“Ermənistan həm özü, həm də region üçün potensial təhlükələr yaradır” - Politoloq ŞƏRHİ

Siyasət

09.08.2024 19:35

Ermənistanın silahlandırılması ilə bağlı məlumatlar yenə də gündəmdədir. Son olaraq ABŞ-nin Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə qalxıb. Məlumata görə, həmin təyyarələr Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan Silahlı Qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirib. Digər tərəfdən Hindistan bu ilin sonunadək Ermənistana “Akash-1S” hava hücumundan müdafiə üzrə mobil sistemlərin tədarükünü həyata keçirəcəyini açıqlayıb.   

Politoloq Natiq Miri mövzunu TodayPress-ə şərh edərkən bildirib ki, hazırda bu məsələlərdə Ermənistana təzyiq göstərə biləcək ölkə Rusiyadır. Kreml isə hələ ki, susur:

“Rusiya bu məsələdə ABŞ-yə qarşı birbaşa addımlar atmır. Düşmənlərinə silah satmaq və yaxud da siyasi dəstək verməklə işini tamamlamış hesab edir. Hindistan və Fransa kimi ölkələrin Ermənistanı silahlandırmasına gəlincə isə bu, təcavüzkar dövlət olan Ermənistandan Azərbaycana qarşı müəyyən təhlükələr yaradır. Unutmaq olmaz ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və 30 ilə yaxın işğalda saxlayan dövlət olub. Sadəcə bu gün Ermənistan məğlub durumda olduğu üçün həm xristian həmrəyliyi, həm də anti-Azərbaycan və anti-Türkiyə kontekstində hər kəs Ermənistana yardım etmək istəyir. Hadisələrin bu cür inkişafı gələcək perspektivdə regiona müəyyən təhlükələr vəd edir”. 

Politoloq qeyd edib ki, Azərbaycan hələ ki, baş verən prosessləri kənardan müşahidə etməklə məşğuldur. Amma Rəsmi Bakının səbri tükənməz deyil. Onun sözlərinə görə, əgər bu tendensiya təhlükə yaradacaq səviyyəyə yüksələrsə adekvat cavab tədbirləri görüləcək:

“Tədarük olunan silahlar Ermənistana girməmiş, sərhəddə nöqtə atışları ilə tamamilə zərərsizləşdirilə və yaxud Ermənistana veriləndən sonra belə bütün obyektlər Azərbaycan üçün legitim hədəfə çevrilə bilər. Azərbaycanın bunu həyata keçirmək üçün bütün imkanları mövcuddur. Hər bir halda Ermənistan silahlanmaqla indiki halda həm özü, həm də region üçün potensial təhlükələr yaradır”.

ABŞ-nin Ermənistanı silahlandırması rəsmi İrəvanın özünü daha “ürəkli” hiss etməsi deməkdir. Bunun nəticəsində İrəvan destruktiv mövqeyini gücləndirə bilər ki, bu da növbəti hərbi toqquşmaya səbəb ola bilər. 

Günəş Mərd

tag: ABŞ, Ermənistan, Zvartnots,Bakı,Politoloq ,Natiq Miri, todaypress.az,

photo