Çingiz Qənizadə: “AŞPA siyasiləşdirilmiş təşkilata çevrilib”

Siyasət

30.01.2025 15:05

“Avropa Şurası Parlament Assambleyası (AŞPA)  artıq insan haqları, demokratiya və plüralizmin qoruyucusundan siyasiləşdirilmiş təşkilata çevrilərək dövlətlərin müəyyən siyasətini həyata keçirməklə məğuldur”.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bunu AŞPA-Azərbaycan münasibətlərini TodayPress-ə şərh edərkən bildirib.   

Onun sözlərinə görə, təşkilatın Azərbaycanla bağlı ədalətsiz və qərəzli mövqeyi münasibətlərin korlanmasına gətirib çıxaran əsas faktorlardan biri olub. Eyni zamanda AŞPA tərəfindən verilən səhv qərarlar təşkilatın indi də Azərbaycana qarşı qərəzli mövqeyini açıq şəkildə nümayiş etdirir: 

“Azərbaycana qarşı münasibətdə AŞPA tərəfindən çox ciddi səhvlərə yol verilib. Verilən ədalətsiz qərarla Azərbaycan nümayəndə heyətinin qurumdan uzaqlaşdırılması ilə bağlı 1 illik qərar qəbul edilib. Növbəti sessiyada Azərbaycan nümayəndə heyətinin iştirak edib-etməməsi artıq aydınlaşıb. Çox güman ki, iştirak etməyəcəklər və burada da günah AŞPA-nın üzərindədir. Bir illik uzaqlaşdırılma qərarının verilməsi məhz siyasi təzyiqlər nəticəsində bir qrup deputatın səs verməsi ilə reallaşıb.

Yəni bütün AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanla bağlı bu qərarın lehinə səs verməyiblər. Hətta bəzi dövlətlərin nümayəndə heyətləri AŞPA sədrinə müraciət edərək bu cür yanaşmanın qəbul edilməzliyini xatırladıblar”.

Hüquq müdafiəçisi diqqətə çatdırıb ki, Azərbaycan və AŞPA arasındakı münasibətlərin bərpa olunması üçün təşkilat Azərbaycana qarşı birmənalı qarşılanmayan mövqeyindən əl çəkməlidir:   

“Münasibətlərin bərpa edilməsi üçün əvvəlcə AŞPA Azərbaycan tərəfindən verilən tələbləri yerinə yetirməlidir. Azərbaycana obyektivlikdən uzaq qərarların qəbul edilməsində maraqlı olmamalarını qeyd etməli və siyasiləşmiş deputatların hazırladığı sənədlərə reaksiya verməməlidir. Sirr deyil ki, Azərbaycana qarşı bu cür sənədlər bir qrup deputat tərəfindən hazırlanır. Həmin sənədlər təhlil olunmalı və gündəliyə salınmamışdan öncə bu məsələlər ətraflı müzakirə edilməlidir. Eyni zamanda Azərbaycana qarşı qara yaxma kampaniyalarına son qoyulmalıdır”. 

Qeyd edək ki, yanvarın 27-də Avropa Şurası Nazirlər Komitəsinin hazırkı sədri,  Lüksemburqun xarici işlər naziri Ksavye Bettel Parlament Assambleyasının Strasburq sessiyasında çıxış edərkən bildirib ki, o, Assambleya və Azərbaycan parlament nümayəndə heyətlərinin tezliklə əlaqələrin bərpası üçün ümumi dil tapacaqlarına ümid edir. 

Xatırladaq ki,  AŞPA 2024-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycanın qurumdakı nümayəndə heyətinin etimadnaməsini təsdiqləməyib, onun fəaliyətinə birillik “embarqo” tətbiq edib. Buna cavab olaraq, Azərbaycan nümayəndə heyəti təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırması barədə bəyanat verib.   

Nicat Osman 

tag: Çingiz Qənizadə,AŞPA,Azərbaycan,Hüquq müdafiəçisi,Todaypress.az,