baş vermədi. Ancaq buna, yəqin ki, böyük hörmətlə yanaşmağa dəyər. İkinci tezis də çox əhəmiyyətlidir. Bu mövzuya, necə deyərlər, uzun-uzadı və dərindən toxunmaq istəmirəm, amma indiki halda, ilk növbədə, ABŞ-ın özü və onun bilavasitə təsiri altında olan ölkələr üçün ikinci tezis də vacibdir. Bu, təbii ki, ənənəvi dəyərlərdən gələn məsələ ilə bağlı aydın mövqedir. Zənnimcə, Azərbaycan xalqının mütləq əksəriyyəti nəinki bu mövqeyi bölüşür, həm də onu fəal şəkildə təbliğ edir və əməldə həyata keçirir. Odur ki, mən daha dərinə getsəm, hər şey çox aydın olacaq. Ona görə də bununla fikrimi yekunlaşdırıram.

Mixail Qusman: Odur ki, birinci forumun ənənəsinə sadiq olaraq ikinci sualım çox qısa olacaq. Rusiya ilə Azərbaycan arasında yalnız iqtisadiyyat deyil. Nəzərə alsaq ki, mən hər şeyi bilmək haqqında maraqlı olan TASS informasiya agentliyini təmsil edirəm və Rusiya Prezidentini Azərbaycana dəvət etmisiniz və bizdə deyirlər ki, bu, yaxın zamanda baş verəcək. Belə deyək, Rusiya Prezidenti ilə müzakirə olunacaq hansı məsələ ən açıqdır?

Prezident İlham Əliyev: Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya ilə Ermənistan arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Bu, bizə çox maraqlıdır. Maraqlıdır ki, Ermənistan nəyin hesabına öz ixracını bu qədər artıra bilib. Bu, necə deyərlər, ritorik sualdır. Ancaq bizim ticarət dövriyyəmiz son bir ildə təxminən 17 faiz artıb - 4 milyard 300 və ya 4 milyard 400-ə bərabər olub. Bu, sabit artımdır. Ancaq çoxtərəfli əməkdaşlıqla bağlı məsələlərə gəldikdə, bu sahədə əlbəttə ki, həm tərəfdaşların, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çoxdur. Bu, ilk növbədə, geosiyasi vəziyyət və Azərbaycan ərazisində bu layihənin bütün seqmentlərinin artıq yaradıldığı nəzərə alınarsa, bu gün Rusiya yükgöndərənləri üçün həmişəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Biz bu dəhlizin buraxılış imkanlarının genişləndirilməsi barədə danışıqlar aparırıq. Lakin bir çox başqa mövzular da var.

Moderator Rebekka Maklaflin-İstham: Təşəkkür edirəm, cənab Prezident. İndi sual Holqer Fridrixdəndir. Buyurun, sualınızı verin.

Holqer Fridrix: Mən “Berliner Zeitung” qəzetinin nümayəndəsiyəm. Mənim sualım belədir: Sizin məhz ölkənizlə və prezidentliyinizlə bağlı natamam, qeyri-dəqiq və manipulyasiya edilmiş hesabatlara münasibətiniz necədir? Fərq etməz, bu məlumatlar haradan qaynaqlanır?

Prezident İlham Əliyev: Təəssüf ki, bu, Qərbdən qaynaqlanır və dediyim kimi, bu, bizim gündəlik həyatımızın bir hissəsinə çevrilib. Əvvəllər biz təəccüblənirdik, sonra məyus olurduq, indi isə buna çox biganə yanaşırıq. Bizim üçün fərq etməz, çünki burada əsas qərar sahibi Azərbaycan xalqıdır və hökumətin fəaliyyəti məhz xalqın mənafeyi naminədir. Əlbəttə, biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın. Bu, müəyyən dezinformasiya sayəsində obyektiv deyilsə, eybi yoxdur. Ancaq bu, məqsədyönlü şəkildə edilirsə, bu, Azərbaycanı nüfuzdan salmağa yönəlibsə, əlbəttə, biz sual veririk ki, bu, nədən baş verir, bu, niyə belə olmalıdır? Dediyim kimi, bizim bununla bağlı edə biləcəyimiz o qədər də çox deyil. Bu gün Qarabağda apardığımız işlər, ola bilsin ki, bu vəziyyəti dəyişə bilər. Ancaq vaxt keçdikcə siyasi dairələrdə - Qərbdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.

Moderator Rebekka Maklaflin-İstham: Növbəti sual Gela Vasadzedəndir. O, müstəqil jurnalistdir.

Gürcüstanlı müstəqil jurnalist və siyasi analitik Gela Vasadze: Cənab Prezident, Sizi salamlayıram. Mən sual vermək istərdim ki, Siz Azərbaycan Respublikasının milli inkişaf konsepsiyası haqqında danışırdınız. Nəyə nail olmusunuz və bugünkü vəziyyət necədir? Sualım belədir: Bu gün Sizin arzuladığınız Azərbaycan və Cənubi Qafqaz nədən ibarətdir?

Prezident İlham Əliyev: Mən bu haqda fevralda inauqurasiya mərasimindəki çıxışımda danışmışam. Qeyd etmişəm ki, biz hamımız bir yerdə cəmiyyət, bütün insanlar - hansılar ki, gələcək inkişafa töhfə vermək istəyən insanlar gərək yeni milli ideyanı formalaşdıraq. Bizim belə bir ideyamız var idi. Yəni, siyasi üstünlükdən asılı olmayaraq belə bir ideyamız var idi. Bu da ərazi bütövlüyümüzün bərpası və öz ərazilərimizin qaytarılması idi. Biz buna nail olduq, keçən ilin sentyabrında biz buna tamamilə nail olduq. Gürcüstanın, Ermənistanın, Azərbaycanın xarici siyasət vektorlarının necə inkişaf etməsindən asılı olaraq, biz sizin sualınıza cavab verə bilərik ki, hansı Cənubi Qafqazda yaşamaq istəyirik. Hamı deyəcək ki, biz sülh içində yaşayan, münaqişəsiz, müharibəsiz, ərazi iddiası olmayan, hamının bir-birini sevdiyi, əməkdaşlıq etdiyi Cənubi Qafqaz istəyirik. Lakin bu, badə qaldıranda gözəl kəlamlardır, real siyasət üçün belə deyil. Odur ki, həm Gürcüstanda, həm də Ermənistanda yeni xarici siyasət gündəliyi formalaşan dövrdə onu dərindən düşünməli, təhlil etməli və bundan sonra, - Azərbaycanda bu dəyişməyib və əminəm ki, dəyişməyəcək, - biz müəyyən tədbirlər görməliyik ki, inteqrasiya olmasa da, ən azından müəyyən əməkdaşlıq mövcud olsun. Mən dəfələrlə söyləmişəm və dərindən təəssüf edirəm ki, Cənubi Qafqaz ölkələri - hansılar ki, müharibə vəziyyətinə düşmüşdü, Baltikyanı ölkələrin yolunu təkrarlaya bilməyiblər. Bildiyiniz kimi, həmin ölkələr açıq şəkildə münaqişələrdə olmayıb. Əgər bölgəmizdə də belə olsaydı, Cənubi Qafqaz iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi.

Moderator Rebekka Maklaflin-İstham: Frans Keyn, buyurun, sualınızı verin.

Frans Keyn: Təşəkkür edirəm, Zati-aliləri, cənab Prezident. Sizə sualım belədir: COP29-la bağlı tədbirlərin mediada işıqlandırılmasını necə görürsünüz və Sizin yanaşmanız necə olacaqdır? Çünki böyük ehtimalla bu tədbir Qərb mediası tərəfindən qərəzli şəkildə işıqlandırılacaqdır.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bizim namizədliyimiz və ev sahibliyimizlə bağlı qərar verildikdən sonra - növbəti həftə Qərb mediasında bizə qarşı hücumlar başladı. Bu, gözlənilən bir hal idi. Deyə bilərəm ki, qərardan altı ay keçdikdən sonra biz daha az hücuma məruz qalırıq. Ancaq onu bilirik ki, tədbir yaxınlaşdıqca bu ittihamların və hücumların sayı artacaqdır. Ədalətsiz və ikili standartlara əsaslanan işıqlandırmaya gəlsək, biz bilirik ki, COP tədbirinin biri Qlazqoda - Böyük Britaniyanın neft hasil etdiyi bir bölgəsində keçirilirdi və heç kəs o zaman Böyük Britaniyanı ittiham etmirdi ki, onların neft və qazı var. Bu, məhz bizim dediklərimizin həqiqi olduğunu sübut edir. Mən dünən Londondan, “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısından qayıtmışam. Mən artıq 3-cü dəfədir o tədbirdə iştirak edirəm. Yəni, budur bizim üstünlüyümüz. Biz körpülər qura bilirik. Biz inkişafda olan kiçik ada ölkələri ilə əməkdaşlıq edirik. Bizim COP29 çərçivəsində bununla bağlı tədbirimiz olacaqdır və orada ittifaq ölkələri də iştirak edəcək. Biz ittifaq ölkələri ilə birgə fond yaradacağıq ki, inkişafda olan həmin kiçik ada ölkələrinə kömək edək. Çünki bu vəziyyət onların mövcudluğuna təhlükədir. Yəni, biz müxtəlif istiqamətdə irəliləyirik. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Ümid edirəm ki, uğurlu tədbir kimi onun yaxşı nəticələri olacaq. Bütün dostlarımızı noyabrda bizimlə birlikdə olmağa dəvət edirəm.

Moderator Rebekka Maklaflin-İstham: Biz böyük məmnuniyyətlə orada iştirak edəcəyik. Növbəti sual Karlayl Korbindəndir. O, BMT-də Fransa Polineziyasının nümayəndəsidir.

Karlayl Korbin: Cənab Prezident, yanlış narrativlərdən biri odur ki, guya kolonializmə son qoyulmuşdur. Siz bu sahədə ən fəal liderlərdən birisiniz, bəlkə də ən fəal Lidersiniz. Biz Fransa müstəmləkə əraziləri ilə bağlı mühüm bir tədqiqatı başa çatdırmışıq və onu təqdim edəcəyik. Kolonializmə dair gələcək təşəbbüsləriniz barədə nə deyərdiniz?

Prezident İlham Əliyev: Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır. Biz kolonializmdən əziyyət çəkən bütün xalqları dəstəkləməyə davam edəcəyik, əlimizdən gələni edəcəyik. Bir çox ölkələr buna göz yummağa çalışırlar, başqa tərəfə baxmağa çalışırlar. Özlərinə başağrısı axtarmırlar. Onlar qorxurlar ki, “Fiqaro” və ya “Le Monde” qəzetlərində demonizasiyaya məruz qalarlar. Həmin qəzetlər bu gün Fransa prezidentinin rejiminin təsiri altındadır. Mən sizə tam əminliklə deyə bilərəm, biz çox gözəl bilirik ki, həmin o media şirkətlərinə Yelisey sarayından hansı mesajlar ötürülür. Biz buna məhəl qoymuruq. Biz sizi hər zaman dəstəkləyəcəyik.


***

19.40

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib.

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda iştirak edib və sualları cavablandırıb.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunacaq. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparacaqlar.

Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat veriləcək.

Xatırladaq ki, “4-cü Sənaye inqilabı dövründə yeni media” mövzusunda I Şuşa Qlobal Media Forumu ötən il iyulun 21-23-də keçirilib. 

***

16:19

İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu keçirilir.

TodayPress xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumda çıxış edir.

Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatılacağı Forum iştirakçılar üçün birgə müzakirə və hərəkət platforması rolunu oynayır.

tag: Prezident, İlham Əliyev, Şuşa,Qlobal Media Forum, todaypress.az,