İlham Əliyev Çex Respublikasının Baş naziri ilə görüşdü - YENİLƏNDİ
Siyasət
12.11.2024 21:34
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr
Fiala ilə görüşüb.
TodayPress xəbər
verir ki, COP29 tədbirinə dəvətə görə minnətdarlığını ifadə edən Petr Fiala
Azərbaycana ilk dəfə səfər etməsindən məmnunluğunu bildirdi. Çex
Respublikasının Baş naziri COP29-un yüksək səviyyədə təşkil olunduğunu
vurğuladı və bununla bağlı dövlətimizin başçısını təbrik etdi. O, COP
miqyasında tədbirin belə bir qısa müddətdə təşkil edilməsinin heç də asan
olmadığını vurğuladı.
Qonaq qeyd etdi
ki, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyətini əks etdirən çox gözəl
təqdimat nümayiş olunub.
Dövlətimizin
başçısı Azərbaycan tərəfindən COP29-a hazırlıq tədbirlərinin qısa müddət
ərzində yüksək səviyyədə həyata keçirildiyini və digər COP sədri ölkələrindən
fərqli olaraq, bizim hazırlıq üçün çox az vaxtımızın olduğunu vurğuladı.
Tədbirin mahiyyəti üzrə aparılan danışıqlar prosesində artıq irəliləyişlərin əldə olunduğunu, qısa müddət ərzində gündəliyin razılaşdırıldığını deyən Prezident İlham Əliyev bu xüsusda vurğuladı ki, 10 ildən çoxdur müzakirələrin aparılmasına baxmayaraq, Paris Sazişinin karbon ticarəti üzrə 6-cı maddəsi ilə bağlı indiyədək irəliləyişlər əldə olunmamışdır. Ancaq dünən məhz Bakıda bununla əlaqədar müvafiq irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı bunu müsbət addım kimi qiymətləndirdi.
Prezident İlham Əliyev
2022-ci ildə Avropa Siyasi Birliyi çərçivəsində Çex Respublikasına səfərini
məmnunluqla xatırladı.
Görüşdə
ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə
dair fikir mübadiləsi aparıldı.
***
17:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb.
tag: Çex, Prezident, İlham Əliyev,Petr Fiala, Baş Nazir, todaypress.az,