Gürcüstan uğrunda savaş: Zurabaşvilini Saakaşvilinin aqibəti gözləyir? - ŞƏRH
Siyasət
10.01.2025 18:01
“Hazırda Qərb və Rusiya
aktiv olaraq Gürcüstan uğrunda siyasi mübarizəyə başlayıblar. Hər iki tərəf Gürcüstanın
itirilməməsi üçün bütün siyasi alətlərdən istifadə edirlər”.
Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Amid Əliyev deyib.
Onun sözlərinə görə, 2003-cü il inqilabından sonra Gürcüstan rəsmi olaraq Qərbə
yönəlmiş siyasət kursunu seçib və aktiv olaraq Avro-Atlantik məkana inteqrasiya
prosesinə başlayıb:
“Bu, təbii ki, Rusiyanın bölgədəki maraqlarına tam şəkildə zidd
idi. Nəticədə rəsmi Tbilisi ərazisinin 20 %-nin Rusiya tərəfindən ilhaqı ilə
qarşılaşdı. Bu da öz növbəsində Gürcüstanın milli maraqlarına və
təhlükəsizliyinə tam şəkildə ciddi təhlükə yaratdı. Keçən müddət ərzində
Gürcüstan öz ərazilərini geri qaytara bilmədi. Qərb tərəfindən dəstəklənən
hakimiyyət bu siyasətə uyğun olaraq Rusiya ilə mövcud bütün əlaqələri kəsdi.
Bütün bunlar ən sonda sabiq prezident Mixeil Saakaşvilinin acı taleyi ilə
nəticələndi”.
Analitikin qənaətincə, indiki məqamda Gürcüstanda baş verən
siyasi proseslər olduqca ziddiyyətlidir. Belə ki, qərbyönümlü Salome
Zurabaşvili Rusiya tərəfindən dəstəklənən siyasi xətti və namizədi, Mixeil
Kavelaşvili rəsmən tanımır:
“Bütün ciddi cəhdlərə baxmayaraq Gürcüstanın qərbyönümlü
hakimiyyəti ölkədə Rusiyanın siyasi intervensiyasına qarşı çıxa bilmədi.
Nəticədə “xarici agentlər” haqqında qanun ratifikasiya olundu. Bununla da
Qərbin Gürcüstanı dəstəkləmə prosesi qırıldı. Ardınca Rusiyaya sadiq olan
Kavelaşvili prezident kimi təsdiqləndi. Bununla da Gürcüstan öz xarici siyasət
kursunu rəsmən dəyişdiyini bəyan etmiş oldu”.
A.Əliyev diqqətə çatdırıb ki, hazırda ölkədə Zurabaşvili və yeni
seçilmiş Kavelaşvilinin mövcud hakimiyyəti arasında ciddi dilemma yaşanır. Əgər
Saakaşvilinin dövründə siyasi hakimiyyət və xalq Qərbi dəstəkləyirdisə, indi
vəziyyət tamamilə dəyişib, siyasi hakimiyyət Rusiya yönünü seçib. Nəticədə
yaranmış ikitirəlik Gürcüstanda dərin siyasi böhrana səbəb olub. Baş verən
siyasi dəyişikliklə razılşamayan qərbyönümlü Zurabişvilinin taleyi isə təhlükə
altındadır:
“Ümumiyyətlə Qərbin Gürcüstanın ərazi bütövlüyünün bərpası
istiqamətində ciddi addım atmaması, lakin Rusiyanın qısa müddətdə siyasi
hakimiyyəti öz təsir dairəsinə salmağı bacarmağı Zurabişviliyə bir siqnal
olmalıdır. Rusiya öz namizədini legitim və dayanqlı olması üçün hər bir addıma
əl ata bilər. Hətta Saakaşvilidən də ağır tale Zurabişvilini gözləyə bilər”.
Politoloq sonda vurğulayıb ki, bütün bu ehtimallara baxmayaraq,
nəzərə almaq lazımdır ki, Gürcüstanın hazırki addımları milli maraqların
qorunmasına və ərazisinin tam şəkildə bərpa olunmasına hədəflənib. Bu yolda isə
siyasi mübarizədə buna qarşı çıxan istənilən aktor tam şəkildə
zərərsizləşdiriləcək.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili 29
dekabrdan sonra Gürcüstanın prezidenti mandatını təhvil verməyəcəyini bəyan
etmişdi. İndi də o, onu "keçmiş prezident" adlandıranlara qəzəblənib
və Gürcüstanın tək legitim liderinin özü olduğunu bildirib.
Töhfə Səməd
tag: Amid Əliyev, Gürcüstan, Saakaşvili ,Zurabuşvili, todaypress.az,