Ermənistan növbədənkənar parlament seçkilərinə hazırlaşır: Paşinyan devriləcək? - ŞƏRH
Siyasət
14.01.2025 16:32
“Nikol Paşinyan hakimiyyətdə ciddi kadr dəyişiklikləri etməklə növbədənkənar parlament seçkilərinə hazırlıq prosesinə başlayıb”.
Politoloq Natiq Miri bunu TodayPress-ə danışarkən bildirib.
O, qısa müddət ərzində Ermənistan hakimiyyətindəki kadr dəyişikliklərindən söz açıb. Qeyd edib ki, bu növbədənkənar parlament seçkilərinə hazırlıq xarakteri daşıyır. Analitik hesab edir ki, Ermənistanda parlament seçkiləri 2026-cı ildən öncə də keçirilə bilər. Çünki Nikol Paşinyanın prioritetlərində əsas yeri korrupsiya ilə mübarizə və sülh məsələsi tutur. 2021-ci ildə növbədənkənar parlament seçkilərində də Nikol Paşinyanın xalqa verdiyi vədlərdən ikisi məhz bu olub:
“Ona görə də Nikol Paşinyan 2025-ci ildə ən azından Azərbaycanla çərçivə sazişi, eyni zamanda kommunikasiyaların açılması və sərhədləri müəyyənləşməsi yönündə ciddi addımlar atarsa, buna qətiyyən təəccüblənməyin. Çünki Nikol Paşinyan seçkilərə əliboş gedə bilməz. Xalqa vədə etdiyi sülhü göstərməli, korrupsiyaya qarşı mübarizə faktlarını ortaya qoymalıdır. Bu kontekstdə də Ermənistanda ciddi proseslər gedir”.
Ermənistanın Avropa xəttinə üstünlük verməsi ilə bağlı strateji qərarların ortalığa çıxması da göstərir ki, Nikol Paşinyan vaxtından əvvəl parlament seçkiləri keçirə bilər. Çünki hər üç məsələ, sülh prosesi, korrupsiyaya qarşı mübarizə, eyni zamanda Avropaya İnteqrasiya ilə bağlı strateji qərarlar erməni ictimai rəyində üstünlük təşkil edir:
“Paşinyan bu məsələlərlə bağlı əli dolu seçkiyə gedərsə, düşünürəm ki, növbəti dəfə uğur qazana bilər. Çünki reallıqda Ermənistanın revanşist müxalif qüvvələrinin, xüsusilə də Qarabağ klanının erməni ictimaiyyətindən ala biləcəyi səs 6-7 faizdən o tərəfə keçmir. İstər Köçəryanın, istər Sarkisyanın təmsil olunduğu siyasi mərkəzlər bu səsdən artığına iddia edə bilməz”.
Natiq Mirinin sözlərinə görə, son günlərdə sabiq erməni prezidentlərinin debata çağırılması, onların ifşası ilə bağlı bəzi hadisələr, açıqlamalar, təqdimatların olması da dolayısı ilə Nikol Paşinyanın öz rəqiblərini tamamilə zərərsizləşdirməsi anlamına gəlir. Bu da seçkilərə hazırlıq prosesinin tərkib hissəsidir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş silahdaşı, deputat Ovik Ağazaryan Paşinyan yaxın aylarda istefa verəcəyini iddi edib. O, bunu ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinin planlaşdırılması ilə əlaqələndirib. Parlamentari növbədənkənar seçkilərin keçirilməsi üçün başqa səbəblər olduğunu iddia etsə də, onları açıqlamayıb.
Günəş Mərd
tag: Ermənistan ,Paşinyan, Parlament ,Seçki, Natiq Miri, todaypress.az,