Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü oldu - YENİLƏNDİ 3

Siyasət

17.04.2025 17:01

21

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanın təşəbbüsü ilə 17 aprel 2025-ci il tarixində Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları arasında xarici işlər nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş keçirilib. 

Azərbaycan Xarici İşlər Nazirliyindən TodayPress-ə verilən məlumata görə, ilk növbədə, görüşdə iştirak edən Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya və Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan üç Cənubi Qafqaz ölkəsinin ilk üçtərəfli görüşünün keçirilməsini alqışlayıb və üç ölkənin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətə əsaslanan əməkdaşlıq potensialının imkanlarından hələ də tam şəkildə istifadə olunmadığını bildiriblər. 

Qeyd edilib ki, görüşün məqsədi regionda davamlı inkişaf və firavanlığı təşviq etmək naminə ümumi maraq kəsb edən sahələrdə üçtərəfli əməkdaşlığı inkişaf etdirməkdir. 

Bununla yanaşı, müvafiq sahələrdə əməkdaşlıq ümumi problemlərin həllinə dəstək ola və nəticədə Cənubi Qafqaz regionunun uzunmüddətli sabitliyinə və sürətli inkişafına təkan verə bilər. Görüşdə açıq fikir mübadiləsi şəraitində potensial əməkdaşlıq sahələrinə dair baxışlar təqdim edilib. 

Sonda görüş iştirakçıları etimad quruculuğu və dialoqun daha da yüksək səviyyəyə qaldırılmasına yol açmaq üçün ilkin mərhələ kimi qəbul edilən sözügedən görüşün müsbət və konstruktiv atmosferdə keçdiyini qeyd ediblər. 

***

12:28

Tbilisi görüşü Gürcüstan, Azərbaycan və Ermənistan arasında üçtərəfli əməkdaşlığın gələcək inkişafına töhfə verəcək. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) üç ölkənin XİN başçılarının müavinlərinin görüşü barədə yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, görüşün təşəbbüskarları Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovdur. 

“Görüşün məqsədi son nəticədə regionun tərəqqisi, sabitliyi və inkişafına istiqamətlənəcək üçtərəfli əməkdaşlığın daha da praktiki inkişafına töhfə verməkdir.

Bugünkü üçtərəfli görüş hər hansı digər mövcud əməkdaşlıq formatı ilə ziddiyyət təşkil etmir və onu əvəz etmir, üç qonşu ölkənin konstruktiv və qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün əlavə səylərini ifadə edir”, - məlumatda deyilir. 

*** 

11.29 

Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçılarının müavinlərinin görüşü başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Gürcüstanın İmedi telekanalı məlumat yayıb. 

Görüşdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Azarbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak edir. 

Tədbiri giriş sözü ilə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili açıb.  Görüşün məqsədi üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoyacaq mümkün istiqamətlərə dair üç ölkənin baxış və fikirlərini bölüşməkdir. 

Gürcüstanın XİN başçısının müavini Laşa Darsaliya jurnalistlərə açıqlamasında deyib ki, görüşdə üçtərəfli əməkdaşlığın imkanları müzakirə olunacaq. O, üç ölkə üçün maraqlı ola biləcək istiqamətlərin müəyyənləşdiriləcəyini vurğulayıb.

***

09:38

Bu gün Tbilisidə Ermənistan, Gürcüstan və Azərbaycan xarici işlər nazirinin müavinlərinin iştirakı ilə regional əməkdaşlıq üzrə üçtərəfli danışıqlar keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, danışıqlar zamanı tərəflər regional əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Gürcüstan daha əvvəl bəyan etmişdi ki, İrəvan və Bakı arasında sülh sazişinin imzalanması üçün də öz platformasını təqdim etməyə hazırdır.

tag: Azərbaycan,Ermənistan,Gürcüstan,Tiflis,Görüş,Todaypress.az,