Elman Nəsirov: “Bayden administrasiyası 4 il ərzində ermənipərəst siyasət həyata keçirib”

Siyasət

15.01.2025 16:11

“Baydenin Ermənistana qarşı olan isti münasibətindən sonra Trampın hakimiyyətə gəlişi onlara “soyuq duş” təsiri bağışlayacaq”.

Bunu TodayPress-ə verdiyi açıqlamada Milli Məclisin deputatı Elman Nəsirov deyib. Onun sözlərinə görə, yanvarın 20-də prezident Cozef Bayden öz postu ilə vidalaşacaq. Ona görə də son günlərini xüsusi olaraq dəyərləndirir:

“Məhz bu ərəfədə tələm-tələsik ölkə başçısının tapşırığı ilə Dövlət Katibi Antoni Blinken Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Vaşinqtonda strateji tələfdaşlıqla bağlı sənəd imzalıyıb. Bu hadisə bir daha onu göstərir ki, Bayden administrasiyası 4 il ərzində ermənipərəst siyasət həyata keçirib. Əgər o, növbəti dönəm üçün yenidən seçilsəydi yəqin ki, Ermənistanla daha geniş perspektivli addımlar atardı. Lakin buna vaxtı çatmadı”. 

Parlamentari bildirib ki, görünür Bayden ehtiyat edib ki, birdən Tramp bu yöndə heç bir adım atmaz. Çünki yeni administrasiya daha praqmatik siyasət həyata keçirir, həmçinin erməni lobbisi və diasporundan heç bir asılılığı da yoxdur: 

“Nəzərə alsaq ki, Tramp özü milyarderdir, eyni zamanda onun komandasında olan İlon Mask da dünyanın ən varlı insanıdır, bu baxımdan ermənilərin dollar və sentlərinə onların ehtiyacı yoxdur. Və bu məntiqlə söyləmək olar ki, Bayden Ermənistanla ABŞ arasındakı strateji dialoq siyasətini strateji tərəfdaşlığa qaldırmaqla həm də ermənilər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmiş oldu. Ancaq Trampın hakimiyyətə gəlişi ilə vəziyyət dəyişə bilər. O, artıq bildirib ki, səlahiyyətə başladığı ilk günlərdə 100-ə qədər sənədə imza atacaq və əvvəlki administrasiyanın imzaladığı bir çox sənədi ləğv edəcək”.

Siyasətçi Trampın ABŞ-nin 45-ci prezidenti olduğu illərə nəzər salmağı tövsiyyə edib. O, bildirib ki, Baydenin tapışırığı ilə imzalanmış bu sənəddən imtina edilməsi ehtimalı çox yüksəkdir. Çünki Birləşmiş Ştatların pratikasında belə hallar az olmayıb:

“Məsələn, 2015-ci ildə ABŞ İranla “5+1” formatında nüvə sazişi imzalamışdı. Amma 2018-ci ildə Tramp prezidentliyi dönəmində sələflərinin imzaladığı bu sənəddən imtina etdi. İstisna deyil ki, həmin bu tərəfdaşlıq sənədi ilə bağlı da eyni addımı atsın. Çünki Bayden administrasiyası faktiki olaraq Cənubi Qafqazda Ermənistana qarşı ukraynalaşdırma siyasəti həyata keçirirdi. Tramp isə ilk növbədə Rusiya-Ukrayna müharibəsini dayandırmağı əsas hədəf seçib. Bu məntiqlə də yanaşasaq, Tramp bu sənədin gələcəkdə imtinasına nail ola bilər”. 

Millət vəkili sonda diqqətə çatdırıb ki, artıq Ermənistandakı qüvvələr arasında narahatlıqlar başlayıb. Onlar əmindirlər ki, Tramp Bayden kimi olmayacaq. 

Qeyd edək ki, yanvarın 14-də ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb.

Töhfə Səməd

tag: ABŞ ,Ermənistan, Tramp, Bayden ,Elman Nəsirov, todaypress.az,