Erməniəsilli şəxslərin məhkəməsində sənədlərin tədqiqi mərhələsi başladı
Ermənistanın
hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin
barəsində cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 6-da davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin
sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat
hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin
hər biri bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin
olunub.
Təqsirləndirilən
şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların
hüquqi varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən
prokurorlar iclasda iştirak ediblər.
Məhkəmə iclasında
sədrlik edən hakim əvvəlcə təqsirləndirilən şəxs Bako Sahakyana hüquqlarının
müdafiəsi üçün dövlət hesabına əlavə vəkil təyin olunması barədə məlumat
verərək, müdafiəçisini ona təqdim edib. Bako Saakyan yeni müdafiəçiyə etiraz
etmədiyini bildirib.
Məhkəmə iclasının
sədri dindirməni başlayarkən təqsirləndirilən şəxslərin hər birinə onlara elan
olunmuş ittiham və həmin ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün
əhəmiyyətli olan digər hallar barədə ifadə verməyi təklif edib.
Budəfəki məhkəmə
iclasında təqsirləndirilən şəxslər Davit Manukyan, Qurgen Stepanyan, Davit
Allahverdiyan, Melikset Paşayan, Qarik Matrosyan, Levon Balayan, Madat Babayan
sərbəst ifadə veriblər.
Sərbəst ifadə
verən Ermənistanda anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı,
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi
rütbəsində xidmət etmiş, qondarma rejimin qanunsuz silahlı birləşmələrində
“komandanın 1-ci müavini”, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Baş
qərargahında Kadrlar idarəsinin rəisi, korpus komandiri işləmiş
təqsirləndirilən şəxs *Davit Manukyan ifadəsində Azərbaycan Silahlı Qüvvələrinə
qarşı döyüşdüyünü etiraf edib. O, hərbçi olduğunu, Ermənistanda xidmət
etdiyini, həmçinin Birinci və İkinci Qarabağ müharibələri zamanı Ermənistan
ordusunun tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə qarşı
vuruşduğunu bildirərək deyib: “Birinci müharibə zamanı xidməti mövqeyim,
vəzifəm olmayıb. İkinci müharibə zamanı isə olub. Amma bütün bunlar mənim
xidməti öhdəliklərimdən qaynaqlanıb. Xüsusilə müharibənin planlaşdırılması...
Mənim öhdəliklərimdə, vəzifə borcumda aydın şəkildə yazılıb: “Döyüş hazırlığı
ilə məşğul olmaq”. Orada müharibənin planlaşdırılması yoxdur. Bu, anlaşılan
deyil, əlaqəsizdir”.
O, Birinci Qarabağ
müharibəsi zamanı sıravi əsgər olduğunu xatırladaraq bildirib: “Mən siravi
əsgər statusunda olmuşam, döyüş əməliyyatlarında iştirak etmişəm. 1993-cü il
fevralın 28-də Ağdərə istiqamətində yaralanmışam. 1994-cü ildə yenidən xidmətə
qayıtmışam...Müharibədən sonra da xidmətə davam etmişəm, zabit rütbəsi
almışam”.
Təqsirləndirilən
şəxs qondarma rejimin “Təhlükəsizlik Şurası”nın iclaslarında iştirak etmədiyini
vurğulayaraq deyib: “İclaslarda əsas üzv, müşahidəçi qismində iştirak
etməmişəm, onun keçirildiyi barədə də məlumatım olmayıb”.
O, 44 günlük
müharibə zamanı avtomobilinin “Bayraktar” PUA-sı ilə vurulduğunu da bildirərək
qeyd edib: “Sürücüm yaralandı, mən isə 20 metr aralıda olduğumdan xəsarət
almadım”.
Davit Manukyan
2021-ci ilin dekabrında hərbi xidmətdən məzuniyyətə çıxdığını, 2022-ci ilin
yanvarında isə vəzifəsini təhvil verdiyini, habelə Ermənistan Resublikasının
vətəndaşlarının qondarma rejimin “ordusu”nda hərbi xidmət keçdiyini qeyd edərək
diqqətə çatdırıb: “Bir qədər geriyə qayıdım. Orduda 2020-ci ildən sonra kifayət
qədər ixtisarlar baş verdi. Diviziyanı da ixtisar aparıb briqada səviyyəsinə
saldılar”.
O, həmçinin
2020-2023-cü illər ərzində Qarabağda təxminən 10 minədək hərbi qulluqçunun
olduğunu deyib. Bundan başqa, istintaq dövründə müstəntiqlərlə çox yaxşı
əməkdaşlıq etdiyini söyləyib.
Təqsirləndirilən
şəxs evində tapılmış silahlar barədə də danışıb: “Mənim Xankəndidəki mənzilimdə
iki silahım olub. Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah
Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır.
Təqsirləndirilən
şəxs Qurgen Stepanyan 2005-2007-ci illərdə Hadrutda müddətli hərbi xidmət
keçidiyini, 2023-cü ildə isə döyüş postuna aparıldığını bildirərək deyib:
“Sentyabrın 19-da postdan Xankəndiyə qaçmağa başladıq, yolda sizin hərbçilərlə
qarşılaşdıq, onlara təslim olduq”.
Təqsirləndirilən
şəxs Davit Allahverdiyan isə sərbəst ifadəsi zamanı ilkin istintaqda bütün
suallara cavab verdiyini və məhkəmə istintaqı zamanı da cavab verəcəyini
bildirib. “Mənə qarşı münasibət insani, yaxşı olub, buna görə təşəkkür edirəm.
İndi də bütün suallara cavab verməyə hazıram”, - deyə o əlavə edib.
Digər
təqsirləndirilən şəxs Melikset Paşayan ifadəsində ittihamlarla tanış olduğunu
bildirib. O, sovet ordusunda xidmət etdiyini, 1993-cü ildə Azərbaycana qarşı
döyüşlərdə iştirak etmək üçün qondarma rejimin “hərbi komissarlığı”ndan çağırış
aldığını söyləyərək deyib: “1994-cü il atəşkəsinə qədər mən ancaq Ağdamda mövqe
qorumuşam. 2020-ci ildə 44 günlük müharibə zamanı isə kənddəki oğlanlarla
qərara gəlib mövqeləri qorumağa getdik. Üç-dörd həftə mövqe qoruduq”.
Melikset Paşayan
2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror
tədbirləri zamanı barmağından yaralandığını, sonra isə tutulduğunu bildirib.
Təqsirləndirilən
şəxs Qarik Matrosyan ifadəsində Birinci Qarabağ müharibəsində Ağdam rayonunda
ön postlarda olduğunu etiraf edərək bildirib: “İkinci Qarabağ müharibəsində isə
Əsgəran rayonunda olmuşuq. 44 günlük müharibə zamanı da orada olmuşam”.
Təqsirləndirilən
daha bir şəxs Levon Balayan ifadəsində 44 günlük Vətən müharibəsi və antiterror
əməliyyatları zamanı Ermənistan dövlətinin nəzarətində olan qondarma rejimin
“ordusu”nda xidmət etdiyini söyləyib.
Təqsirləndirilən
şəxs Madat Babayan isə 1992-ci ildə Xocalıda olduğunu etiraf edib. O
vurğulayıb: “1992-ci ildə Xocalıda olmuşam. Məni çağırdılar getdim. Dedilər
burada meyitlər var, gəl dəfn edək. Mən də aparıb yerini göstərdim”.
Ardınca
təqsirləndirilən şəxs Bako Sahakyan söz istəyərək qısa çıxış edib. O,
Ermənistanın rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən qondarma rejimin
“prezidenti” kimi gördüyü işlərdən danışıb. Habelə ibtidai istintaq dövründə
verilən sualları cavablandırması üçün ona geniş imkanların yaradıldığını qeyd
edib.
Bundan sonra
məhkəmədə sənədlərin tədqiqi mərhələsi başlayıb.
Dövlət ittihamını
müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Qarabağın Azərbaycanın
suverən ərazisi olmasını və Ermənistanın Qarabağı öz ərazisinə birləşdirmək
niyyətini təsdiq edən tarixi sənədləri, yəni:
- DQMV Vilayət Xalq
Deputatları Sovetinin “Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən
Ermənistan SSR-ə verilməsi barədə Azərbaycan və Ermənistan SSR Ali sovetlərinə
Müraciət haqqında” 1988-ci il 20 fevral tarixli qərarı;
- “DQMV-nin
Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə verilməsi
və bu barədə SSRİ Ali Sovetinə müraciət edilməsi haqqında” Ermənistan SSR Ali
Sovetinin 1988-ci il 15 iyun tarixli qərarı;
- SSRİ Ali Soveti
Rəyasət Heyətinin “DQMV-nin Ermənistan SSR-in tərkibinə verilməsi haqqında
Ermənistan SSR Ali Sovetinin 1988-ci il 15 iyun tarixli qərarının və DQMV
Vilayət Xalq Deputatları Sovetinin 1988-ci il 20 fevral tarixli vəsatətinin
SSRİ Konstitusiyasına zidd olması barədə” 1988-ci il 18 iyul tarixli qərarı;
- SSRİ
Konstitusiyasının 78-ci maddəsi;
- Azərbaycan
Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə barəsində
Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli qərarı;
- 1991-ci il 2
sentyabr tarixli “Dağlıq Qarabağ Respublikasının elan edilməsi haqqında qərar
və bəyannamə”ni və digər sənədləri təqdim edib.
Bundan sonra Baş
prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət
ittihamçısı Fuad Musayev Ermənsitan SSR-in ərazisində və Azərbaycan SSR-in
tərkib hissəsi olan Qarabağda Ermənistan tərəfindən yaradılan və onun
rəhbərliyi ilə fəaliyyət göstərən cinayətkar birliyin özəyini təşkil edən,
1980-cı illərdə Qarabağda və Ermənistanda yaradılmış 40-a qədər “Böyük Tiqran”,
“David Sasunski”, “Arçiv”, “Daşnaksakaner”, “Şuşa”, “Sasun”, “Maral”, “Ağdərə
bölüyü”, “Xankəndi alayı”, “Sisiyan bölüyü”, “Hadrut bölüyü”, “Sasna Srer
bölüyü”, “Xaçlılar”, “Erkrap-Könüllülər dəstəsi”, “Malatiya”, “Arabo”, “Muş” və
digər qanunsuz silahlı birləşmələrin yaradılması, məqsədləri, fəaliyyəti və
rəhbərlərinə dair sənədləri təqdim ediblər.
Ardınca
təqsirləndirilən şəxs Arkadi Qukasyana tədqiq edilmiş sənədlərə münasibət
bildirməsi, qeyd olunan qanunsuz silahlı birləşmələrin rəhbərləri və
iştirakçıları, Ermənistanla əlaqələri, fəaliyyəti, onun bu birləşmələrin
fəaliyyətində iştirakı, Ermənistanda və Azərbaycan Respublikasının suveren
ərazisi olan Qarabağda yaradılmış “Krunq” təşkilatında fəaliyyəti ilə əlaqədar
həbs edilməsi, “böyük Ermənistan” və “Miatsum” cinayətkar ideologiyaları barədə
suallar verilib.
Təqsirləndirilən
şəxs “Krunq” təşkilatının fəaliyyətində iştirak etmədiyini, həmin dövrdəki
həbsinin bu təşkilatdakı fəaliyyətinə görə olmadığını, sadalanan qanunsuz
silahlı birləşmələrin rəhbərlərinin adlarının hər kəsə məlum olduğunu, o
cümlədən bu gün məhkəmədə tədqiq edilən sənədlərdə bu şəxslərin adının qeyd
olunduğunu, lakin özünün həmin adları çəkməyəcəyini bildirib.
Məhkəmənin
növbəti iclası martın 10-na təyin olundu. Növbəti proses təqsirləndirlən
şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki,
Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyət baxımından verdiyi dəstəyi, mərkəzi qaydada
idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz
etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj
Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel
Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi,
Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz vədigərlərinin rəhbərliyi,
bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən
cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində
törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15
təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə ittiham
olunur.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq
müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103
(soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya
etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113
(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116
(silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118
(hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Ermənistan, Terror, Azərbaycan, Məhkəmə, Arayik, Vardaryan, todaypress.az,