Fövqəladə Paris sammiti: “Sülh olmayacaq” - PROQNOZ

Siyasət

18.02.2025 18:14

2558

“Avropa İttifaqı daxilində ciddi fikir ayrılıqları var və son zamanlar qütbləşmə olduqca kəskinləşib”.

Politoloq Turan Rzayev bunu TodayPress-ə verdiyi açıqlamada deyib. 

Onun sözlərinə görə, Parisdə keçirilən sammitdə Avropa liderləri arasında kəskin fikir ayrılıqları yaşanıb.   

“Avropa İttifaqı (Aİ) ölkələrinin nümayəndələri Ukraynaya qoşun göndərmək barədə razılığa gələ bilməyiblər.  Belə ki, Almaniya, İtaliya, Polşa və İspaniya öz hərbi kontingentini Ukraynaya göndərmək istəmədiyini bildirib. Böyük Britaniya isə qoşunların göndərilməsini dəstəkləyib. Fransaya gəlincə, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli kənarda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını ön plana çıxarıb”. 

Analitikin fikrincə, Aİ ölkələrinin bu məsələdə ortaq məxrəcə gələ bilməyəcəyi aydın məsələ idi. Çünki ittifaq daxilində ciddi fikir ayrılıqları var və son zamanlar qütbləşmə vəziyyətinə gəlib. Əsas qütbləşmə isə Fransa və Macarıstan arasındadır:

“Paris əvvəldən Rusiya-Ukrayna müharibəsinin davam etməsini müdafiə etdiyi halda Macarıstan savaşın bitməsi yönündə danışıqlar variantını təklif edirdi. Hətta Macarıstanın Baş naziri Viktor Orbanın Rusiyaya səfər etməsi, Kiyev və Moskva ilə ayrı-ayrılıqda danışmasına görə Aİ-dən sərt mesajlar gəlmişdi. Təsadüfi deyil ki, Çexiya, Rumıniya və Sloveniya Avropa liderlərinin Parisdə keçirilən sammitinə dəvət edilməyib. Diqqətçəkən məqam isə bu ölkələrin Macarıstanla eyni düşüncədə olmasıdır. Fransa Prezidenti Emmanuel Makronun Parisdə çağırdığı fövqəladə toplantıya Böyük Britaniya, Almaniya, İspaniya, İtaliya, Niderland, Polşa liderləri, eləcə də Avropa Şurasının sədri Antonio Koşta, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və NATO-nun Baş katibi Mark Rutte qatılmışdı.Almaniya, İtaliya, Polşa və İspaniyanın öz hərbi kontingentini Ukraynaya göndərmək istəməməsi başadüşüləndir. Xüsusilə Almaniya sənayesinin enerjiyə ehtiyacı var və müharibənin bitməsini ən çox Berlin arzulayır. Almaniya sülhdən sonra Rusiyadan qaz alışının əvvəlki kimi olmasını istəyir. Polşaya gəldikdə isə Varşava müharibəyə ən yaxın ölkədir. Ukraynaya ən çox yardım edən ölkə də Polşadır. Lakin Varşava ilə Kiyev arasında narazılıqlar var. Bununla belə Polşa müharibənin öz ərazisinə keçməsini istəmir”.

Turan Rzayevin qənaətincə, ümumilikdə Parisin təklifini daha məqbul saymaq olar. Belə ki, onlar atəşkəsdən sonra təmas xəttindən xeyli aralıda yerləşəcək sülhməramlıların göndərilməsi ideyasını dəstəkləyib. Aydın məsələdir ki, Rusiya ilə Ukrayna arasında yekun sülh müqaviləsi imzalanmayacaq. Lakin atəşkəs sazişi imzalana bilər. Bu halda iki ölkənin sərhədində beynəlxalq missiyanın yerləşdirilməsi qaçılmaz olacaq. 

Qeyd edək ki, Avropa liderləri fevralın 17-də Fransanın paytaxtı Parisdə Ukrayna ilə bağlı fövqəladə sammit keçirib.  

Aysel Mətləb

tag: Turan Rzayev,Ukrayna,Paris sammiti,Şərh,Qərar,Todaypress.az,

photo