Harutyunyan: Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə
cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin
hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını
pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ
keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə
təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan,
Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon
Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə
prosesinin baxış iclası martın 14-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin
baxış iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət
ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə
prosesində təqsirləndirilən şəxslərə cinayətkar birliyin tərkibində funksiya və
vəzifələr, vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Qarabağda hakimiyyətin
zorla ələ keçirilməsi, o cümlədən Ermənistanın rəhbərliyi və nəzarəti altında
fəaliyyət göstərmiş qondarma rejimdə "inzibati ərazi bölgüsü”, müxtəlif
vəzifələrə təyinatların aparılması və vəzifədən çıxarma, dövriyyədə olan pul
vahidi, xarici və daxili bank əməliyyatlarının həyata keçirilməsi, müxtəlif
malların idxal və ixracı, qondarma rejimin qanunsuz iqtisadi fəaliyyəti
nəticəsində istehsal olunan məhsulların üzərində istehsal yeri kimi hansı
ölkənin adının qeyd edilməsi, gömrük məsələləri, qondarma rejimin fəaliyyət
göstərdiyi ərazilərə səfərə gedən şəxslərə icazə və ya vizaların verilməsi,
erməni sakinlərin hansı ölkənin vətəndaşları olmaları, onlara şəxsiyyəti
təsdiqləyən sənədin hansı qurum tərəfindən verilməsi, "büdcəyə”
vəsaitlərin toplanma qaydası, həmin proseslərdə Ermənistan dövlətinin, onun
dövlət qurumlarının, silahlı qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və
iştirakına dair suallar ünvanlanıb.
Əvvəlcə
təqsirləndirilən şəxs Bako Sahakyana dövlət ittihamını müdafiə edən prokurorlar
tərəfindən suallar verilib.
Bako
Sahakyan dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən
qondarma rejimin "büdcəsi”nin Ermənistandan daxil olan vəsaitlər hesabına
formalaşdırıldığı etiraf edib. O, bu vəsaitlərin hər il verildiyini bildirərək
deyib: "Büdcə” Ermənistan tərəfindən verilən "kreditlər” hesabına,
həmçinin fərdi gəlirlərdən formalaşırdı. Bundan başqa, hər il müəyyən pul
toplanılması həyata keçirilirdi, dünyanın bir çox ölkələrindən kim istəyərdisə,
xeyriyyə fondları vasitəsilə kömək edə bilərdi”.
Təqsirləndirilən
şəxs Ermənistanın ayırdığı vəsaitlərin "faizsiz kreditlər”
adlandırılmasına baxmayaraq, həmin pulların geriyə qaytarılmadığını da etiraf
edərək bildirib: "Biz 1991-ci ildən 2023-cü ilədək Ermənistandan
göndərilmiş heç bir məbləği qaytarmamışıq, çünki bu, məntiqsiz bir şey idi. Ona
görə ki, bizim şəxsi resurslarımız ehtiyaclarımızı qarşılamağa qadir deyildi”.
O
etiraf edib ki, Azərbaycanın vaxtilə işğal altında olmuş suveren ərazilərində
istehsal edilən məhsullar xarici ölkələrə "Ermənistan məhsulları” adı
altında satılıb.
B.Sahakyan
işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda, Qarabağda yaşayan erməni
sakinlərin isə Ermənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmaz
əmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərini bildirib və
deyib: "Ermənistan bizim üçün xarici ölkə hesab edilmirdi”.
O,
sualları cavablandırarkən bildirib ki, Ermənistan silahlı qüvvələrinə tabe olan
qondarma rejimin "ordusu” onun ən böyük silahlı birləşməsi idi.
Baş
prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran B.Sahakyan
qeyd edib ki, qondarma rejimin "müdafiə naziri”, "Silahlı qüvvələrin
baş qərargah rəisi” və bu kimi digər yüksək vəzifələrə təyinat Ermənistan
Müdafiə Nazirliyinin təqdimatı əsasında həmin ölkənin prezidenti tərəfindən
həyata keçirilib. O, bu işlərə qarışmadığını deyib və bildirib: "Biz bunu
gizlətmirdik”.
Təqsirləndirilən
şəxs etiraf edib ki, qondarma rejimin "hərbi qurum”ları ilə bağlı bütün
bölgü və idarəetmə məsələləri Ermənistan Respublikası tərəfindən aparılıb.
B.Sahakyan
deyib ki, işğal edilmiş ərazilərə silah-sursat Ermənistan Respublikasından gətirilirdi.
O,
işğal altında olan ərazilərdə hərbçilərin maaşının necə verilməsi barədə sualın
cavabında deyib: "Büdcə” və "ordu” ilə bağlı bizim belə bir
xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin
təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı. Bunun bizə ayrılan
"kreditlərə” aidiyyəti yox idi”.
Bako
Sahakyan dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab verərkən bildirib
ki, qondarma rejimin "müdafiə naziri” ona deyil, Ermənistanın hərbi-siyasi
rəhbərliyinə məruzə etdiyi üçün Qarabağdakı hərbçilərin sayını dəqiq bilmir. O,
buna baxmayaraq, qondarma rejimin "müdafiə naziri” ilə münasibətləri yaxşı
olduğuna görə hərbçilərin qeyri-rəsmi sayını öyrəndiyini bildirib:
"Müdafiə naziri” Qarabağın "prezident”inə rəsmi şəkildə məruzə
etmirdi. Amma bizim özümüzün münasibətlərimiz var idi, bu da təbiidir. Çünki
"müdafiə ordusu” Qarabağın təhlükəsizliyini təmin edirdi. Mən bilməli idim
ki, bizim sayımız nə qədərdir”.
Təqsirləndirilən
şəxs Azərbaycanın işğal altında olan ərazilərində keçirilən hərbi təlimlərin
planının Ermənistan silahlı qüvvələrinin rəhbərliyi tərəfindən təsdiqləndiyini
bildirib.
Bako
Sahakyan işğal olunmuş ərazilərdə "İskəndər M”, "Toçka U” və digər
dağıdıcı silahlar barədə də Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarını cavablandırıb.
O,
sadalanan silahların işğal edilmiş ərazilərdə olmadığını bildirərək deyib:
"Bu silahlar Qarabağ ərazisində mövcud olmayıb. "Prezident” olduğum
müddətdə (2007-2020-ci illərdə) bu silahların Qarabağa gətirilmədiyini dəqiq
deyə bilərəm”.
Təqsirləndirilən
şəxs, həmçinin qeyd edib: "Müdafiə qurumları”nın "rəhbəri” qondarma
rejimin "prezident”inə məruzə etməyə borclu olmasa da, bu silahların
əhəmiyyətini nəzərə alaraq, onlar bizə verilsəydi, "ordu komandiri” bu
barədə mənə məlumat verməli idi”.
B.Sahakyan
qeyd olunan silahlardan istifadə edilməklə Azərbaycanın mülki obyektlərinin
atəşə tutulması, bunun kimin göstərişi ilə həyata keçirilməsi barədə isə
bunları bildirib: "Deyə bilərəm ki, həmin artilleriya atəşləri Qarabağ
ərazisindən olmayıb”.
Təqsirləndirilən
şəxs Arayik Harutyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun xüsusi
tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandırarkən deyib
ki, Azərbaycanın işğal altında olan ərazilərində istehsal edilmiş məhsullar
Ermənistan vasitəsilə xaricə satılarkən üzərində "Made in Armenia” sözləri
yazılıb. O əlavə edib: "Çünki Qarabağın "ixrac” etməyə hüququ,
imkanları yox idi. "İxrac olunan” növlər çox deyildi. Yalnız bir neçə
şirkət idi ki, "ixrac”la məşğul olurdu. Bu şirkətlər Ermənistanda
qeydiyyatdan keçirdi, filiallar, qardaş şirkətlər kimi. Çünki
sertifikatlaşdırma və digər sənədləşdirmə işləri üçün yeganə yol bu idi. Son
mərhələdə bu məhsul Ermənistandan ixrac olunurdu. Yaxud Ermənistanda
qeydiyyatdan keçmiş hansısa şirkətə köçürülürdü, həmin şirkət vasitəsilə emal
edilirdi”.
Təqsirləndirilən
şəxs deyib ki, qondarma rejimdə "bank sistemi” Ermənistan Mərkəzi Bankı
tərəfindən idarə olunurdu. Qarabağın pul vahidi və bank sistemi yox idi.
A.Harutyunyan
söyləyib ki, işğal dövründə Ermənistan vətəndaşları qondarma rejimdə nazir
təyin edilə bilərdilər. O, qondarma rejimin "ordu”sunun
maliyyələşdirlməsindən də danışaraq bildirib: "Ordu”nun
maliyyələşdirilməsi birmənalı olaraq Ermənistandan idi. "Ordu” Ermənistan
Müdafiə Nazirliyinin büdcəsindən maliyyələşirdi. Bundan başqa, bütün
vəzifələrin təyinatı Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifədə oturan
şəxsləri tərəfindən həyata keçirilirdi. "Müdafiə ordusu”nun
"komandiri”, eyni zamanda, "müdafiə naziri” adlandırılırdı. Biz
təyinatla bağlı məxfi qərar aldığımız zaman yayımlayırdıq ki, guya bu əmr bizim
tərəfimizdən verilib. Əmrin yerinə yetirilməsi qaydasını isə daha yaxşı Levon
Mnatsakanyan deyə bilər. Biz yalnız deyirdik ki, "müdafiə naziri” təyin etmişik.
"Qarabağ
ordusu” Ermənistan silahlı qüvvələrinin bir bölməsi hesab olunurdu. Təsəvvürümə
görə, yuxarıdan-aşağı – baş qərargah rəisindən aşağıya doğru qərarlar
verilirdi. Bunlar hamısı məxfi prosedurlarla aparılırdı. Onlarla tanış deyiləm.
Düşünürəm ki, bunlara daha dəqiq cavabı Mnatsakanyan verəcək. Əsas hərbi xadim
Ermənistanın baş qərargah rəisi idi, həm müharibə, həm də sülh şəraitində.
Müdafiə nazirinin də Ermənistanda bir neçə funksiyaları var. Bilmirəm kimin
hansı səlahiyyətləri var, amma əsas cavabdeh baş qərargah rəisi idi. Nəinki
silah-sursat, bütün təchizat Ermənistan Müdafiə Nazirliyi tərəfindən həyata
keçirilirdi, yəni, hər şey”.
O,
Azərbaycanın işğal altında olan ərazilərindəki erməniəsilli hərbçilərin sayını
dəqiq bilmədiyini, lakin onların çoxunun Ermənistan hərbçiləri olduğunu
bildirib.
A.Harutyunyan
qondarma rejimin "prezidenti” seçilməsindən də danışıb: "Bu
"vəzifə”ni 2020-ci il mayın sonunda təhvil almışam. Koronavirus
pandemiyasının ən aktiv mərhələsi idi. İyun ayında Ermənistanda Təhlükəsizlik
Şurasının birgə iclası idi. Orada Ermənistan Respublikasının prezidenti, baş
naziri ilə görüşmüşəm, siyasi vəziyyətdən, yəni, danışıqlar prosesindən söhbət
gedib. Danışıqlardan başa düşdüm ki, Ermənistan ordusu uzunmüddətli döyüş
əməliyyatlarına hazır deyil. Avqustun sonunda Ermənistan Respublikasının baş
naziri Qarabağa gələndə onu qəbul etdim”.
O,
dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandırarkən Gəncə
şəhərində mülki infrastrukturun və dinc əhalinin raket atəşinə tutulmasından da
danışıb. A.Harutyunyan bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah
rəisi Onik Qasparyandan məlumat aldığını bildirərək deyib: "Ermənistan
silahlı qüvvələrinin baş qərargah rəisi Onik Qasparyan idi. Mənim baş qərargah
rəisi ilə söhbətim olub. Birinci mərhələdə mənə Gəncədə yerləşən hava limanının
vurulması barədə məlumat verib. Daha sonra isə mənim onunla heç bir təmasım
olmayıb”.
A.Harutyunyan
hazırda Azərbaycanda mühakimə olunan Ermənistan Respublikasının vətəndaşı Ruben
Vardanyanla bağlı da danışıb, onu çox yaxşı tanıdığını bildirib: "Ruben
Vardanyanı 2005-ci ildən tanıyıram. Onunla dəfələrlə görüşmüşəm. Sonuncu görüş
2023-cü ilin avqust, sentyabr, oktyabr aylarında olmalı idi. İki ay yarım – üç
ay müddətində "dövlət naziri” olub.
Məhkəmənin
növbəti iclası martın 17-nə təyin olunub. Növbəti proses təqsirləndirilən
şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd
edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin,
hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin
şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan
Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit
Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik
Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon
Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq
müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103
(soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya
etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113
(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116
(silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Araik, Vardaryan, Məhkəmə, Bank, Ermənistan, Azərbaycan, todaypress.az,