İlham Əliyev ABŞ Prezidentinin baş müşavirini qəbul etdi - YENİLƏNDİ
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq
İqlim Siyasəti üzrə baş müşaviri Con Podestanı qəbul edib.
TodayPress xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını
bildirən Con Podesta COP29-la bağlı azərbaycanlı həmkarlarla çox səmərəli və məhsuldar
söhbətlərin aparıldığını dedi. Qonaq Azərbaycan Prezidenti ilə COP29 barədə
fikir mübadiləsi aparmaqdan məmnunluq hissi keçirdiyini vurğuladı. Con Podesta
dedi ki, COP sədri qismində ölkəmizin hazırlıq üçün vaxtının az olmasına
baxmayaraq, Azərbaycan heyəti tərəfindən yüksək peşəkarlıq nümayiş etdirilib.
O, qarşıdan gələn COP-da İkiillik Şəffaflıq hesabatları və digər məsələlər,
xüsusilə də yeni kəmiyyət maliyyə hədəfi üzrə mühüm qərarların qəbul
olunmasının vacibliyini bildirdi.
Prezident
İlham Əliyev Con Podestanın Azərbaycan tərəfi ilə yaxşı əlaqələr yaratmasını məmnunluqla
qeyd etdi. COP29-un əhəmiyyətinə toxunan dövlətimizin başçısı bu tədbirin yaxşı
nəticələr verəcəyinə ümidvarlığını bildirdi. Prezident İlham Əliyev bu
konfransın keçirilməsi ilə bağlı hazırlıq işlərinə bir ildən də az müddət
olmasına baxmayaraq, onun yüksək səviyyədə təşkil olunması və iştirakçı ölkələr
arasında konsensusun əldə edilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərdiyini
dedi. Azərbaycan tərəfinin sədr olaraq ölkələr arasında körpülərin qurulmasına
çalışdığını vurğulayan dövlətimizin başçısı ölkəmizin bir sıra təsisatlarda
üzvlüyünün və müxtəlif dövlətlərlə yaxın əlaqələrinin olmasının COP29-da
konsensusun qurulması prosesinə töhfə verəcəyinə ümidvarlığını ifadə etdi.
Söhbət zamanı
Azərbaycan və ABŞ COP nümayəndə heyətləri arasında yaxşı əməkdaşlığın olduğu
vurğulandı. Bakıda keçirilən COP-öncəsi tədbirin vacibliyi qeyd olundu və bu çərçivədə
aparılan müzakirələrin qarşıdan gələn COP tədbirinin gündəliyinin müəyyən
olunması üçün önəmi bildirildi.
Con Podesta
ABŞ-ın regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırdı.
44 günlük Vətən
müharibəsindən sonra Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin və
onun əsasını təşkil edən beş fundamental prinsipin təşəbbüskarının məhz Azərbaycan
tərəfi olduğunu deyən Prezident İlham Əliyev qeyd etdi ki, ölkəmiz regional
sülh gündəliyini dəstəkləyir.
Görüşdə Azərbaycan
ilə ABŞ arasında ikitərəfli gündəliyə aid məsələlər də müzakirə olundu.
***
14.42
Azərbaycan Prezidenti İlham Əliyev
oktyabrın 9-da ABŞ Prezidentinin Beynəlxalq İqlim Siyasəti üzrə baş müşaviri
Con Podestanı qəbul edib.
TodayPress xəbər verir ki, məlumatı
Prezidentin Mətbuat Xidməti yayıb.
tag: Prezident ,İlham Əliyev ,ABŞ ,BMT ,todaypress.az,