Hikmət Hacıyev: “Ermənistan Azərbaycandan üzr istəməlidir”

Siyasət

30.08.2024 11:52

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində itkin düşmüş 4000-ə qədər Azərbaycan vətəndaşının taleyinin müəyyənləşdirilməsi yalnız onların doğmalarını deyil, Azərbaycan dövlətini narahat edən ən kəskin humanitar problemlərdən biridir. Ermənistan öz qeyri-insani mahiyyətini bir daha göstərərək onların aqibəti və kütləvi məzarlıqlarının yeri barədə məlumatları verməkdən yayınır”

TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasındakı paylaşımında bildirib.

Onun sözlərinə görə, bu insanlığa qarşı cinayətlərdə günahkar olanlar Ermənistanda nəinki cəzalandırılmır, hətta qəhrəmanlaşdırılır: 

“Lakin haqq, ədalət öz yerini tapdı! Bu gün həmin cinayətkarların əksəriyyəti Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab verir.  Erməni lobbisinin pulu müqabilində həmin müharibə canilərini azad etməyə çağıran bir sıra Qərb siyasətçiləri və qərb media orqanları utanmalıdırlar. Ermənistan öz vəhşi əməllərinə görə Azərbaycandan üzr istəməli, digər günahkarları özü məsuliyyətə cəlb etməli və kütləvi məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının dəqiq yerini bildirməlidir”.

H.Hacıyev qeyd edib ki, 30 il Ermənistan-Azərbaycan münaqişəsi kontekstində beynəlxalq humanitar hüquqa uyğun olaraq itkin düşmüş şəxslərimizin taleyini müəyyən etməli olan Beynəlxalq Qızıl Xaç Komitəsi kimi təsisatların fəaliyyəti qənaətbəxş deyil:

“Əfsuslar olsun ki, bu gün BQXK öz nizamnaməsinə və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistanın pullu sifarişi ilə hesabat yazan şəxslərə yalan məlumatlar ötürməklə məşğul olur və qərəzli anti-Azərbaycan propaqanda kampaniyasında yer alır. Azərbaycan dövləti özü itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bundan da sonra əlindən gələni əsirgəməyəcək, onların ailələrinin həsrət və iztirablarına son qoymaq üçün bu xüsusda olan davamlı tədbirlərini davam etdirəcəkdir”.

Xatırladaq ki, 30 avqust BMT qərarları ilə Beynəlxalq itkin düşmüş şəxslər günü kimi qeyd olunur.

Günəş Mərd

tag: Azərbaycan, Ermənistan, Hikmət Hacıyev, BQXK ,Nizamnamə, Tədbir, todaypress.az,