İlham Əliyev BMT-nin Baş katibi ilə görüşdü
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev noyabrın 11-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio
Quterreş ilə görüşüb.
TodayPress xəbər verir ki, BMT Baş katibi Azərbaycanın
COP29-a sədrliyinə görə təbriklərini çatdırdı və bununla bağlı uğurlar
arzuladı.
Antonio Quterreş BMT Katibliyi ilə Azərbaycan nümayəndə
heyətinin yaxından əməkdaşlıq etdiyini vurğulayaraq, ölkəmizin sədrliyinin
uğurla aparılması üçün BMT-nin hər cür dəstək göstərməyə hazır olduğunu dedi.
Baş katib COP çərçivəsində G20-nin tədbirində və COP-un
bağlanış mərasimində də iştirak edəcəyini bildirdi.
Söhbət zamanı builki COP-un gündəliyində maliyyə
hədəfləri mövzusunun olduğu qeyd edildi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan müxtəlif
ölkələr arasında konsensusun tapılması və həmrəyliyin əldə olunması
istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
Görüşdə qlobal iqlim dəyişmələri mövzusunun əhəmiyyəti
vurğulandı, “Gələcəyin Sammiti”nin və BMT-nin digər sənədlərində də iqlim
dəyişmələri mövzusunun xüsusi prioritet məsələlərdən olduğu bildirildi.
tag: BMT, COP29, Antonio Quterreş, Azərbaycan, G20, todaypress.az,