Cinayətlərin törədilməsində təqsirləndirilən ermənilərin məhkəməsi davam etdirilir
Ermənistanın hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin
barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesi fevralın 20-də davam
etdirilib.
TodayPress
xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər - Zeynal Ağayevin sədrliyi
ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel
Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri
bildikləri dildə tərcüməçi, habelə müdafiələri üçün vəkillərlə təmin olunub.
Məhkəmə
iclasında təqsirləndirilən şəxslər və onların müdafiəçiləri, zərərçəkmiş
şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, habelə dövlət
ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal
Ağayev təqsirləndirilən şəxslərin hər birinə onlara qarşı irəli sürülmüş hər
bir ittihamın mahiyyətini, onlara istinad olunan əməllərin hüquqi tövsifini,
həmin əməllərə görə cinayət qanunu ilə nəzərdə tutulan cəzanı və
təqsirləndirilən şəxslərin malik olduqları hüquqları izah edib, habelə özlərini
tam və ya qismən təqsirli, yaxud təqsirsiz bilib-bilməmələrinə dair suallar
ünvanlayıb.
Məhkəmə
iclasının əvvəlində təqsirləndirilən şəxs Arayik Harutyunyanın vəkili məhkəməyə
müraciət edərək hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüş keçirmək
istədiyini bildirib. Məhkəmə vəsatəti təmin edərək konfidensial görüş üçün
şərait yaradıb.
Təqsirləndirilən
şəxslərin heç biri onlara elan olunmuş ittihamlar üzrə özlərini təqsirli
bilmədiklərini qeyd edib.
Təqsirləndirilən
şəxslərdən Arayik Harutyunyan bir qədər geniş danışaraq baş vermiş cinayət
hadisələri ilə bağlı təəssüf hissi keçirdiyini bildirib. O deyib: "Mən
prokurorluq tərəfindən təqdim edilmiş ittihamlarla tanış olmuşam. Son 34 il
ərzində Qarabağda hansı proseslərin baş verməsindən xəbərdaram. Təəssüf edirəm.
Münaqişə Sovet İttifaqının xüsusi xidmət orqanları tərəfindən təhrik edilib.
Ona görə də biz özümüzü qurban hesab edirik”.
Daha sonra Baş
prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq
edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.
Digər proses
iştirakçıları, o cümlədən təqsirləndirilən şəxslər və onların müdafiəçiləri
ittiham tərəfinin təklifini dəstəkləyiblər.
Məhkəmə
iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə
məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.
Bundan sonra
təqsirləndirilən şəxslərə məhkəmə tərəfindən müəyyən edilmiş ardıcıllıqla
sərbəst ifadə vermək təklif olunub. Təqsirləndirilən şəxslər və onların
müdafiəçiləri məhkəməyə müraciət edərək ifadə vermək üçün hazırlaşmaq və onlara
təqdim olunmuş cinayət işi materiallarını yenidən nəzərdən keçirmək üçün əlavə
vaxt istəyiblər.
Məhkəmə onların
xahişini təmin edərək iclası təxirə salıb.
Məhkəmənin
növbəti iclası fevralın 24-nə təyin olunub.
Növbəti məhkəmə
iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın sərbəst ifadəsi ilə başlayacaq.
Qeyd edək ki,
Ermənistan dövlətinin onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati,
Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki,
Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan
Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə
və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Ermənistan,Təcavüz, Azərbaycan, Terror,Vardaryan, todaypress.az,