Hikmət Babaoğlu: “İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi səmimi və obyektiv deyil”
Siyasət
09.01.2025 14:06
“Zəngəzur dəhlizinin açılması məsələsi bu gün də öz aktuallığını itirməyib. İlin ilk günlərində Azərbaycan Prezidentinin bir daha dəhlizin açılması ilə bağlı məsələlərə toxunması təsadüfü deyil. Əslində ölkə başçısının yerli medialara verdiyi müsahibəsi rəsmi Bakının dünyaya yenidən təqdimatı kimi qiymətləndirilməlidir”.
Bunu TodayPress-ə verdiyi açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq müstəvidə yeni statusa malikdir:
“Ölkə başçısı məhz bu güc və mövqe kontekstində yenidən Zəngəzur dəhlizi məsələsinə toxundu. Düşünürəm ki, 2025-ci il dəhlizin açılması ili ola bilər. Çünki Azərbaycan Prezidenti dedi ki, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Bu sitat onu deməyə əsas verir ki, artıq biz dəhlizin açılması üçün məcburedici alətlərdən istifadə edə bilərik. Və təkcə Azərbaycan yox, burada maraqlı olan respublikalar da prosesdə rəsmi Bakının yanında iştirak edə bilərlər”.
Parlamentarinin fikrincə, bu məsələdə həm iqtisadi, həm də siyasi baxımdan Türkiyənin baş rol oynamasında məntiqi əlaqə var. Çünki dəhlizin bir ucunda Türkiyə, bir ucunda Azərbaycan, digərində isə Orta Asiya var. Ona görə də İranın xarici işlər nazirinin Türkiyəyə getməsi və sonra da ermənilərin müvafiq məsələ ilə bağlı bəyanat verməsi dəhlizin açılmasına istiqamətlənib:
“İranın dəhlizlə bağlı mövqeyi isə səmimi, əsaslandırılmış və obyektiv deyil. Tam əksinə, aqressivdir. Amma nəzərə almaq lazımdır ki, İran son bir ildə paralel olaraq bir sıra mühüm coğrafiyalarda geri adım atmağa məcbur olub, mövqelərini itirib. Bu günə qədər Suriyada söz sahibi olan, Fələstində, Qəzzada hakim mövqedən çıxış edən İran, indi sadəcə baş verənləri kənardan izləyir”.
O, sonda diqqətə çatdırıb ki, əgər İran qeyri-müəyyən davranışlar sərgiləməyə davam edərsə, Zəngəzur dəhlizinin açılması məsələsində də izləyiciyə çevrilə bilər.
“İran bunu başa düşdüyü üçün çalışır ki, prosesdə öz mövqeyini qoruyub saxlasın. Lakin gec-tez onu itirməyə məhkumdur. Çünki bu məsələdə yanaşması heç də obyektiv deyil” deyə Hikmət Babaoğlu vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, Zəngəzur dəhlizi ilə bağlı danışıqlara görə İran nümayəndə heyəti tezliklə Türkiyəyə səfər edəcək. Onun açıqlamasında ən çox diqqəti çəkən isə “Bu, siyasi deyil, texniki məsələdir” sözləri olub. Daha sonra isə XİN sözçüsü nitqini təkzib edib.
Töhfə Səməd
tag: Zəngəzur ,Dəhliz ,Hikmət babaoğlu ,İran ,todaypress.az,