İlham Əliyev Ərdoğana Azərbaycanın D8-ə üzv seçilməsində dəstəyinə görə təşəkkür etdi
Siyasət
20.12.2024 20:24
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
TodayPress-in məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə
şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının
(D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8
təşkilatının üzvü seçilməsinə görə qardaş Türkiyə Respublikasına və şəxsən Sizə
dərin təşəkkürümü bildirirəm. Ölkəmizin D-8-ə qəbul olunmasının təşkilatın
gücləndirilməsinə xidmət edəcəyi ilə bağlı sözlərinizə görə Sizə minnətdaram.
28 il bundan əvvəl Türkiyənin təşəbbüsü və liderliyi ilə
yaradılmış bu təşkilat hazırda inkişaf etməkdə olan ölkələrin dünya
iqtisadiyyatı daxilində rolunun artması, iqtisadi-ticari əlaqələrinin
şaxələndirilməsi və yeni imkanların yaradılması, beynəlxalq səviyyədə
mövqelərinin güclənməsi istiqamətində səmərəli fəaliyyət göstərməkdədir.
Qahirədə D-8 təşkilatının genişlənməsi ilə əlaqədar ilk
dəfə tarixi qərarın qəbul edilməsi Azərbaycana olan beynəlxalq etimadın
göstəricisi və eyni zamanda bizim üçün xüsusi qürur mənbəyidir. Azərbaycanın
namizədliyinə ifadə edilən birmənalı dəstək təşkilata üzv olan hər bir ölkə ilə
möhkəm dostluq və əməkdaşlıq münasibətlərimizin, birliyimizin və
həmrəyliyimizin təzahürüdür.
Əminəm ki, Azərbaycan bütün üzv ölkələrlə birlikdə D-8-in
təməl prinsiplərinin qorunması, təşkilat çərçivəsində əməkdaşlığın dərinləşməsi
və ümumi maraqlarımızın təşviqi, İslam həmrəyliyinin möhkəmlənməsi və böyük
gücə çevrilməsi məqsədilə birgə səylərin səfərbər olunmasına öz töhfəsini
verəcəkdir.
Əziz Qardaşım,
Fəxr hissi ilə qeyd etmək istərdim ki, dərin tarixi
köklər, ortaq milli-mənəvi dəyərlər ilə bir-birinə sıx bağlı olan xalqlarımızın
iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək
pillədə qərarlaşmışdır. Sarsılmaz dostluq və qardaşlığımız, siyasi, iqtisadi,
ticari, hərbi, hərbi-texniki, humanitar və digər sahələrdə qarşılıqlı faydalı
əməkdaşlığımız və birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji
müttəfiqliyimizi səciyyələndirən mühüm amillərdəndir.
Noyabr ayında COP29-da iştirak etmək üçün Azərbaycana
səfərinizi yüksək qiymətləndirir, Sizinlə səmimiyyət, qarşılıqlı etimad və
mehribanlıq şəraitində keçən görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş
təəssüratlarla xatırlayıram.
Bir daha Sizə minnətdarlığımı ifadə edir, möhkəm
cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına
daim əmin-amanlıq və firavanlıq diləyirəm".
tag: İlham Əliyev, Prezident, Türkiyə, Ərdoğan,Azərbaycan,