Erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir
Ermənistanın hərbi təcavüzü nəticəsində
sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən
təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan
cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 3-də davam
etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər - Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, habelə
müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmənin baxış iclasında təqsirləndirilən şəxslər və
onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi
varisləri və nümayəndələri, habelə dövlət ittihamını müdafiə edən prokurorlar
iştirak ediblər.
Məhkəmə iclasında sədrlik edən dindirməni başlayarkən
təqsirləndirilən şəxslərin hər birinə onlara elan edilmiş ittiham və həmin
ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər
hallar barədə ifadə verməyi təklif edib.
Budəfəki məhkəmə iclasında təqsirləndirilən şəxslər Lyova
Mnaksakanyan, Arayik Harutyunyan, Erik Qazaryan və Vasili Beqlaryan sərbəst
ifadə veriblər.
Sərbəst ifadə verən təqsirləndirilən şəxs Lyova
Mnaksakanyan Ermənistan nizami ordusunun tərkibində Azərbaycana qarşı
müharibədə iştirakını təsdiq edib. O, 20.09.2020-ci ildə məxfi qərar
verildiyini və həmin qərardan məlumatsız olduğunu deyib: “Ermənistan nizami
ordusunun tərkibində Azərbaycana qarşı müharibədə iştirak etmişəm. Bundan başqa
demək istəmirəm əmr nə haqqındadır, bunu hamınız bilirsiniz. Ümumiyyətlə, mən
hərbi xidmətdən tərxis olunduqdan sonra ordu ilə əlaqə olmayıb. Ailə, başqa
digər səbəblərə görə istəməmişəm. Bundan başqa, bizə ordu ilə hansısa təmaslar
qurmaq qadağan olunmuşdu. Xüsusilə Ermənistan Respublikasının baş naziri bizə
kiminləsə danışmağı, kimləsə təmasda olmağı qadağan etmişdi”.
Lyova Mnaksakanyan, həmçinin 2016-cı ilin Aprel döyüşləri
barədə də danışıb və Ermənistanın qondarma rejimi silahla təmin etdiyini
bildirib: “Mənim 2016-cı il əməliyyatlarına cəlb olunmağıma zərurət olmayıb.
Əgər olsaydı təbii ki, cəlb olunacaqdım. Bir çox taktiki, kəşfiyyat silahları
və radio elektron qurğularımız var idi ki, onlardan Ermənistanda da olub və biz
o silahları Ermənistandan almışıq. Nəhayət onu bildirmək istəyirəm ki, əgər yuxarı
komandanlıq bizə nəsə verirsə, biz onun üçün ştat ayrımalıyıq və heyət cəlb
etməliyik”.
Ardınca təqsirləndirilən şəxs Arayik Harutyunyan səbəst
ifadə verib. O, 44 günlük müharibə ərəfəsində baş verənlərdən danışıb: “2020-ci
ilin iyun ayında mən Paşinyandan xahiş etdim ki, bizi danışıqlar prosesi ilə
tanış etsin. 2020-ci ilin iyununda İrəvanda bizim birgə Təhlükəsizlik Şurasının
iclası oldu. Bu, hamı üçün açıq bir iclas idi. İclas zamanı Ermənistanın o
vaxtkı xarici işlər naziri bizi danışıqlar prosesi ilə tanış etdi. Aydın idi
ki, bu proses dalana dirənmişdi. Bu iclasda Ermənistanın müdafiə
strukturlarının rəhbərləri bizi orduda olan vəziyyətlə tanış etdilər. Aydın
oldu ki, Ermənistan müharibəyə hazır deyil. Müharibə etmək üçün müəyyən
resurslar lazımdır. Belə ki, ərzaq, silah resursları, maliyyə resurları lazım
idi. Məlum oldu ki Ermənistanın buna imkanı yoxdur. Mən orada çox qısa olaraq
öz fikrimi söylədim. Bildirdim ki, müharibə vaxtı nəticə bizim resurslarımıza
görə olacaq. Çünki istənilən müharibə resurların müharibəsidir. Azərbaycanın
isə bütün sahələr üzrə potensialı Ermənistandan dəfələrlə üstün idi.
Sonra, iyul ayında siz daha yaxşı bilirsiniz ki, o vaxt
Tovuzda atışmalar baş verdi. Orada nə baş verməsi barədə mənim təsəvvürüm də
yox idi. Televizorda nə göstəriblərsə, yalnız onu bilirəm. Mən yeni bir adam
olduğum üçün gərək “ordu” ilə tanış olardım və təmas xəttində nə baş verirsə
bilərdim. 2020-ci ilin yayında ön cəbhəni və “ordu”nu gəzməyə, tanış olmağa
başladım. Mənim facebook səhifəmdə və “rəhbərliyin saytında” bir neçə məqalə
dərc etdim. “Ordu” ilə bağlı bütün informasiyaları “mətbuat xidməti” bizə
təqdim edirdi. Və mənim səhifəmdə onlar çap olunurdu. Bəli, orada mənim elə
çıxışlarım və söylədiklərim var idi ki, indi hazırda təəssüf edirəm ki, bunlara
yol vermişəm”.
O, həmin ilin yayında və iyunun sonunda “Qarabağ
ordusu”nun təlimlərini müşahidə etdiyini bildirərək təlimlərə Ermənistan
ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə
Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistanda
verildiyini etiraf edib: “Təlimlərə rəhbərliyi Ermənistan ordusunun qərargah
rəisi Onik Qasparyan edirdi. Bu da gizlin proses deyil, hamının gözünün
qarşısında olan bir şey idi. Yayın sonunda Qarabağa Nikol Paşinyan gəldi. Mən
onu “ordu bölmələri”nə qədər müşayəət eləmişəm. O, vəziyyətlə tanış oldu.
Eşidirdim, görürdüm ki, “silahlı qüvvələr”də nə baş verir. Mən “Qarabağ müdafiə
komitəsi”ndən heç bir məlumat almamışdım. Situasiya barədə heç vaxt mənə heç
bir məlumat verilməyib. “Ordu” üzərində mənim heç bir səlahiyyətim olmayıb. Bu,
sizə də məlumdur. İttiham aktında da bu barədə yazılıb. Ermənistan mətbuatında
da bu barədə dəfələrlə qeyd olunub, deyilib ki, Qarabağda olan ermənilərin
təhlükəsizliyinə görə Ermənistan məsuliyyət daşıyır. Ermənistan silahlı
qüvvələri, “Qarabağ müdafiə ordusu” da ora daxil idi. Deməli, Ermənistan
təhlükəsizliklə bağlı məslələrə görə məsuliyyət daşıyır.
Sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə
başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli
idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb.
“Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış
“başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq. İlk günlərdən mənim
Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq.
Mütəmadi olaraq, demək olar hər gün mən parlament deputatları ilə görüşürdüm.
Demək olar hər gün Bako Sahakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə
müharibəni bir dəqiqə tez də olsa dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim
bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı
ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim
və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada
hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri
qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın,
dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində
hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud
da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə
ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın
bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri
var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki,
kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır,
olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar
əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim
əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə
təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən
endirililr”.
Arayik Harutyunyan Azərbaycan Prezidenti İlham Əliyevə
məktub ünvanlamaq istədiyini, lakin Ermənistan baş naziri Nikol Paşinyanın buna
imkan vermədiyini bildirib:
“Oktyabrn 18-i axşamçağı bizim Bako Sahakyanla və Arkadi
Qukasyanla axırıncı görüşümüz oldu. Nikol Paşinyana zəng elədim və dedim ki,
mən Azərbaycan Prezidentinin adına müharibəni saxlamaqla bağlı məktub yazmağa
hazıram, Bako və Arkadi də da lazım olsa buna qoşulacaqlar. Məktubun məğzi
bundan ibarət idi ki, sadəcə müharibəni saxlayın. Paşinyana yazdığımız məktubun
məzmunu isə belə idi ki, istənilən qaydada müharibəni salxayın və bildirin ki,
bu, erməni sakinlərin istəyidir. Belə ki, Ermənistanda vahid bir fikir yox idi.
Ona görə də mən dedim ki, bizə istinad edib müharibəni saxlamaq lazımdır. Biz
sonra dırnaqarası günahkar olmağa da hazırıq, lakin insan həyatını qorumaq
lazımdır. Paşinyan bir neçə görüş keçirtdi, müxalifətlə görüşdü, demək olar ki,
hamıyla görüşdü. Oktyabrın 19-u gününün sonunda o mənə geridönüş zəngi elədi və
dedi ki, müharibə davam edir. Detallara varmaq istəmirəm. Ən pisi o idi ki,
müharibə davam edirdi”.
A.Harutunyan etiraf edib ki, “Qarabağ Müdafiə Ordusu”nun
“komandanı” Ermənistan Respublikasının Baş Qərargah rəisinə tabe idi. “Mən
“hərbi komandanı” vəzifəyə təyin və vəzifədən azad etməmişəm, çünki mənim buna
səlahiyyətim olmayıb.
Onilliklərlə “Qarabağ ordusu” ayrıca ordu kimi fəaliyyət
göstərməyib. “Qarabağ ordusu”nun komandanına qarşı Ermənistanda cinayət işi
başlanılıb. Əgər mənə tabe olsaydılar, ona qarşı cinayət işi Qarabağda
başlanardı”, - deyə o bildirib.
Bundan sonra sərbəst ifadə verən təqsirləndirilən şəxs
Erik Qazaryan heç kimi öldürmədiyini və Azərbaycan əsgərinə atəş açmaq
istəmədiyi üçün təslim olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxs Vasili Beqlaryan sərbəst
ifadə verərək elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilmədiyini qeyd
edib.
Məhkəmənin növbəti iclası martın 6-na təyin olunub.
Növbəti məhkəmə iclası təqsirləndirilən şəxslərin sərbəst ifadəsi ilə davam
etdiriləcək.
Qeyd edək ki, Ermənistan dövlətinin onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi
tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi
dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında
Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen
Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori
Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz
və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan
dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi
üzrə 15 nəfər erməniəsilli təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni Harutyunyan Arayik Vladimiri,
Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan
David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan
Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan
Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik
Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Vardaryan,Erməni, Məhkəmə, Azərbaycan, Ermənistan, Ruben, todaypress.az,