İlham Əliyev BRİCS sammitinə dəvət olundu
Siyasət
29.08.2024 20:42
Azərbaycan Prezidenti İlham Əliyev
oktyabrda Kazanda keçiriləcək BRİCS sammitinə dəvət olunub. Rəsmi Moskva
Bakının müvafiq birliyə üzvlüklə bağlı müraciətini dəstəkləyir.
TodayPress xəbər verir ki, bu barədə Rusiyanın
xarici işlər nazirinin müavini Sergey Ryabkov jurnalistlərə məlumat verib.
Azərbaycanın BRİCS-ə qoşulmaq üçün müraciətinə münasibət
bildirən nazir müavini Moskvanın buna çox sevindiyini qeyd edib.
“Biz Azərbaycanın müraciətini dəstəkləyirik. Hesab edirik
ki, Azərbaycan BRİCS-ə qoşulmaqla, şübhəsiz ki, əlavə dinamika və unikal
təcrübə, o cümlədən eyni vaxtda və konstruktiv şəkildə bir çox gündəmdə işləmək
təcrübəsi gətirəcək güclü namizəddir” Ryabkov deyib.
O həmçinin qeyd edib ki, BRİCS-in kvintessensiyası təzyiq
və şantajın inkarı və beynəlxalq hüququn prinsip və normalarına hörmətdir.
“Bütün bunlar Azərbaycanın Prezidentinin rəhbərliyi
altında həyata keçirdiyi siyasətə tam uyğundur. Bizim Azərbaycanla əla
münasibətlərimiz var. Hesab edirəm ki, BRİCS-ə doğru hərəkət və BRİCS ilə
yaxınlaşma davam edəcək, amma eyni zamanda qeyd etmək istərdim ki, BRİCS-də
bütün qərarlar konsensusla qəbul edilir. Sədrlikdən çox şey asılı olur, amma
heç də hər şey deyil” nazir müavini vurğulayıb.
O həmçinin əlavə edib ki, ötən il Yohannesburqda
keçirilən sammitdə verilən tapşırıqlara uyğun olaraq, Prezident İlham Əliyevin
dəvət olunduğu Kazan sammitinə gələcək tərəfdaş dövlətlərin siyahısı
hazırlanır.
“Müxtəlif imkanlar, müxtəlif alqoritmlər var. Amma biz
Azərbaycanın BRİCS-ə qoşulmaq ilə bağlı müraciətini dəstəkləyirik” Ryabkov
bildirib.
Xatırladaq ki, avqustun 20-də Azərbaycan Xarici İşlər
Nazirliyinin sözçüsü Ayxan Hacızadə "Report"a Azərbaycanın BRİCS-ə
qoşulmaq üçün rəsmi müraciət etdiyini açıqlamışdı. Bu barədə qurumun özü də “X”
sosial şəbəkəsindəki rəsmi hesabında xəbər yerləşdirib.
Avqustun 21-də Rusiya Federasiya Şurasının Beynəlxalq
Əlaqələr Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bildirib ki,
Azərbaycanın BRİCS-ə qoşulmaq üçün rəsmi müraciətinə Kazan sammitində baxıla
bilər.
BRİCS 2006-cı ildə yaradılan hökumətlərarası təşkilatdır
və tərkibinə Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya,
İran və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
tag: İlham Əliyev, Prezident, Kazan, Azərbaycan,BRİCS, todaypress.az,