Gürcüstanın çətin imtahanı: “Hökümətin devrilməsi cəhdlərinə şahid olacağıq” - AÇIQLAMA
Siyasət
01.08.2024 15:30
“Gürcüstan hakimiyyətinin yürütdüyü xarici siyasətə qarşı ABŞ bundan sonra da təzyiqlərini artıracaq. Biz parlament seçkilərinə qədər hökümətin devrilməsi və xaotik mənzərənin yaradılması cəhdlərinə şahid olacağıq”.
Bu sözləri TodayPress-ə danışan Politoloq Əli Zülfüqaroğlu deyib.
O, bildirib ki, Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul olunması ərəfəsində Qərb Gürcüstanın daxili işlərinə açıq formada müdaxilə edirdi. Çalışırdılar ki, ölkə daxilində xaos yaratsınlar və Rusiya ilə Gürcüstanın yaxınlaşmasını əngəlləsinlər:
“Gürcüstandan ABŞ-yə ixrac olunan rüsumsuz məhsullara da embarqo tətbiq ediləcək. Həmçinin bir sıra ticari müqavilələrə yenidən baxılacaq. Bununla yanaşı, Avropa İttifaqı tərəfindən də Gürcüstana təzyiqlər genişlənəcək. Turistlərin ölkəyə axınının qarşısı alınacaq və vizasız gediş-gəlişlərə məhdudiyyətlər qoyulacaq. Bütün bunlara baxmayaraq, düşünürəm ki, Gürcüstan hakimiyyəti öz siyasi kurslarında qərarlıdırlar”.
Analtikin fikrincə, Gürcüstanı çox çətin günlər gözləyir. Lakin bütün dövlətlər gələcəklə bağlı atdıqları addımları öncədən planlaşdırıb, sonra tətbiq edirlər. Buna görə də bütün bunlar Gürcüstanın əvvəlcədən proqnozlaşdırdığı fəlakətlərdir.
Xatırladaq ki, Gürcüstanda avqustun 1-dən "Xarici təsirin şəffaflığı haqqında" qanun qüvvəyə minib. Mübahisəli qanunun qəbul edilməsi ilə əlaqədar Aİ Gürcüstanın inteqrasiyasını dayandırıb. ABŞ isə qanunun qəbul edilməsində iştirak edən Gürcüstan rəsmilərinə sanksiya tətbiq edib.
Töhfə Səməd
tag: ABŞ, Gürcüstan, Müharibə, Çevriliş, Əli Zülfüqaroğlu,todaypress.az,