Ermənistan Qərbin müstəmləkəsi olmağı qəbul etdi: Regionun yeni geosiyasi reallıqları - ŞƏRH

Siyasət

15.08.2024 14:34

“Qərb, Ermənistandan Rusiyaya qarşı silah kimi istifadə etdiyini açıq şəkildə nümayiş etdirir”.

Politoloq Zeynal Əmrəliyev bunu Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanovun gündəm yaradan “Vaşinqton İrəvanı Moskvaya qarşı poliqona çevirir” açıqlamasını TodayPress-ə şərh edərkən bildirib. 

Onun sözlərinə görə, hazırda Paşinyan hökuməti Qərbə qarşı şirnikləndirici tədbirlər həyata keçirir. Hətta bu yolda əzəli müttəfiqi olan Rusiya əleyhinə addımlar atmaqdan çəkinmir:

“Paşinyan hökuməti nəinki Rusiya, həm də geniş şəkildə İrana qarşı istifadə olunur. ABŞ-dən Ermənistana silahın daşınması, Amerikaya məxsus olan müəyyən sayda hərbi kontingentin məhz İranın hərəkətlərini izləmək üçün Zəngəzur istiqamətində yerləşdirilməsi bunu deməyə əsas verir. Şübhəsiz ki, Ermənistanın Qərbin fitvası ilə Rusiya və İrana qarşı hərəkət etməkdə əsas məqsədi, havadarlarına öz sədaqətini göstərməkdir”. 

Analitik vurğulayıb ki, Paşinyan hökuməti artıq Rusiyaya məxsus olan hərbi təşkilatlardan çıxmaq istiqamətində fəaliyyətə başlayıb. Qərbə üz tutan İrəvan, bunun üçün əlində olan bütün mümkün vasitələrdən istifadə edir: 

“ABŞ, Fransa və digər Qərb ölkələri Ermənistanın bu zəif tərəfindən istifadə edərək, rəsmi İrəvanı özlərinin əlaltısı etmək, onun vasitəsilə öz istədikləri siyasəti həyata keçirməyi hədəfləyirlər. Rusiyanın Ermənistanda hərbi bazasının olması heç kimə sirr deyil. Amma son məlumatlardan aydın oldu ki, orada həm də ABŞ-nin hərbi bazası var”.  

Politoloq sonda əlavə edib ki, rəsmi Bakı regionda müharibənin olmasını istəmir. Cənubi Qafqazda sülh və sabitliyin tərəfdarıdır. Amma təəssüf ki, Ermənistan öz təhlükəli və destruktiv hərəkətləri ilə bütün regionu riskə atır.

Qeyd edək ki, Ermənistanın Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Qərbin Gürcüstanı Rusiyaya qarşı mübarizədə əsas forpost kimi gördüyünü, Tbilisidən rədd cavabı aldıqdan sonra isə diqqəti İrəvana yönəltdiyini deyib. Onun qənaətinə görə, Qərb Paşinyanı Rusiyadan uzaqlaşdırmaq istiqamətində cəsarətli addım atmağa sövq edir. Belə davam edərsə, Ermənistan Rusiya ilə müharibədə poliqona çevriləcək və Zəngəzur dəhlizi açılacaq.  

Günəş Mərd

tag: Ermənistan, Gürcüstan, Rusiya, Zəngəzur, Qərb,Zeynal Əmrəliyev, todaypress.az,

photo