İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ
Siyasət
14.10.2024 20:07
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni
təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul
edib.
TodayPress xəbər
verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham
Əliyev səfirlə söhbət etdi.
Dövlətimizin
başçısı indiyədək əməkdaşlığımızla bağlı bir o qədər də işlər görülmədiyini
deyərək, potensial sahələrdə, o cümlədən ticarət sahəsində əlaqələrin inkişafı
üçün yaxşı imkanların olduğunu vurğuladı.
Siyasi sahədə
əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqının bir
sıra dövlətləri ilə tərəfdaşlığının fəal fazada olduğunu qeyd etdi.
Dövlətimizin başçısı regionumuz üçün əhəmiyyətli olan bu tarixi məqamda
regional siyasətə dair müzakirələrin önəminə toxundu.
Ölkələrimiz
arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən ticarət istiqamətində
inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyən səfir vurğuladı ki,
Danimarka siyasətçiləri arasında Azərbaycanın Avropa ilə Mərkəzi Asiyanı
birləşdirən mühüm ölkə olması barədə anlayış artmaqdadır. O, ölkəmizin ticarət,
enerji, infrastruktur sahələrində haba çevrilmək istiqamətində inkişaf etdiyini
vurğulayaraq, Danimarka şirkətlərinin bu işlərdə rol oynaya biləcəyini qeyd
etdi.
Dövlətimizin
başçısı neft-qaz və yaşıl enerji sahələrinə investisiyaların cəlb olunması ilə
bağlı Azərbaycanda böyük işlərin həyata keçirildiyini deyərək, eyni zamanda,
ölkəmizin yaşıl enerji və nəqliyyat sahələrində beynəlxalq haba çevrilməsi
istiqamətində də fəal fazada işlərin aparıldığını bildirdi.
Prezident İlham
Əliyev vurğuladı ki, açıq dənizlərə çıxışımızın olmamasına baxmayaraq, ölkəmiz
Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşir və biz ən böyük
beynəlxalq yükdaşıma donanmalarından biri daxil olmaqla, ən müasir nəqliyyat
infrastrukturu, dəmir yolu və avtomobil yolu, dəniz limanları və hava yolları
şirkətlərini yaratmağa müvəffəq olmuşuq. Azərbaycan Prezidenti vurğuladı ki,
bütün bunlar beynəlxalq əməkdaşlıq üçün möhkəm platforma yaradır və bu dəhliz
Azərbaycan vasitəsilə Şərqlə Qərb arasında daşımalar üçün ən yaxşı marşrutdur.
Dövlətimizin
başçısı Azərbaycanda yükdaşımaların həcminin daim artdığını qeyd edərək,
hazırda nəqliyyat infrastrukturu, o cümlədən gömrük sahəsində rəqəmsallaşmanın
fəal surətdə aparıldığını bildirdi və vurğuladı ki, bu da daşımaların həcminin
artırılması və rahat surətdə həyata keçirilməsi işinə xidmət edəcək.
Danimarka
səfiri Azərbaycanın uğurlu inkişaf strategiyasının olduğunu və bu xüsusda,
ölkəmizin regionun nəqliyyat-logistika mərkəzinə çevrilmək niyyətini təqdir
etdiklərini diqqətə çatdırdı.
Danimarkanın öz
regionunda nəqliyyat sahəsində böyük təcrübəyə malik olmasına və bu sahədə
Danimarka şirkətlərinin fəallığına toxunularaq, ölkələrimiz arasında
nəqliyyat-logistika sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi və bu
istiqamətdə böyük perspektivlərin olduğu vurğulandı.
Səfir COP29-la
əlaqədar təbriklərini çatdırdı və bunun dünyamiqyaslı bir tədbir olduğunu
vurğuladı. COP29 çərçivəsində Danimarka ilə Azərbaycanın iqlim üzrə nümayəndə
heyətlərinin yaxşı əlaqələrə malik olduğu və konstruktiv şəkildə əməkdaşlıq
etdikləri bildirildi, bu sahədə ölkələrimiz arasında birgə təşəbbüslərə dair
fikir mübadiləsi aparıldı.
Söhbət zamanı
müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri, biznes dairələrinin birbaşa
təmaslar qurması, yaşıl enerji və yaşıl texnologiyalar sahələrində əməkdaşlıq
məsələləri müzakirə olundu.
Dövlətimizin
başçısı yaşıl enerji məsələsinə toxunaraq, Xəzər dənizini və Qara dənizi
birləşdirən yaşıl enerji dəhlizinin yaradılması prosesində ölkəmizin fəallığını
qeyd etdi və bu xüsusda, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında
Qara dənizin dibi ilə çəkiləcək kabel xəttini, həmçinin Mərkəzi Asiya ölkələri
- Qazaxıstan və Özbəkistanın Xəzər dənizi vasitəsilə Azərbaycana birləşdirən
bərpaolunan enerji layihələrini vurğuladı.
Görüşdə Avropa
İttifaqının enerji tələbatının artacağı vurğulandı və yaşıl enerjiyə əsaslanan
alternativ enerji mənbəyi kimi formalaşmaqda olan bu dəhlizin əhəmiyyəti qeyd
edildi.
Söhbət zamanı
Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq məsələləri ilə bağlı fikir
mübadiləsi aparıldı.
***
13:07
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun etimadnaməsini qəbul edib.
tag: Azərbaycan ,İlham Əliyev ,Danimarka , Ole Toft ,Etimadnamə ,todaypress.az,