“Düşmənin atəş açdığı mövqelər məhv edilməlidir” - Hərbi ekspert
Siyasət
19.08.2024 12:20
“Ermənistan son zamanlar Azərbaycanla şərti dövlət sərhəddində son dərəcə aqressiv davranır. ABŞ və Fransadan alıdığı silahlar hesabına cəsarətlənən Ermənistan ordusu növbəti münaqişə ocağı yaratmaq üçün əlindən gələni edir”.
Hərbi ekspert Ədalət Verdiyev bunu, TodayPress-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, atəşkəs pozulmaları yaxın perspektivdə asanlıqla növbəti eskalasiyaya çevrilə bilər:
“Bunun qarşısını almaq üçün Azərbaycan tərəfi preventiv tədbirlər görməlidir. Ermənistanın bu addımları ABŞ-nin Ermənistana verdiyi hərbi dəstəklə bağlıdır. Bu dəstək Ermənistan hakimiyyətini və digər revanşist qüvvələri kifayət qədər cəsarətləndirir. Nəticədə Ermənistanın ərazidə növbəti eskalasiyası qaçılmazdır”.
Ekspert qeyd edib ki, mövqelərimizin intensiv atəşə tutulması Azərbaycan əsgərlərinin həyat və sağlamlığına çox ciddi risklər yaradır. Bu risklərin aradan qaldırılması üçün düşmənin atəş açdığı mövqelər dərhal Azərbaycan ordusu tərəfindən məhv edilməldir:
“Həmin mövqelər Azərbaycan üçün əhəmiyyət daşıyırsa, o zaman həmin mövqelərdə ordumuzun əsgərləri və bayrağımız yerləşdirilməlidir. Yox əgər həmin o atəş açılan mövqelərin bizim üçün strateji əhəmiyyəti yoxdursa, demək həmin düşmən mövqelərinə bir daha erməni əsgərlərinin yerləşməsinə imkan verməməliyik”.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri avqustun 18-i ordumuzun Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ləkətağ və Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Avqustun 19-u isə Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
Günəş Mərd
tag: Azərbaycan, Ermənistan, Atəş,ABŞ, Fransa,Ədalət Verdiyev, todaypress.az,