“İkibaşlı” siyasətin çətin dövrü: Ermənistanın seçimi nə olacaq? – TƏHLİL

Siyasət

14.03.2025 14:35

1527

“Ermənistan hazırda gözləmə mövqeyindədir. Regional olaraq hansı güc daha güclü olacaqsa, onun yanında olmağa məcbur olacaq”.

Politoloq Azər Qasımov bunu TodayPress-ə danışarkən deyib. 

Onun sözlərinə görə, Cənubi Qafqaz regionunun destruktiv halqası kimi Ermənistanın regionda beynəlxalq güclərə bağlı olmadan mövcudluğu mümkün deyil:

“Bu nöqteyi-nəzərdən Ermənistanın tək bir qütbə bağlılığı onun təhlükəsizliyi üçün təhdiddir. İndiki siyasət də buna hesablanıb. Rusiya ilə artan ticari əlaqələr fonunda Qərbin xoşuna gəlmək üçün Rusiya ilə əlaqəli hərbi birlikdən kənarda dayanması onu deməyə əsas verir ki, Ermənistan “ikibaşlı” siyasət yürüdür. Bir qütb ilə iqtisadi, digər qütb ilə hərbi əlaqələr yaradır. Geosiyasi durumun indiki məqamında, "Kollektiv Qərb" anlayışının parçalandığı və güclərin yerdəyişməsinin baş verdiyi vaxtda Ermənistanın ikibaşlı siyasəti çətin dövrə daxil olur. Məsələ ondadır ki, Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatlarının bir-birindən uzaqlaşması, yeni ittifaqların yaranması, ABŞ-Rusiya yaxınlaşması, Türkiyənin və Çinin öz mövqelərində dəyişiklik edərək əks tərəflərə dəstək verməsi fonunda geosiyasi qarşıdurma meylləri artır. Rusiyanı dəstəkləyən Çin Ukraynaya dəstək verməyə başlayır. Türkiyənin hər zaman uzaq tutulduğu Aİ üçün təhlükəsizlik baxımından ən vacib ölkəyə çevrildiyi durumda Ermənistanın da hansı güclərə vurğu edəcəyi maraq doğurur”. 

Ekspert Ermənistanın əslində kimin yanında olmasının əhəmiyyət kəsb etmədiyini bildirib. O, qeyd edib ki, regional olaraq hansı güc daha güclü olacaqsa, Ermənistan onun yanında olmağa məcbur olacaq. Bu baxımdan hesab edir ki, Ermənistan hələlik gözləmə mövqeyi tutmaq istəyir və ABŞ-Rusiya münasibətlərinə Ukrayna müharibəsi fonunda aydınlıq gəlməsini gözləyir.   

“Ermənistan bunun nəticəsinə görə qərar verəcək və hansı dövlət ona daha yaxşı təhlükəsizlik təminatı verəcəksə, onun yanında olacaq. Bu, əslində, bütün kiçik dövlətlər üçün keçərlidir. Sadəcə, Azərbaycan Ermənistandan fərqli olaraq region üçün yox, ətraf regionlar üçün də vacib ölkədir. Odur ki, Azərbaycanın təhlükəsizliyinin qorunması bütün güclər üçün vacib məsələlərdən biridir” deyə A. Qasımov yekunlaşdırıb.

Qeyd edək ki, Ermənistanın Qərbə yönəlik siyasəti gözlənilən nəticələri verməyib və Tramp administrasiyası dövründə İrəvanın ABŞ-dən əvvəlki kimi dəstək alması ehtimalı azdır. Bu isə Ermənistanın daha çox Rusiyaya yaxınlaşmasına səbəb ola bilər.

Qiymət Mahir

tag: Politoloq,Azər Qasımov,Ermənistan,Rusiya,ABŞ,Təhlil,Todaypress.az,

photo