Fransa riyakarlığı iş başında: Yeni Kaledoniya Azərbaycanla əməkdaşlıq sazişini ləğv etdi - POLİTOLOQ AÇIQLAMASI

Siyasət

19.10.2024 17:40

“Yeni Kaledoniyada öz haqlarını tələb edən insanlara beynəlxalq birlik səssiz qalarkən, Azərbaycan həmin müstəmləkəçiliyə qarşı qlobal mübarizənin önündə yer alıb”. 

Bunu TodayPress-ə verdiyi açıqlamada politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, Azərbaycanın Yeni Kaledoniya da daxil olmaqla Fransanın müstəmləkəçilik siyasəti yürütdüyü yerlərdə törədilən amansız insan haqları cinayətlərinə qarşı mübarizəsi davam edir. Fransanın güc strukturları öz müstəmləkələrində dünyanın qəbul etmədiyi, beynəlxalq hüquqa zidd addımlar atır, orada öz səsini çıxartmaq istəyən insanları həbs edir, onları təqibə məruz qoyur. Özünün saxta agentlərini isə Yeni Kaledoniyada, Korsika, Mayotlarda və başqa yerlərdə parlamentə və yaxud da digər orqanlara gətirməyə çalışır: 

“Düşünürəm ki, bu gün Yeni Kaledoniyada haqq, ədalət azadlığı istəyən insanlar fərqindədir ki, Azərbaycan həmişə onların yanında yer alacaq. Azərbaycan neomüstəmləkəçiliyə qarşı qlobal mübarizənin avantqardı olan bir ölkədir. Fransa tərəfindən ələ alınan və onun hiyləgər siyasi gedişləri ilə Azərbaycanla əldə edilən hansısa sazişin əleyhinə açıqlamalar verən adamlar Yeni Kaledoniyada və başqa yerlərdə öz insan haqlarını tələb edən adamlar üçün simvol və yaxud da göstərici rolunda çıxış edə bilməz”.

Qeyd edək ki, oktyabrın 14-də Yeni Kaledoniyanın Konqresinin yeni seçilmiş prezidenti Veylma Falaeo aprel ayında Azərbaycan parlamenti ilə imzalanmış əməkdaşlıq sazişinin ləğv edildiyini, bu sazişin hüquqi qüvvəsini itirdiyini bəyan edib.  Onu etibarsız sənəd elan edən yeni prezident, sazişi Yeni Kaledoniyanın daxili işlərinə xarici müdaxilə kimi qiymətləndirilib.

Xatırladaq ki, aprelin 18-də Azərbaycanın Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Sənəddə Azərbaycan və Yeni Kaledoniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi niyyəti ifadə olunub. Tərəflər arasında əməkdaşlığı inkişaf etdirmək üçün deputatlardan ibarət müvafiq qrupun yaradılması və bu qrupun fəaliyyətinin hər vasitə ilə təşviq edilməsi Memorandumda əksini tapıb. 

Töhfə Səməd

tag: Yeni Kaledoniya, Azərbaycan, Memorandum, Veylma Falaeo, Konqres, todaypress.az,

photo