Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi
Gürcüstanın Baş naziri
İrakli Kobaxidze Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
ünvanlayıb.
TodayPress-in xəbərinə görə, təbrikdə deyilir:
"Azərbaycan
Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
İcazə verin,
Gürcüstan hökuməti və gürcü xalqı adından Sizi Novruz bayramı münasibətilə
səmimi-qəlbdən təbrik edim. Bu bayram yeni həyat, birlik, rifah rəmzidir və
bizim ölkələr arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq
kontekstində əhəmiyyət kəsb edir. Sizə və Azərbaycan xalqına sülh,
əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram.
Gürcüstan və
Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək
qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi
və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Ümumi regional maraqlarla
şərtlənən, ölkələrimiz arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli
əməkdaşlığımız nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm
zəmin yaradır.
Əminəm ki,
mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal
çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim
əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq
istərdim.
Zati-aliləri.
Fürsətdən istifadə edərək, bir daha Sizə ən yüksək ehtiramımı ifadə
edirəm."
tag: Gürcüstan, Baş Nazir, Təbrik, Novruz, İlham Əliyev, todaypress.az,