Erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir
Fevralın 6-da Ermənistanın hərbi təcavüzü
nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o
cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə
qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama və digər
çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının
vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit
İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin, eləcə də Ruben
Vardanyanın barəsində olan cinayəti işləri üzrə məhkəmə proseslərinin baxış
iclası başlayıb.
TodayPress xəbər verir ki, Bakı Məhkəmə Kompleksində
yerləşən Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi, Camal
Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə, yəni, erməni və rus
dillərində tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə iclasında zərərçəkmiş şəxslər, onların hüquqi
varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar, habelə
Azərbaycan dövləti adından zərərçəkmiş qismində Nazirlər Kabineti Aparatının
rəhbəri Rüfət Məmmədov iştirak ediblər.
Ermənistan Respublikası və onun silahlı qüvvələri, o
cümlədən Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ respublikası” və onun
qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə ittiham olunan
15 nəfər erməniəsilli şəxsin təqsirləndirildiyi cinayət işi üzrə məhkəmə
prosesinin əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyan məhkəmədən
müraciətini səsləndirmək üçün söz istəyib.
Hakim təqsirləndirilənə müraciətini səsləndirməyə icazə
verib.
A.Harutyunyan çıxış edərək hazırda baxılan cinayət işi
üzrə ittiham olunan şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop
dərmanların verilməsinə dair Ermənistan mediasında yayılan iddiaları yalan
adlandırıb:
“Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq,
etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi
informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa
düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə
qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi
barədə fikirləri var.
Mən ən çox bizim doğmalarımız, yaxınlarımız barədə
narahatlıq keçirirəm. Bəyan etmək istəyirəm ki, mən saxlanma şəraitinə dair
qanunla tanışam. Təcridxanada bütün qanunlara əməl olunur, Beynəlxalq Qırmızı
Xaç Komitəsi vaxtaşırı olaraq bizi ziyarət edir. Bizim ailə üzvlərimizlə
telefon zəngi imkanlarımız olur. Təcridxanada bizə qarşı münasibət qanuni
qaydada təmin olunur və bizimlə qanuni davranırlar. İstintaq dövründə də
müstəntiqlər tərəfindən hüquqlarımız təmin olunub. Vəkillər həmişə istintaqda
iştirak ediblər. Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir
təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində
davranıblar. Təşəkkür edirəm”.
Daha sonra təqsirləndirilən şəxs Davit Babayan məhkəməyə
müraciət edərək söz istəyib.
Məhkəmə D.Babayanın istəyini təmin edib. Təqsirləndirilən
şəxs çıxış edərək saxlanma şəraitindən razı olduğunu, ona və digər
təqsirləndirilən şəxslərə təzyiq göstərilmədiyini deyib:
"Mən öz adımdan demək istəyirəm ki, burada bizə
qarşı heç bir təzyiq olmayıb. Bizə hər dəfə hörmətlə davranırlar və yerimizdə
başqası olsa nə edərdi onu özlərinə sual versinlər. Bizim həqiqəti demək
cəsarətimiz var. Həqiqət sərhəd tanımır. Burada saxlanma yerimiz də çox
yaxşıdır”.
Bundan sonra dövlət ittihamını müdafiə edən prokuror
giriş nitqi ilə məhkəmə iştirakçılarına müraciət edərək hazırkı məhkəmə
prosesinin tarixi əhəmiyyətini vurğulayıb:
“Hazırkı məhkəmə prosesi ədalətin bərqərar olması naminə
keçirilir. Cinayət işində olan sübutlar tarixi faktlara əsaslanmaqla göstərir
ki, törədilmiş cinayətlər ayrı-ayrı təsadüfi hadisələr olmayıb, onlar ən yüksək
səviyyədə mütəşəkkil qaydada planlaşdırılaraq qəddarlıqla və amansızlıqla
törədilib.
Məhkəmə prosesində aydın olacaq ki, tədqiq və təqdim
edilən cinayətlər Ermənistan dövlətinin siyasi, hərbi, maddi və digər dəstəyi,
Ermənistanın siyasi-hərbi rəhbərliyinin verdiyi göstəriş və təlimatları
nəticəsində törədilib.
Bu məhkəmə prosesi, həmçinin belə dəhşətli cinayətlərin
təkrarlanmasının qarşısını almaq üçün mühüm tarixi əhəmiyyət kəsb edir. Məhkəmə
prosesində sübut olunacaq ki, müharibə cinayətkarları üçün təhlükəsiz
sığınacaq, məkan yoxdur və beynəlxalq münasibətlər güc və zorakılıqla deyil,
hüquq və qanunla nizamlanmalıdır”.
Daha sonra prokurorlar növbə ilə ittiham aktının nəticəvi
hissəsinin elanına başlayıb.
İttiham aktına istinadən qeyd olunub ki, Ermənistan
dövlətinin və onun hərbi qüvvələrinin bilavasitə iştirakı, göstəriş və
təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada
idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində
daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə Azərbaycana hərbi təcavüz
etmək məqsədilə Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen
Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali
Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç,
Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı
iştirakları ilə cinayətkar birlik yaradılıb.
Daha sonra təqsirləndirilən şəxslər Arayik Harutyunyan,
Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova
Mnatsakanyan və digərlərinin həmin cinayətkar təşkilatın yaradılmasında və
fəaliyyətində rolları elan olunub.
Məhkəmə iclası fevralın 7-də davam etdiriləcək.
Xatırladaq ki, sözügedən cinayət işi üzrə 15 nəfər -
Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Saakyan Bako Sahaki,
İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset
Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq
müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103
(soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya
etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa
çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113
(işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116
(silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118
(hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Məhkəmə, Araik, Ermənistan, Qarabağ, Həbs, todaypress.az,