Elşad Mirbəşiroğlu: “Vaşinqton artıq Ermənistanı özünün forpostuna çevirib”
Siyasət
15.01.2025 14:25
“ABŞ Ermənistan üzərindən Cənubi Qafqaz regionunda öz mövcudluğunu genişləndirmək istəyir”.
Politoloq Elşad Mirbəşiroğlu bunu, ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişini TodayPress-ə şərh edərkən bildirib.
O, diqqətə çatdırıb ki, ABŞ-nin İraqdan sonra ən böyük səfirliyi məhz Ermənistandadır və dünya üzrə bu səfirliyin 2500-ə qədər əməkdaşı var:
“Səfirliyin tərkibində, həmçinin amerikalıların elit hərbi birləşməsi də mövcuddur. Yəni ABŞ Ermənistanda həm siyasi diplomatik, həm də hərbi cəhətdən öz mövcudluğunu yetərincə təmin edib. Belə reallıq çərçivəsində ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq sənədinin imzalanması aydın göstərir ki, gələcəkdə ABŞ Ermənistan ərazisində daha sərbəst fəaliyyət göstərəcək və bu da Cənubi Qafqaz regionunda gərginlik yaratmaq formasında ola bilər. Çünki ABŞ və onun müttəfiqləri ayrı-ayrı coğrafiyalarda məhz gərginliklər, münaqişələr yaradaraq öz mövcudluqlarını təmin edirlər. Sözsüz ki, bu, region dövlətlərinin təhlükəsizliyi üçün təhdid yarada bilər”.
Siyasətçi Ermənistan və Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) təmsil olunduğunu xatırladıb. O, qeyd edib ki, artıq Ermənistanın bu təşkilatda iştirakı simvolik xarakter daşıyır. Çünki rəsmi İrəvan adı çəkilən qurumdan uzaqlaşmaq istəyini həm ritorik, həm də praktik olaraq nümayiş etdirir. Bu da Rusiya ilə Ermənistan arasında gərginliyin artmasına gətirib çıxara bilər:
“Ermənistanın daxilində də imzalanan sənədlə bağlı narahatlığını ifadə edənlər mövcuddur. Burada ən diqqət çəkən məqamlardan biri də ondan ibarətdir ki, ABŞ ilə Ermənistan birgə sərhəddin mühafizəsini həyata keçirməyi nəzərdə tuturlar. Bildiyimiz kimi, Ermənistanın sərhəddində Rusiya sərhədçiləri xidmət göstərirdilər. Rusiya sərhədçiləri çıxdıqdan sonra ABŞ-nin Ermənistan sərhədlərinin nəzərəti həyata keçirməsi ondan xəbər verir ki, Vaşinqton artıq bu ölkəni özünün forpostuna çevirib. Bütün hallarda bu, Moskva ilə İrəvan arasında onsuzda gərgin vəziyyətdə olan münasibətlərə daha da mənfi təsir göstərəcək”.
E.Mirbəşiroğlu hesab edir ki, Bayden administrasiyasının “ömrünün bitməyinə” günlər qalmış belə addımlar atması gələcəkdə Tramp administrasiyanı müəyyən dilemalar qarşısında qoymaq, onu çətin vəziyyətə salmaq məqsədi daşıyır. O, tərəflər arasında imzalanan strateji tərəfdaşlıq sazişinə təsir edən amillərə də diqqət çəkib:
“Bildiyimiz kimi, ötən il, aprel ayının 5-də Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayen, ABŞ Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ermənistana əlavə təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı görüş də keçirilmişdi. Bu görüşdən sonra Ermənistanla ABŞ, Fransa və digər Avropa ölkələri arasında hərbi əməkdaşlıq sahəsində aktivlik də müşahidə olunub.
Maraqlısı odur ki, Ermənistan KTMT-nin üzvü olaraq, NATO-nun birinci dövləti olan ABŞ ilə strateji tərəfdaşlıq sənədini imzalayıb. Buna əsasən Amerikadan hərtərəfli yəni fəaliyyət sahələri, həmçinin hərbi sahə də dəstək gözləyir. Bu, da öz növbəsində Ermənistanın vəziyyətini daha da ziddiyyətli hala salacaq”.
Politoloqun sözlərinə görə, bütün bunlar bir daha göstərir ki, Qərb Qafqazda öz siyasi və hərbi mövcudluğunu Ermənistan üzərindən təmin etmək istəyir.
Qeyd edək ki, yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.
Günəş Mərd
tag: Ermənistan, ABŞ ,Mühafizə,Sərhəd ,Narahatlıq, todaypress.az,