Erməniəsilli şəxslər Vardanyanın məhkəməsində ifadə veriblər: "Ruben elə bilirdi ki, Qarabağdakılara yaxşılıq edib, amma onların evini yıxıb"
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq
əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu
maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən
Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə
prosesinin baxış iclası martın 11-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
İclasın
əvvəlində hakim Zeynal Ağayev bu məhkəmə prosesində ilk dəfə iştirak edən
zərərçəkmiş şəxslərə hüquq və vəzifələrini izah edib.
Ardınca
təqsirləndirilən şəxs Ruben Vardanyan əvvəlki məhkəmə proseslərində verdiyi
vəsatətlərin bir qisminin təmin olunmadığını qeyd edərək, işə baxan hakimlər
kollegiyasına etirazını bildirib.
Dövlət
ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev vəsatətə
münasibət bildirərək deyib ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə
proseslərində baxılaraq müvafiq qərarlar qəbul olunub. Həmçinin Azərbaycan
Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret
hallarının müəyyən edildiyi və həmin etirazın əsaslandırılmasının zəruri olduğu
vurğulanıb. Buna baxmayaraq, R.Vardanyanın öz etirazını qanunvericiliyin
müəyyən etdiyi hallara uyğun deyil, vəsatətlərinin təmin olunmaması ilə
əsaslandırması cinayət-prosessual qanunvericiliyə əsasən, etiraz üçün əsas ola
bilməz. Bu səbəbdən prokuror etirazın baxılmamış saxlanılmasını məhkəmədən
xahiş edib.
Məhkəmə
iclasında iştirak edən zərərçəkmiş şəxslər ittiham tərəfinin mövqeyi ilə
razılaşdıqlarını bildiriblər.
İclasa sədrlik
edən Zeynal Ağayev təqsirləndirilən şəxsin eyni xüsusat üzrə artıq dördüncü
dəfədir hakimlər kollegiyasına etiraz etdiyini, göstərdiyi halların hər birinə
əvvəllər ətraflı baxılaraq qərar verildiyini, hazırkı prosesdə hər hansı yeni
dəlil təqdim olunmadığı və əsaslandırma edilmədiyi üçün etirazı təmin etməyib.
Sonra dövlət
ittihaçısı Təranə Məmmədova təqsirləndirilən şəxsə Azərbaycanın Respublikasının
əvvəllər işğal altında olmuş suveren ərazilərinin minalanması, oraya müxtəlif
yerlərdən, o cümlədən Ermənistandan silahların daşınması prosesi, əldə
olunması, bunun üçün nəzərdə tutulan maliyyə vəsaitlərinin hansı qaydada
formalaşdırılması, həmin prosesdə Ermənistan dövləti, onun rəhbərliyi və yüksək
vəzifəli şəxslərinin iştirakı, dəstəyi, razılıq və icazələri, eləcə də könüllü
və muzdluların Azərbaycanın suveren ərazilərində qalan Ermənistan ordusu ilə və
Ermənistanla əlaqələri barədə suallar verib.
Təqsirləndirilən
şəxs sualları cavablandırmaqdan imtina edib.
Daha sonra iş
üzrə şahidlər dindirilib. Məhkəmə iclasına sədrlik edən Zeynal Ağayev
dindirmədən əvvəl şahidlərə qanunvericiliklə nəzərdə tutulmuş hüquq və
vəzifələrini, o cümlədən yalnız həqiqəti danışmaq vəzifəsini izah edib.
Şahid qismində
ifadə verən, Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç 44
günlük müharibədən bir müddət sonra Ruben Vardanyanın Xankəndiyə gəldiyini
bildirib.
O,
R.Vardanyanın sponsorluq edərək Azərbaycana qarşı vuruşmaq üçün yaşı 45-50-dək
olan insanlardan ibarət dəstələr yaratdığını, onları maliyyələşdirdiyini bildirərək
deyib. “Çox sayda cavan insan gedib o qruplaşmalara yazılmışdı. Mənim üçün
maraqlı o idi ki, dünyada tanınmış biznesmen, oliqarx Ruben Vardanyan, – mən
demirəm ki, o, mənim düşmənimdir, yox, – nəyə görə öz biznesini qoyub Qarabağa
gəlmişdi?”.
Şahid bildirib
ki, Ruben Vardanyan Xankəndiyə gəldikdən sonra 44 günlük müharibədə
Azərbaycanın qaytardığı ərazilərin sərhədlərində onun maliyyəsi ilə minalanma
işləri aparılıb. O qeyd edib ki, həmin minalar Laçın yolu ilə Ermənistandan
Qarabağa gətirilib. “Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində
minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını
biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin
yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib.
Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”, -
deyə şahid əlavə edib.
O deyib ki,
Ruben Vardanyanın maliyyələşdirməsi nəticəsində Xankəndi ətrafında 2, Əsgəranda
isə 1 ədəd olmaqla, ümumilikdə 3 hərbi anbar yaradılıb. Həmin anbarların
yerləşdiyi yerə gedən yolu silahlı şəxslər mühafizə edirdilər. Həmin anbarlarda
Ermənistan ordusu, Qarabağdan seçilmiş hərbiçilər fəaliyyət göstəriblər.
Anbarlara Ruben tərəfindən Qarabağa gətirilmiş xeyli sayda silah və döyüş sursatı,
habelə pilotsuz kvadrakopterlər və digər pilotsuz uçuş aparatları toplanıb. Bu
barədə Xankəndidə çox adamın məlumatı olub və Ruben Vardanyan tərəfindən bütün
erməni sakinlərin silahlanaraq azərbaycanlılara qarşı vuruşması təbliğ edilib.
Ruben Vardanyanın bu silahlı dəstələri yaratmaqda məqsədi Azərbaycana qarşı
mübarizə aparmaq olub.
Şahidin
sözlərinə görə, Ruben Vardanyan Qarabağa gələnədək erməni sakinlər arasında
Azərbaycana inteqrasiya məsələsi ciddi formada yayılıb, insanlar Azərbaycanla
əlaqələr qurmağa çalışıblar. Bir çoxları Azərbaycanın tərkibində yaşamaq və
vətəndaşlıq almaq barədə ciddi fikirləşirdi.
2022-2023-cü
illərdə Ruben Vardanyanın Xankəndi şəhərində gələrək burada Azərbaycana qarşı
təbliğata başladığını söyləyən şahid deyib: “Ruben Vardanyanın gəlişindən sonra
erməni sakinlərdə Azərbaycana qarşı düşmənçilik meyilləri gücləndi. Ruben
Vardanyan erməni sakinlərin azərbaycanlılara nifrət etməsinə çalışırdı”.
Sonra digər
erməniəsilli şahid Qriqoryan Muşeq Qurgenoviç ifadə verib.
Şahid deyib ki,
Ruben Vardanyan Qarabağda qondarma rejimdə vəzifəyə təyin olunduqdan sonra
muzdlu döyüşçülərdən ibarət dəstələr toplamağa başlayıb. Daha sonra isə həmin
şəxslər Xocalı rayonunda yerləşən düşərgədə hərbi təlimlərə cəlb olunub.
“Əsgərlikdən yeni gəlmiş şəxslərin hərbi xidmətdə olan ixtisaslarını öyrənib və
onlardan istifadəyə yararlı olan şəxsləri dəstələrə cəlb edib. Əsasən
radiotexniki sahədə hərbi təcrübəsi olan əsgərlərin öz könüllü muzdlu
dəstələrinə qoşulmasını həyata keçirib. O, bu məqsədlə Xocalı rayonunun Badara
kəndi yaxınlığında dağlıq və meşəlik ərazidə çay kənarında əvvəllər “İdman
Turizmi Federasiyası”nın nəzdində olmuş düşərgədə hərbi təlim məntəqəsi
yaratdıraraq əsasən əsgərlikdən yeni gəlmiş gənclər, tələbələr və yuxarı sinif
şagirdlərinə hərbi təlimlər keçilməsini təşkil edib. Mən Vardanyanı başa
düşmürəm, əgər xalq üçün yaxşılıq edirsənsə, niyə silah alırsan, mina
basdırırsan, adamlara pul verirsən, düşərgə açırsan? Əgər silah yaxşı şeydirsə,
al apar evinə, övladların döyüşsün. Vardanyan elə bilirdi ki, Qarabağdakılara
yaxşılıq edib, amma onların evini yıxıb”, - deyə şahid vurğulayıb.
Məhkəmə
iclasında şahidlərin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ibtidai istintaq
zamanı verdikləri ifadələri elan olunub. Onlar ibtidai istintaqda verdikləri
ifadələrini təsdiqləyiblər.
Sonra
zərərçəkmişlər ifadə veriblər. Zərərçəkmiş Səyyad Ələkbərli Ruben Vardanyanı
media vasitəsilə tanıdığını, özünün Ermənistandan gətirilərək Azərbaycanın
suveren ərazilərində basdırılmış minaya düşərək xəsarətlər aldığını bildirib.
O, hadisənin 2023-cü ilin avqust ayında Xocalıda kənd təsərrüfatı işləri
görərkən baş verdiyini deyib.
Zərərçəkmişlər
Cəlal Quliyev, Rəvan Ağazadə, Nəriman Abışlı, Elbrus Əzimli, Elməddin Ağayev,
Faiq Əzizov, Səxavət İsmayıl, İsmayıl Hüseynov və İbrahim Həmidli Kəlbəcərdə
hərbi xidmət zamanı yaralandıqlarını bildiriblər.
Zərərçəkmişlərin
hər biri təqsirləndirilən şəxs Ruben Vardanyana ən ağır cəzanın verilməsini
məhkəmədən xahiş ediblər.
Məhkəmənin
növbəti iclası martın 18-nə təyin olunub.
Xatırladaq ki,
Ruben Vardanyan Azərbaycan Respublikası CM-in 100.1, 100.2 (təcavüzkar
müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini
deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla
yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə),
113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini
pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1,
120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə),
29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12
(qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3,
214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2
(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla
ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla
dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı
birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının
dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
tag: Erməniəsilli, Vardaryan, Azərbaycan, Məhkəmə, Terror, Araik, todaypress.az,