Erməniəsilli şəxslərin məhkəməsi keçirildi
Ermənistanın hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Məhkəmə Kompleksində
yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova)
keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri
dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə
edən prokurorlar, habelə Azərbaycan dövləti adından zərərçəkmiş qismində
Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
İclasın əvvəlində təqsirləndirilən şəxslər Arayik
Harutyunyanın və Erik Qazaryanın vəkilləri konfidensial görüş üçün şərait
yaradılmasını məhkəmədən xahiş edib.
Məhkəmə vəsatətləri təmin edib və konfidensial görüş üçün
fasilə elan olunub.
Fasilədən sonra məhkəmə prosesi dövlət ittihamını müdafiə
edən prokurorlar tərəfindən cinayət işi üzrə ittiham aktının nəticəvi
hissəsinin elanı ilə davam etdirilib.
Budəfəki məhkəmə iclasında ittiham aktının Ermənistan
dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin
və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı,
şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi,
texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında,
eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq
hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə
yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan
Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan
Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və
dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində əsir düşmüş və
girov götürülmüş Azərbaycan vətəndaşlarına verilmiş işgəncələr, insanların
zorakılıqla yoxa çıxarılması, Azərbaycan Respublikası Silahlı Qüvvələri
tərəfindən lokal xarakterli antiterror əməliyyatlarının başlanılmasını qaçılmaz
edən hallar, habelə təqsirləndirilən şəxslərin tutulması və təcavüzkar
müharibəyə Ermənistan tərəfindən muzdlu döyüşçülərin cəlb edilməsi faktlarına
dair epizodlar elan edilib.
Əvvəlcə dövlət ittihamçısı Vüsal Abdullayev ittiham
aktına əsasən 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından
sonra Azərbaycan ərazisində törədilən cinayət faktları üzrə epizodları, o
cümlədən 2023-cü il sentyabrın 19-da cinayətkar təşkilat tərəfindən artilleriya
qurğuları, minaatanlar və digər silahlardan atəşlər açılmaqla başlanılmış
növbəti hücuma cavab olaraq erməniəsilli mülki şəxslər və mülki obyektlər
hədəfə alınmadan Azərbaycan Respublikasının suveren ərazilərindən
terrorçulardan təmizlənməsi və dövlət suverenliyinin bərpa edilməsi məqsədilə
Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən labüdlüyü qaçınılmaz
olmaqla lokal xarakterli antiterror əməliyyatlarının aparılmasını qeyd edib.
Belə ki, 2023-cü il sentyabrın 19-da səhər saatlarından
etibarən üç istiqamətdən işğaldan azad edilmiş geniş bərpa-quruculuq işləri
aparılan ərazilər, o cümlədən Şuşa şəhəri müxtəlif növ minaatanlar, toplar və
artilleriya qurğuları ilə atəşə tutulub. Atılan mərmilərdən birinin həmin
tarixdə saat 16 radələrində Şuşa şəhəri ərazisində “Şuşa şəhəri Dövlət Qoruğu”
Publik Hüquqi Şəxsin mütəxəssisi Fərhadov Vidadi Aydın oğlunun yanına düşərək
partlaması nəticəsində sonuncu qəsdən öldürülüb.
Bundan başqa, 2023-cü il sentyabrın 19-da saat 03:45
radələrində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Quliyev
Fərhad Hüseynağa oğlu və sürücü Sadıxov Samir Sabiroviçin idarə etdiyi yol
çəkilişi üçün nəzərdə tutulan texnika ilə Əhmədbəyli-Füzuli-Şuşa yolunun
ərazisində təmir bərpa işləri apararkən tank əleyhinə minalardan birinin
partlayışına məruz qalaraq qəsdən öldürülüblər.
Həmin gün Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin əməkdaşlarının minaya düşmələri barədə məlumat alıb hadisə yerinə
yola düşən Daxili İşlər Nazirliyinin Çevik Polis Alayının əməkdaşları həmin
yolda birinci partlayışın baş verdiyi yerdən 100 metr məsafədə növbəti digər
tank əleyhinə minalardan birinin partlayışına məruz qalıb, nəticədə avtomobilin
sürücüsü həmin Alayın polis nəfərləri Camalzadə Asim Knyaz oğlu, Zamanov Xəzər
Azər oğlu, Mahmudov Seymur Elsevər oğlu və Şirinov Ramil Arif oğlu sağlamlığa
ağır zərər vurmaya aid xəsarətlər alaraq hadisə yerində qəsdən öldürülüblər.
Bildirilib ki, keçirilən lokal xarakterli antiterror
əməliyyatları nəticəsində 24 saatdan da az müddətdə Azərbaycan Respublikasının
suveren əraziləri olan Xankəndi şəhəri, Şuşa, Xocalı, Xocavənd, Ağdam,
Kəlbəcər, Tərtər rayonları 2023-cü il sentyabrın 20-də işğaldan tamamilə azad
edilib, bu zaman ümumilikdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 205
nəfər hərbi qulluqçusu qəsdən öldürülüb, 1004 nəfər hərbi qulluqçusuna müxtəlif
dərəcəli bədən xəsarətləri yetirilib.
Lokal xarakterli antiterror əməliyyatları nəticəsində
Harutyunyan Arayik Vladimiri (Vladimiroviç) 2023-cü il oktyabrın 3-də yaşadığı
Xankəndi şəhərində yerləşən fərdi yaşayış evində tərksilah edilməklə saxlanılıb
və yaşadığı evin həyətyanı sahəsində aparılmış axtarış zamanı oradan “AK-74”
markalı avtomat silahları, döyüş sursatı hesab edilən 5 min 25 ədəd patron və
digər silah və döyüş sursatı aşkar edilərək götürülüb.
Sahakyan Bako Sahaki həmin tarixdə Xankəndi şəhəri
ərazisində tərksilah edilməklə saxlanılıb və yaşadığı fərdi yaşayış evində
axtarış keçirilən zaman oradan qəlpəli “Ф-1” əl qumbarasının 14 ədəd gövdə
hissəsi, atəşə yararlı 2 min 611 ədəd patron və digər silah və döyüş sursatı
aşkar edilərək götürülüb.
İşxanyan Davit Rubeni həmin tarixdə Xankəndi şəhəri
ərazisində tərksilah edilməklə saxlanılıb və qanunsuz sahibləndiyi, Xankəndi
şəhəri ərazisində yerləşən mehmanxanada axtarış keçirilən zaman oradan “AK-74,
“AKS-74”, “AKS-74U” və sair konstruksiyalı avtomatik silahlarda istifadə
edilmək üçün nəzərdə tutulan 481 ədəd patron və həmin avtomatik silahların
komplekt hissəsi olan 4 ədəd sandıqça aşkar edilərək götürülüb.
Manukyan Davit Azati 2023-cü il sentyabrın 27-də
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış
məntəqəsində saxlanılıb və yaşadığı ünvanda axtarış keçirilən zaman oradan
“AK-74” markalı avtomat silahların komplekt hissəsi olan 3 ədəd sandıqça, “CZ
75 Compact” modelli 1 ədəd tapança və digər silah və döyüş sursatı aşkar
edilərək götürülüb.
Babayan Davit Klimi 2023-cü il sentyabrın 28-də Xankəndi
şəhər ərazisində, Mnatsakanyan Lyova Henrixi 2023-cü il sentyabrın 29-da
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Laçın sərhəd-buraxılış
məntəqəsində, Qukasyan Arkadi Arşaviri 2023-cü il oktyabrın 3-də Xankəndi şəhər
ərazisində tərksilah edilməklə saxlanılıblar.
Həmçinin Paşayan Melikset Vladimiri, Martirosyan Qarik
Qriqori, Stepanyan Qurqen Homerosi və Allahverdiyan Davit Nelsoni 2023-cü il
sentyabrın 20-də Xocalı rayonunun Dağdağan kəndi ərazisində, Babayan Madat
Arakeli 2023-cü il sentyabrın 20-də Ağdərə rayonun Qozlukörpü kəndi ərazisində,
Balayan Levon Romiki 2023-cü il sentyabrın 20-də Şuşa şəhəri ərazisi
yaxınlığında, Beqlaryan Vasili İvani 2023-cü il sentyabrın 26-da Kəlbəcər
rayonu ərazisində, Qazaryan Erik Roberti 2023-cü il sentyabrın 27-də Ağdərə
rayonun Həsənriz kəndi ərazisində tərksilah edilməklə saxlanılıb və üzlərində
çoxlu sayda silah, onun komplekt hissələri və döyüş sursatı, o cümlədən piyada
əleyhinə minalar aşkar edilərək götürülüb.
İttiham aktının nəticəvi hissəsinin elanını davam etdirən
dövlət ittihamçısı Fuad Musayev təcavüzkar müharibə gedişində zorakılıqla yoxa
çıxarma, əsir və girov götürülərək işgəncələrə məruz qoyma faktlarını
sadalayıb.
Vurğulanıb ki, 1988-2023-cü illərdə Azərbaycanın Qarabağ
bölgəsi və ətraf ərazilərində yüzdən çox fərqli-fərqli işgəncə metodları tətbiq
edilməklə girov götürülmüş 1284 nəfər dinc mülki sakindən 122 nəfər, əsir
götürülmüş 414 nəfər hərbi qulluqçudan 48 nəfər olmaqla ümumilikdə 1698 nəfər
əsir və girov götürülmüş şəxslərdən 170 nəfər şəxs saxlanıldığı yerdə
işgəncələr və qeyri-insani rəftar tətbiq edilməklə qəsdən öldürülüb, qalan 1528
nəfər şəxs Azərbaycan dövləti tərəfindən beynəlxalq təşkilatlar vasitəsilə
görülmüş tədbirlər, eləcə də hərbi əsir və girovların yaxın qohumlarının şəxsi
təşəbbüsləri və əlaqələri ilə verilən maddi nemətlər müqabilində azad edilib.
Daha sonra dövlət ittihamçısı Təranə Məmmədova təcavüzkar
müharibə gedişatında muzdlu döyüşçülərdən istifadə edilməsi faktlarını elan
edib.
Qeyd edilib ki, təcavüzkar müharibəyə hazırlıq məqsədilə Vartanov
Vladimir (Vova) Levanoviç yaratdığı “VoMa” adlı terror təşkilatının, habelə
Fransa, Livan, Suriya Ərəb respublikaları, Rusiya Federasiyası və digər
ölkələrin erməniəsilli vətəndaşların və müxtəlif terror təşkilatlarının
üzvlərinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində
silah-sursatlarla təmin edilməklə onlara qanunsuz silahlı hərbi təlimlər
keçirilib.
Bundan başqa, “ASALA” terror təşkilatı, “PKK-PYD-YPG”
terror təşkilatları, Fransa Respublikasının “Zouaves Paris” (ZVP) qruplaşması,
“Daşnaksütyun” partiyasının, “Qara Pantera” hərbi qruplaşmasının və digər
təşkilatların üzvləri də daxil olmaqla 2 min nəfərdən artıq xarici ölkə
vətəndaşlarının Azərbaycana qarşı başlanılmış təcavüzkar müharibədə daha
təcrübəli döyüşçü kimi iştirakını təşkil etmək üçün Ermənistan Respublikasının
ərazisindən işğal altında saxlanılan Laçın dəhlizindən istifadə edilməklə
Azərbaycan Respublikasının Xankəndi və Şuşa şəhərlərinə, Kəlbəcər, Xocavənd və
digər yaşayış məntəqələrinə gəlmələri və Azərbaycana qarşı apardıqları hərbi
əməliyyatlarda iştirak etmələri təmin edilib.
Bundan sonra çıxış edən Baş Prokurorluğun Dövlət
ittihamının müdafiəsi üzrə idarənin rəisi Nəsir Bayramov və döv təcavüzkar
müharibə gedişində ərazilərin minalanması, mina partlayışı yolu ilə təcavüzün
davam etdirilməsi faktlarını elan edərək bildirib ki, Azərbaycan
Respublikasının işğal olunmuş suveren ərazilərinin 1,1 milyon hektardan artıq
sahəsi 1 milyondan artıq tank və piyada əleyhinə minalarla, eləcə də, digər
partlamamış hərbi sursatlarla çirkləndirilib.
Bundan sonra Baş prokurorun xüsusi tapşırıqlar üzrə
köməkçisi Tuqay Rəhimli təcavüzkar müharibənin davamı kimi işğal olunmuş
ərazilərdə erməniəsilli mülki şəxslərin qanunsuz məskunlaşdırılması, təcavüzkar
müharibə nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatına ziyan vurulması
və işğal olunmuş ərazilərdə terrorçuluğun maliyyələşdirilməsi faktlarını
sadalayıb.
Vurğulanıb ki, 1994-cü ilin may ayından 2020-ci ilin
sentyabr ayınadək olan dövr ərzində Şuşa, Xankəndi şəhərlərinin, Xocalı, Ağdərə,
Xocavənd, Qubadlı, Ağdam, Kəlbəcər və Zəngilan rayonlarının ərazisində,
Ermənistan Respublikasından, Suriya Ərəb Respublikasından, Livan
Respublikasından, İraq Respublikasından və digər dövlətlərdən köçürülmüş 23
mindən artıq erməniəsilli mülki əhali, habelə “ASALA” kimi terror təşkilatının
silahlı dəstələrinin üzvlərini və ailələri gətirilərək məqsədyönlü və
sistematik şəkildə məskunlaşdırılmaqla etnik tərkibi dəyişdirilərək erməni
əhalisinin sayı qanunsuz və əsassız olaraq artırılıb, işğal altında saxlanılan
ərazilərdə böyük erməni say tərkibi yaradılıb.
Bununla yanaşı, qeyd edilib ki, 1992-2023-cü illər
ərzində həyata keçirilmiş qanunsuz iqtisadi fəaliyyətlər nəticəsində Azərbaycan
Respublikasına məxsus olmuş sərvətlərin qanunsuz istismar edilməsi hesabına
əldə edilən gəlirlər də daxil olmaqla ümumilikdə kənd təsərrüfatı, mineral
xammal hasilatı, enerji (hidroenerji) istehsalı, pərakəndə ticarət, ictimai
iaşə dövriyyəsinin həcmi, sənaye məhsulunun və digər fəaliyyət sahələri, habelə
“Frank Müller Group” şirkətinin qanunsuz fəaliyyəti, qanunsuz balıq kürüsü
istehsalı fəaliyyəti və “Artsakhbank” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən
aparılmış qanunsuz maliyyə əməliyyatları üzrə cəmi 20.9 milyard manatdan artıq
maddi ziyan vurulmaqla əldə edilən qanunsuz gəlirlər terrorçuluğun
maliyyələşdirilməsinə xərclənib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev təcavüzkar
müharibə gedişində Azərbaycan Respublikasının ekologiyasına ziyan vurulması
cinayət faktlarını elan edib.
Bildirilib ki, Azərbaycan Respublikasına qarşı törədilmiş
təcavüzkar müharibə nəticəsində 1980-ci illərin sonlarından 2023-cü il
sentyabrın 20-dək olan müddət ərzində işğal olunmuş Azərbaycan Respublikasının
ərazilərində ağacları, kolları və digər yaşıllıqları məhv etməklə, su
mənbələrini, su hövzələrini və su anbarlarını çirkləndirməklə, su
ehtiyatlarından istifadəni qəsdən qeyri-mümkün etməklə, eləcə də kənd
təsərrüfatı təyinatlı torpaqları dağıtmaqla Azərbaycan Respublikasının
ekologiyasına və təbiətə ümumilikdə külli miqdar təşkil edən 13,4 milyard
manatdan artıq məbləğdə maddi ziyan vurulub.
İttiham aktının həcminin böyük olması nəzərə alınaraq,
elan edilməsinin növbəti prosesdə davam etdiriləcəyi qeyd olunub.
Məhkəmənin baxış iclası fevralın 18-də davam etdiriləcək.
tag: Ermənistan, Terror, Məhkəmə, Vardaryan, Arayik,Cinayət, todaypress.az,