David İşxanyandan etiraf: Azərbaycan hərbçilərinə qarşı döyüşdüyümə görə ordenlə təltif olunmuşam
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində
olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 3-də
davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi
Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar
Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə
iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,
həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Məhkəmə
prosesində dövlət ittihamını müdafiə edən prokurorlar tərəfindən qondarma
rejimin “parlament sədri” və digər “vəzifələrdə” işləmiş Davit İşxanyana
suallar ünvanlanıb.
Təqsirləndirilən
şəxs cinayətkar birliyin tərkibində funksiya və vəzifələri, Azərbaycanın
vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində hakimiyyətin
zorla ələ keçirilməsi, qondarma rejimin “parlamenti”nin fəaliyyəti, onun həmin
“qurum”da “deputat” və “parlament sədri” kimi funksiya və vəzifələri, qanunsuz
silahlı birləşmə olan “özünümüdafiə batalyonu”nun tərkibində iştirak dərəcəsi
və rolu, “Daşnaksütyun” partiyasının ideologiyası, fəaliyyət istiqamətləri,
siyasi əlaqələri, partiyanın Azərbaycanın işğaldan azad edilmiş suveren
ərazilərində fəaliyyəti, onun partiya daxilində vəzifəsi və rolu, habelə qeyd
olunan proseslərdə Ermənistan dövlətinin, onun dövlət qurumlarının, silahlı
qüvvələrinin, yüksəkvəzifəli şəxslərinin rolu və iştirakına dair sualları
cavablandırıb.
O, dövlət
ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən 1992-ci ilin
yayından qondarma rejimdə “tabor komandiri” vəzifəsini tutduğunu və Azərbaycana
qarşı müharibədə iştirak etdiyini etiraf edib.
D.İşxanyan
“Daşnaksütyun” partiyasının fəal üzvü olduğunu, iki il müddətində qondarma
rejimin “parlamenti”ndə partiyanın “fraksiya rəhbəri” “vəzifəsini” icra
etdiyini deyib.
Təqsirləndirilən
şəxs 1992-ci ilin yayında Azərbaycana qarşı müharibəyə də “Daşnaksütyun”
partiyasının üzvü kimi qoşulduğunu etiraf edib.
David İşxanyan
dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarını cavablandırarkən qondarma rejimin “ordusu”nun idarə olunmasının
“özünümüdafiə komitəsi” tərəfindən həyata keçirildiyini bildirərək deyib:
“Rəhbərlər Serj Sarkisyan və Samvel Babayan idi. Amma idarəetmə mexanizmi ilə
bağlı bir şey deyə bilmərəm”.
O, Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarını cavablandıran zaman qeyd edib ki, Birinci Qarabağ
müharibəsində “tabor komandiri” olarkən Monte Melkonyana tabe olub.
D.İşxanyan
müharibə zamanı Ağdərədə, Xocavənddə, Kəlbəcərdə, Ağdamda Azərbaycan
hərbçilərinə qarşı döyüşdüyünü etiraf edib.
“Xocavənddə 8
tabor var idi, mən də onlardan birinin “komandir”i idim. Səkkiz tabor rayonun
“müdafiə xətti”nə tabe idi, onun rəhbəri Monte Melkonyan, “ordu”nun komandiri
isə Samvel Babayan idi” deyə o bildirib.
Məhkəmə
prosesində dövlət ittihamçısı Fuad Musayev Azərbaycanın dövlət suverenliyi
təmin olunduqdan sonra 2023-cü ilin oktyabrında təqsirləndirilən şəxs David
İxşanyana məxsus “Park” adlı hoteldə silah-sursat və rabitə vasitələri aşkarlandığını
bildirərək ona bu barədə sual ünvanlayıb. D.İşxanyan rabitə vasitələrinin
hotelə məxsus olduğunu deyərək silah-sursatla bağlı məsələdə isə digər erməni
sakinləri günahlandıraraq qeyd edib: “Mənim fikrimcə, hadisədən bir həftə əvvəl
Ağdərədən gəlmiş sakinlər həmin hoteldə məskunlaşmışdılar. Ehtimal ki, onlar
qoyublar”.
Təqsirləndirilən
şəxs İkinci Qarabağ müharibəsində Azərbaycanın həmin vaxt işğal altında olan
Xocavənd rayonunda hərbi hissədə hərbçilərlə görüşdüyünü etiraf edib: “Orada
kiçik oğlum xidmət edirdi. Həm də “deputat” olaraq bu işləri görmək borcum
idi”.
O, Azərbaycan
hərbçilərinə qarşı döyüşdüyünə görə təltif olunduğunu da bildirərək deyib:
“Döyüş xaçı” ordeni təbii ki, mənim döyüş fəaliyyətlərimə görə verilib”.
D.İşxanyan
dövlət ittihamçısının “Siz 2023-cü il avqustun 30-da mətbuat konfransında
bildirmisiniz ki, Rusiya, İran, Fransa, ABŞ və Avropa ölkələrinin parlament
rəhbərlərinə açıq məktublar göndərərək, onları Azərbaycana təzyiq göstərməyə
çağırmısınız. Bu məktubların məzmunu nə idi? Azərbaycana hansı istiqamətdə
təzyiq göstərməyə çağırırdınız?” sualına isə belə cavab verib: “Bəli, mən belə
məktublar göndərmişəm. Amma o məktubların ünvanına çatıb-çatmadığını bilmirəm”.
Təqsirləndirilən
şəxs dövlət ittihamçısı Vüsal Abdullayevin Ermənistanın Azərbaycana hərbi
təcavüzünün məqsədi barədə sualını isə belə cavablandırıb: “O dövr üçün mən
deyə bilmərəm, çünki o vaxt çox gənc idim. Amma yetkinləşdiyim dövrdə strateji
məqsədlərin, strateji prinsiplərin nə olduğunu artıq başa düşmüşdüm. Strateji
məqsəd Qarabağın Ermənistana birləşdirilməsi idi”.
D.İşxanyan
Ruben Vardanyanla tanışlığından, sahibi olduğu hoteldə qalmasından da danışıb:
“Vardanyanla 2010-cu, yaxud 2011-ci ildə tanış olmuşam, hotelimizi sevirdi. O,
“dövlət naziri” olan ərəfədə, ya da sonra hoteldə görüşlər keçirirdi”.
O, doğum
haqqında şəhadətnaməsində Azərbaycan SSR-də anadan olmasının yazıldığını, lakin
Ermənistan Respublikasının vətəndaşı olduğunu söyləyərək bildirib: “Sovet
İttifaqı dağılandan sonra 150 minlik erməni sakin kimi, mən də Ermənistan
Respublikasının vətəndaşlığını qəbul etdim. Məndə Ermənistan Respublikasının
pasportudur. Mən Ermənistan Respublikasının vətəndaşıyam. Bu, mənim istintaq
orqanında olan pasportumda da qeyd edilib”.
Məhkəmənin
növbəti iclası aprelin 4-nə təyin olunub. Növbəti proses təqsirləndirilən
şəxslərə sualların verilməsi ilə davam etdiriləcək.
Qeyd edək ki,
Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Ermənistan, Məhkəmə, Azərbaycan, Terror, todaypress.az,